XƏBƏRLƏR

"Şuşa İli"nin məzunları

Kaspi Ağ Şəhər Liseyində “Son zəng” çalındı

Kaspi Təhsil Şirkətinn Ağ Şəhər Liseyində “Məzun-2022” tədbiri təkcə məktəblə vidalaşan 11-ci siniflər üçün deyil, liseyin bütün müəllim və şagird kollektivi üçün yaddaqalan gün oldu.  

Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra səhnə 11-cilərin ixtiyarına verildi. Arzular, nəğmələr, rəqslər bir-birinə qarışdı…

Liseyin direktoru Səbinə Əliyeva “Son zəng” məzunlarını təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı: “Sizə müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətiniz sayəsində nəailiyətlərinizi daha da artırmağı arzulayıram!”

Liseyin direktor müavini Elvin İsgəndərov qeyd etdi ki, Ağ Şəhər Liseyi ilk məzunlarını 2019-cu ildə yola salıb. “Artlq 4-cü ildir ki, məzunları yola salırıq. Ümumilikdə 75 məzunumuz var. Onların hamısı universitet tələbələridir. Onların sorağı Almaniya, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrdən gəlir. Məzunlarımız tətillərə gələndə liseyə baş çəkir, müəllimlərini unutmurlar. Biz düşünürük ki, şirkətimizin dürüstlülük, etibarlılıq və məsuliyyətlilik kimi prinsiplərini şagirdlərimizə aşılaya bilmişik. Gələcəkdə də onların bu dəyərləri nümayiş etdirəcəklərinin şahidi olacağıq. İnanırıq ki, builki məzunlarımız da bizə tələbə olmağın sevincini yaşadacaqlar”.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik etdi, onlara yeni-yeni nəailiyətlər arzuladı: “Son zəng” uşaqların həyatına yazılan ən yaddaqalan günlərdən biridir. Bu gün hamımız kövrəlirik. Amma bu kövrəkliyin kökündə bir inam durur. Biz sizin ürəyinizə o qədər sevgi toxumu səpə, dünyanın təlatümlərinə o qədər inamla böyüdə bilmişik ki, siz bu gün həmin sevgi ilə müstəqil həyata qədəm qoyursunuz. Ona görə sizin taleyinizdən nigaran deyilik. Bilirik ki, dünyanın hansə ölkəsində olsanız, Azərbaycanın adını uca tutacaqsınız. Təhsil aldığınız dövr müəyyən çətinliklərdən keçdi. Siz pandemiya gördünüz, onlayn dərs keçdiniz, müharibə dövrünü yaşadınız. Bunlar sizi möhkəmlətdi. Siz Qələbə ilinin, Şuşa ilinin məzunlarısınız. Bu, bizum üçün böyük zəfərdir. Harda olsanız Zəfər sizinlə olacaq”. S.Vəliyeva valideynlərə səsləndi: “Əziz valideynlər, siz bütün arzularınızı övladlarınızla bağlamısınız. Bu gün o bəhrənin nəticəsini görürsünüz. Bu gün bizim məzunların sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Bu uşaqların da xoş sorağını eşidəcəyik. Bu uşaqlar Azərbaycan dövlətinin gələcəkdə bütün sahələrdə ən gərəkli kadrları olacaqlar. Hamınızı təbrik edirəm!” Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan S.Vəliyeva həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu qeyd etdi: “Sizin bu imkanı layiqincə dəyərləndirməyiniz vacibdir. Gələcək gənclərindir!”

Tədbirdə valideynlərin arzuları da səsləndi. “Məktəblə vidalaşırıq. 11 il göz qırpımında keçib getdi”- deyə valideyn Gülsabə Bəşirova ürək sözlərini söylədi: “Elə bil bir neçə gün bundan öncə bu uşaqların əlindən tutub məktəbə gətirmişdik. Uğurları bol olsun, hamısının xoş sorağını eşidək! Biz valideynlər hər zaman uşaqlarımızın arxasındayıq”. G.Bəşirova qeyd etdi ki, məzunların bilikli, çalışqan olmalarında Kaspi Liseyinin böyük rolu var: “Bu il Kaspi Təhsil Şirkətinin 15 ili tamam olur. Bu illər ərzində lisey cəmiyyətə layiqli töhfəsini verib. Kaspi Liseylərində çalışan müəllimlərin şagirdlərin yetişməsində və cəmiyyətdə yer tutmasında böyük əməyi var”.

Valideynlərdən Sübhan Əhmədli və Babək Süleymanzadə də məzunların biliklərə yiyələnməsində Kaspi Liseyinin əməyini yüksək qiymətləndirdilər və məktəbi bitirən 11-cilərə uğurlar arzuladılar: “Arzumuz sizi ölkəmizin layiqli vətəndaşları, savadlı kadrları görməkdir!”

“Son zəng” məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirildi.

Kaspi.edu.az

15.06.2022