XƏBƏRLƏR

Ey məktəb, sən necə əzizsən bizə!

Kaspi Ağ Şəhər Liseyində “Əlifba bayramı” keçirildi

“Biz birincilərin həyatında ən mühüm gündür. Biz 1-ci sinfi bitirib növbəti sinfə qədəm qoyuruq. 1-ci sinif bizim biliklərə yiyələnməyimizdə layiqli təməl oldu”. Kaspi Ağ Şəhər Liseyinin Azərbaycan və rus bölmələri üzrə 1-ci  sinif şagirdlərinin “Əlifba bayramı” uşaqların sevinclərini ifadə etmək üçün gözəl tribuna oldu. “Sevgi ilə böyüdük bu məktəbdə”- deyə oxuyan uşaqlar müəllim və valideynlərinə minnətdarlıq hisslərini dilə gətirdilər.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva şagird və valideynləri təbrik etdi: “Biz bu uşaqlarda özgüvənlik hissini tərbiyə etmişik. Əziz valideynlər, övladlarınızı bizə etibar etdiyiniz üçün bu etimada layiq olmağa çalışdıq. Biz uşaqlara Vətəni, dövləti sevməyi, biliklərə yiyələnməyin vacibliyini, komanda şəklində işləməyi öyrətmişik. Zaman sürətlə keçir. Bu uşaqlar da bir gün böyüyüb bu məktəbi məzun kimi tərk edəcəklər. Biz onlara ölkəmiz üçün yaxşı mütəxəssis və ən əsası layiqli vətəndaş olmağı arzulayırıq!”

Liseyin direktoru Səbinə Əliyeva: “Sizin arzularınızın həyata keçməsi üçün əlimizdən gələni edəcəyik” deyə birincilərə səsləndi: “Çalışacağıq ki, siz elmin sirlərinə yiyələnəsiz, təhsildə uğurlar qazanasınız, Vətənimizi, millətimizi sevəsiniz. Sizin uğurunuz bizim uğurumuzdur!”

Birincilərin sinif rəhbəri Laçın Nİftəliyeva ilk buraxılışının həyəcanını bölüşdü: “Sevinirəm ki, bu uşaqlar Vətən sevgisini başa düşdülər, oxumağı, yazmağı öyrəndilər. İnanıram ki, onlar təhsilin digər pillələrində də uğurla davam edəcəklər”.

Həyat yoldaşı Vətən Müharibəsində şəhid olan Könül Mikayıllı da övladı Ağa Mikayıllının 1-ci sinfi məhz Kaspi Liseyində başa vurmasından qürurlanır: “Şanslıyam ki, oğlum məhz Kaspi Liseyində oxuyur. Bu məktəbdə şagirdlərin milli ruhda böyüməsi, biliklərə hərtərəfli yiyələnməsi üçün hər çür şərait yaradılıb. Məktəbin rəhbərliyinə və müəllimlərə sonsuz təşəkkür edirəm!”

Valideyn Zeynəb İsmayılovanın isə Kaspi Liseyində 5 övladı təhsil alır. Sonuncu qızı Əsma İsmayılzadənin 1-ci sinfi bitirməsini ailə sevinclə qeyd edir: “Övladlarımın təhsilini Kaspi Liseyinə etibar etmişəm. Təhsillərindən razıyam. Lisey uşaqlarımıza özgüvən verib. Müəllimlər tədris etdikləri fənləri uşaqlara sevdirməyi bacarırlar. Övladlarımın bu liseydə təhsil almasına görə qürur duyuram”.

Birincilər tədris ili boyunca öyrəndikləri mahnıları, şeir və nəğmələri şövqlə təqdim etdilər. “Əlifba bayramı” şagirdlər üçün təhsilin növbəti pillələrinə uğurlu körpüdür.

Əlifba bayramınız mübarək, əziz birincilər!

Kaspi.edu.az

 

14.06.2022