XƏBƏRLƏR

Əziz Şuşa, sən azadsan!

Kaspi Təhsil Şirkətinin “Şuşa İli”nə töhfəsi

“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.  Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Bu tarixi sözləri Ali Baş Komandan İlham Əliyevin dilindən eşitdiyimiz gündən bizi uzun tarix ayırmır. 8 Noyabr 2020-ci ildə hamımıza sevinc göz yaşları yaşadan bu sözlər səslənəndə təkcə Azərbaycan xalqına deyil, bütün dünya azərbaycanlılarına qürurlu və şərəf dolu anlar bəxş etdi.  Şəhidlərimizin qanı, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi, Ali baş Komandan İlham Əliyevin ətrafında xalqın dəmir yumruq kimi birləşməsi bizə 30 ildən sonra böyük Zəfərin qürurunu yaşatdı. Tariximizə Zəfər günü kimi həkk olan Şuşa Zəfəri xalqımızın qəhrəmanlıq dastanına çevrildi.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu Zəfərin layiqli davamı oldu.

Şuşa Azərbaycanın gözüdür

Kaspi Təhsil Şirkətinin ayrı-ayrı müəssisələri “Şuşa İli” ilə bağlı silsilə tədbirlərini davam    etdirməklə Zəfər ilinə töhfəsini verir.

Rus Dram Teatrında “Şuşa İli”nə, Kaspi Təhsil Şirkətinin 15 illiyinə və Məzun Gününə həsr olunan vətənpərvərlik tədbirinin əsas qayəsi də bu yaşantıların daha geniş auditoriyada təqdimatı idi.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Şəhid ailələrinin, qazilərin, liseyin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdiyi tədbirdə 44 günlük Vətən müharibəsində gənclərimizin misilsiz şücaətindən, qəhrəmanlığından söz açıldı. Ulu öndər Heydər Əliyevin “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”- fikirlərinin yer aldığı video Şuşa şəhərinin Azərbaycan üçün nə qədər müqəddəs olmasını bir daha təsdiqlədi. Ümummilli liderin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini səsləndirən Ulu öndərin ruhu indi rahatdır. Azərbaycanın Silahlı Qüvvələri “Qarabağ Azərbaycandır” şüarı ilə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdilər.

İndi təkcə ölkəmizin hər yerində deyil, dünya ölkələrində də “Əziz Şuşa, sən azadsan!” adı altında keçirilən mütəmadi tədbirlər dünyaya səpələnən azərbaycanlıları birliyə, gənclərimizi vətənpərvərliyə səsləyir.

“Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

“Şuşa ili” ilə bağlı Kaspi Liseylərində təşkil edilən silsilə tədbirlərin, sərgi və müsabiqələrin yekunu qalib şagirdlərin mükafatlandırılması ilə sonuclandı. Ən həyəcanlı məqam isə qaliblərə  mükafatların şəhid anaları və onların ailə üzvləri tərəfindən təqdim edilməsi oldu. Qeyd edildi ki, Lisey şagirdlərinin foyedə sərgilənən vətənpərvərlik ruhunu əks etdirən rəsm əsərlərindən əldə ediləcək gəlir Qarabağ Dirçəliş Fonduna köçürüləcək.

Şuşa İli, 15 illik yubiley, Məzun Günü

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva doğma Qarabağın, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və qürür hissləri bəxş etdiyini söylədi: “Şuşa, sən azadsan!” sözlərində “Dəmir yumruğun” gücü, millətimizin ürək ritmi duyulur.  Bu xəbər bizim üçün müjdə oldu.  Torpaqlarımızın işğaldan azad olması xəbərini sevinc göz yaşları ilə qarşıladıq. Şuşaya Zəfər yolu salındı. Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin məhz “Şuşa ili” elan edilməsi çox mütərəqqi addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır”. S.Vəliyeva ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa dilədi: “Biz şəhid ailələrinin qarşısında ona görə baş əyirik ki, bu torpaqlar onların övladlarının, ailə üzvlərinin qanı bahasına alındı. Torpağı Vətən edən onun insanlarıdır. Torpağı unutmağa qoymayan azərbaycançılıq ideologiyasıdır”. S.Vəliyeva “Şuşa ili”ndə məzun olan şagirdləri təbrik etdi: “Siz “Şuşa İli”nin məzunlarısız. Sizin məzun olduğunuz il bu qürurlu tarixə təsadüf etdi. Bu, Kaspi müəssisələrinin 15 illiyinə ən böyük töhfədir. Siz intellektli və vətənpətvər gənclər kimi məktəbimizi tərk edirsiniz. Sizə işıqlı yol arzulayırıq. Harda olsanız, sizin Vətənimizə layiqli övlad,  savadlı mütəxəssis olacağınıza inanırıq!”

Vətənpərvərliyin tərənnümü

Tədbirdə şagirdlərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirildi, ədəbi-bədii kompozisiya təqdim edildi. Lisey şagirdlərinin “Şuşa ziyalıları”, “Ana yuxusu” və s. səhnəcikləri,  “Gözün aydın, Azərbaycan, “Müjdə Şuşam, biz gəlirik” şeirləri, xor kollektivinin ifasında səslənən “Vətəndən pay olmayır”,  “Bu gözəl Vətən bizimdir” musiqiləri, rəqslər, “Zəfər” mahnısı, Kaspi Musiqi Məktəbinin şagirdlərinin ifa etdikləri muğamlar gecəyə xüsusi ovqat bəxş elədi. Hərbi geyimli şagirdlərin çıxışları onların sabahın igid əsgər və zabiti olmalarından, Vətəni sonsuz məhəbbərlə sevmələrindən və onu qorumağa hər zaman hazır olmalarının ifadəsi oldu.

Tədbirin sonunda səhnəyə dəvət olunan məzunlar Vətənin bütövlüyünə xidmət edəcəklərinə, dünyanın harasında olmalarından asılı olmayaraq milli-mənəvi dəyərlərə sadiq qalacaqlarına, keçmişimizlə qürur duyacaqlarına and içdilər. Liseyin 10-cu sinif şagirdlərinin Üçrəngli Bayrağımızı məzunlardan təhvil alması isə dəyərlərimizə sadiqliyin və yüksək vətənpərvərlik hisslərinin tərənnümü idi.

Kaspi.edu.az

17.06.2022