Təcrübə Proqramı-8 uğurla başa çatdı
Kaspi Təhsil Şirkəti Təcrübə proqramlarını davam etdirir
Kaspi Təhsil Şirkətinin həyata keçirdiyi Təcrübə Proqramları gənclərin bilik, bacarıq və təcrübələrini artırmaq, təhsilin inkişafında baş verən yeni çağırışlarla ayaqlaşmaq, şagird-müəllim ünsiyyətinin birbaşa iştirakçısı olmaq, real məktəb mühitində nəzəriyyəni təcrübəyə çevirmək istiqamətində peşəkar təcrübədir. 8-ci buraxılışı keçirilən növbəti Təcrübə Proqramı müxtəlif fənnlər üzrə uğurla başa çatıb. Təcrübəçilər Proqramda iştirak etməklə nəzəri biliklərini təcrübəyə çevirmək, peşəkar bacarıqlarını artırmaq imkanı əldə ediblər. Kaspi Təhsil Şirkətinin filiallarını, bağça və liseylərini əhatə edən Proqramda iştirak hüququ qazanmış gənclər təcrübə müddətində şirkətin müxtəlif müəssisələrində peşəkar komanda ilə birlikdə iş mühitində və yüksək ixtisaslı müəllimlərin nəzarəti altında təcrübə keçiblər.
Yüksək səviyyədə əməkdaşlıq
“Təcrübə Poqramı-8”-in yekun tədbirində qeyd edildi ki, Proqram ilk dəfə olaraq iki hissəli həyata keçirilib. Proqram çərçivəsində təcrübəçilər tədbirlər, açıq dərslər, iclaslar, görüşlər və təlimlərdə iştirak ediblər. Birinci hissədə proqramı 32 nəfər başa vurub və 8 nəfər 2-ci hissəyə davam edib. Proqramın ikinci hissəsini ümumilikdə 82 təcrübəçi başa vurub. 5 aya yaxın davam edən ikinci mərhələdə həmçinin Azərbaycann Dillər Universiteti (21 tələbə), Qərbi Kaspi Universiteti (16 tələbə) və “İrəli” İctimai Birliyi (4 nəfər) ilə əməkdaşlıq həyata keçirilib.
“İrəli” İctimai Birliyinin mütəxəssisi Sara Şükürova əməkdaşlığı yüksək dəyərləndirdi: “Bu, bizim təhsil şirkəti ilə ilk əməkdaşlığımızdır. Çox uğurlu keçdi. Əminəm ki, əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik”.
Qərbi Kaspi Universitetinin təcrübə rəhbəri Jalə Qəniyeva Kaspi Şirkəti ilə əməkdaşlıqdan məmnun olduqlarını qeyd etdi: “Təcrübə müddətində tərəfdaş kimi Kaspi-nin öz işinə məsuliyyət və peşəkarlıqla yanaşdığını müşahidə etdik. Öz təcrübəçilərimizlə daim maraqlandıq və onların prosesdən razı olduqlarına əmin olduq. Ümid edirik ki, bundan sonra da əməkdaşlıq edəcəyik!”
Sistemli və keyfiyyətli
Kaspi Liseyinin Təcrübəçilərlə İş üzrə mentoru Xalid Quliyev qeyd etdi ki, Təcrübə Proqramı sistemli və keyfiyyətli şəkildə həyata keçib. Belə ki, proqramın davam etdiyi müddətdə təcrübəçilərə peşəkar müəllimlər tərəfindən yaxşı dərs keçməyin sirri, şagirdlərlə davranış, ünsiyyət, yeni metodlar və s. təcrübələr öyrədilib: “Təcrübəçilər təhsil aldıqları ali məktəbdə nəzəriyyəni öyrənsələr də praktik bilik fərqlidir. Onlar bu təcrübəyə yiyələndilər. Gənclər təcrübə müddətində o qədər fəallıq göstərdilər ki, hətta qısa müddətdə “Açıq dərs keçmək istəyirik”- deyə müraciət etdilər. İnanıram ki, təcrübəçilər ölkəmizin nüfuzlu təhsil müəəssisələrində öz yerlərini tapacaqlar”.
İnsan Resursları və Təlim Departamentinin rəhbəri Xalidə İsayeva qeyd etdi ki, Təcrübə Proqramının 8-ci buraxılışı 8 Noyabr Zəfərinə və Şuşa İlinə həsr olunduğu üçün daha önəmlidir: “Bu il həmçinin Kaspi Təhsil Şirkətinin 15 illik yubileyidir. Məqsədimiz Təhsil Şirkətinin əsas xətti olaraq layiqli bir nəsil və vətəndaş yetişdirməkdir. Fəaliyyətimizdə bu məqsədi əsas tutmuşuq. Elə bilirəm, təcrübçilərimizin də timsalında buna nail olduq. Biz təcrübəçilərlə əməkdaş kimi işə başladıq. Proqram Kaspi Təhsil Şirkətinin müvafiq kadrlara olan tələbatını ödəməkdə də rol oynayır. Təcrübəçilərə gələcək fəaliyyətində uğurlar arzulayıram!”
İnsan Resursları və Təlim Departamentinin supervayzeri Fatimə Səfərova Təcrübə Proqramının gənclərin həyatındakı əhəmiyyətinin yüksək olduğunu qeyd etdi: “Bu proqram sizin iş fəaliyyətiniz üçün başlanğıcdır. Ən böyük təcrübəni gələcək iş prosesində qazanacaqsınız. Bu təcrübə isə işinizdə mühüm rol oynayacaq”. F.Səfərova təcrübəçilərə tövsiyələrini də səsləndirdi: “Həmişə özünüzü sınamağa çalışın. Müəllim olmamışdan əvvəl düşünün. Bəlkə sahibkar, mühəndis olsanız və ya başqa sahəni seçsəniz daha böyük uğur qazanacaqsınız. Həmişə müxtəlif təcrübə proqramlarında, təlimlərdə iştirak edin, fərqli istiqamətlərdə düşünün. Uğuru yalnız çalışmaq, zəhmət və seçdiyin sahəyə sevgi ilə qazanmaq olur”.
Səmimi kollektiv, peşəkar yanaşma
Tədbirdə KTP-8-in təcrübəçilərinin bəziləri ilə müsahibənin videoçarxı təqdim olundu. Təcrübəçilər onlara ünvanlanan suallara cavab olaraq ”Təcrübə Proqramı inkişafımız üçün böyük şans idi. Bu, həyatımızın dönüş nöqtəsi oldu. Yeni, kreativ metodlar, yanaşmalar öyrəndik. Sistemli dərs keçirilməsi, kollektivin səmimiyyəti, müəllimlərin uşaqlarla ünsiyyəti bizim üçün böyük təcrübə oldu. Əminliklə deyə bilərik ki, Kaspi-də təkcə təhsilə önəm verilmir, həm də şagirdlər şəxsiyyət kimi yetişdirilir”- deyə gənclər Kaspi-də keçdikləri təcrübənin əhəmiyyətini yüksək dəyərləndirdilər. Təcrübə Proqramının iştirakçılarının KTP-9-a qoşulacaq təcrübəçilərə tövsiyələri də eşidildi: “Kaspi-də müəllimlər dostunuz olacaq. Burada təşkil edilən şəraiti hamı dəyərləndirməlidir. Təcrübə keçmək istəyənləri tərəddüd etmədən növbəti Proqramda iştirak etməyə çağırırıq!”
İqtisad Universitetinin məzunu Fidan Əlizadə kaspi.edu.az-a açıqlamasında ixtisasını dəyişmək niyyətində olduğunu bildirdi: “Həyatımda dəyişiklik istədiyim üçün Təcrübə Proqramında iştirak etdim. Tədrisi daha çox sevirəm. Bu proqram müəllimlik haqqında təsəvvürlərimi daha da zənginlşdirdi. Sinfə daxil olub, uşaqlara dərs keçməyə artıq özümü hazır hesab edirəm. Buna görə təşkilatçılara minnətdaram!”
Təcrübə Proqramını uğurla başa vuran Nüşabə Mütəllimova Azərbaycan Pedaqoji Universitetinin 2-ci kurs tələbəsidir: “Kaspi-də keçdiyim təcrübə gələcək xəyallarımı reallaşdırmaq üçün fürsət oldu. Səmimi kollektiv və peşəkar insanların əhatəsində oldum. Gələcəkdə bu kollektivlə birlikdə işləməyi arzulayıram”- deyə qeyd etdi.
Naxçıvan Dövlət Universitetinin məzunu Zeynəb Həsənova bildirdi ki, ali məktəbi bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar həyatında müəyyən fasilə yaranıb. Təcrübəsini zənginləşdirmək üçün Kaspi Təcrübə Proqramına qatılıb: “Yeni təhsil metodları ilə ayaqlaşmaq, tədris proqramlarına bələd olmaq, sinfin ab-havasını duymaq və peşəkarlardan öyrənmək üçün proqrama qoşuldum. 5 ay müddətində xeyli təcrübə əldə etdim. İnanıram ki, gələcək iş fəaliyyətimdə bu təcrübə mənim üçün mühüm rol oynayacaq”.
Cambridge İmtahan Mərkəzinin meneceri Şəhla Quliyevanın təcrübəçilər üçün “Davamlı Peşəkar İnkşaf”la bağlı təqdimatı da maraqla qarşılandı. Tədbirdə təcrübəçilər üçün maraqlı təqdimatlar, oyun və Breyn-Rinq yarışı da keçirildi.
Sonda təcrübəçilərə Sertifikatlar təqdim olundu.
Kaspi Təhsil Şirkəti olaraq Təcrübə Proqramında iştirak edən təcrübəçiləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Kaspi.edu.az