"Breyn rinq – Bilik yarışı"nın qalibləri məlum oldu
Kaspi Ağ Şəhər Liseyi və Bakıxanov filialının şagirdləri yarışdılar
Kaspi Təhsil Şirkətinin şagirdlərin sosiallaşması, komanda şəklində işləmək bacarıqlarının formalaşması və üzə çıxarılması, həmçinin bilik yarışlarına hazırlıqlı olmaları üçün keçirdiyi layihələr sırasında “Breyn rinq - Bilik yarışı” xüsusi rol oynayır. Yarışmanın əsas məqsədi şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, asudə vaxtlarının səmərəli təşkilidir.
Həm öyrənmək, həm əylənmək
Liseyin Bakıxanov filialında keçirilən “Breyn-Rinq- Bilik yarışı”nın finalı Kaspi müəssisələrinin 9-10-cu sinif şagirdlərini bir araya gətirməklə həm biliklərini sınamağa, həm də əylənmələrinə şərait yaratdı.
Yarışmada 9-cu siniflər üzrə Ağ Şəhər Liseyinin “Fəallar” (1-ci yer), Əhmədli filialının “Əhmədli fatehləri” (2-ci yer), Bakıxanov Filialının “Bakıxanov senior” komandası (3-cü yer), Xətai filialının “Xətai” (4-cü yer), Sumqayıt filialının “Zəfər” (5-ci yer) komandaları yarışdılar.
Ağ Şəhər Liseyinin “Fəallar” komandası yarışın qalibi adını qazandı.
Qalib komandanın üzvü Məhəmməd Qənbərli yarışda ilk dəfə iştirak etsə də təəssüratları yüksəkdir: “Yarış həm biliyimizi nümayiş etdirməyə, həm yeni məlumatlar öyrənməyə, həm də əylənməyə imkan verdi. Qalib olmağım məni gələcək yarışlara həvəsləndirir”.
Liseyin şagirdi Məryəm Şirinzadə yarış zamanı yeni məlumatlar əldə etdiyini dedi: “ Belə yarışlarda biliyimiz təkmilləşir. Komanda şəklində işləməyi öyrənirik. Bu, bizi gələcək yarışlara həvəsləndirir”.
Çiçək Məmmədəliyeva yarışlarda tez-tez iştirak etdiyini və təcrübə qazandığını bildirdi: “Qalib olanda sevincimiz, emosiyalarımız üzə çıxır. Birinci yer qazanmağımız həm məktəbimizin, həm də komandamızın adına bizi sevindirdi. Gələcək yarışlarda iştirak etmək üçün daha çox oxumaq lazım olduğunu anladıq”.
Şagirdlərdən Hurzad Bağırzadə, Nərgiz Valehli və Selcan Umudova da sevinclərini bölüşdülər: “Qalib olmaq ən gözəl hissdir. Bu, bizi daha yaxşı oxumağa ruhlandırır. Ümid edirik ki, gələcək yarışlarda da iştirak edəcək və fərqlənəcəyik!”
Komanda şəklində oyun
10-cu siniflər arasında keçirilən yarışda qalib komanda isə Kaspi Elmlər Filialının 10-cu sinif şagirdlərindən ibarət “İnvincible” komandası oldu. Yarışda həmçinin Əhmədli (“Bayraktar” komandası 2-ci yer), Sumqayıt (“Polad” komandası 3-cü yer), Bayıl (“Uğur” komandası 4-cü yer) filialları fərqləndilər. “Polad” komandası həmçinin yarışmanın xüsusi mükafatını qazandı.
Qalib komandanın üzvü Əli Cəfərov yarışı yüksək dəyərləndirdi: “Yeni biliklər əldə etdik. Yarış nəyə qadir olduğumuzu öyrənməyə şərait yaratdı. Həmçinin qrupda iş görmək bacarığımızı artırdı”.
Məhəmməd Məmmədli də komanda yoldaşının fikrinə şərikdir: “Breyn-Rinq” maraqlı vaxt keçirmək, dünyagörüşümüzü artırmaq üçün əhəmiyyətlidir”.
Bayramov Emin belə yarışların tez-tez keçirilməsinin tərəfdarıdır: “Belə yarışlar elmə marağımızı artırır. Biz araşdırmalar edir, ciddi hazırlaşırıq”.
Rəvan Əlizadə də deyir ki, suallar müxtəlif sahələri əhatə etdiyindən geniş bilik qazanmağımıza kömək edir: “Biz yarışda komanda şəklində işləyirik. Yeni dostlar qazanırıq. Növbəti yarışlar üçün təcrübə toplayırıq”.
Kaspi EDU MMC-nin direktoru, yarışın Münsiflər Heyətinin sədri Aydın Əliyev yarışdan böyük zövq aldığını bildirdi: “Şagirdlər bizi yaxşı mənada təəccübləndirdi. Onlar hazırlıqlı, dünyagörüşlü və bacarıqlıdırlar. Biz uşaqları ali məktəbə hazırlayarkən daha çox nəticəyə köklənir və onlara vaxt azlığına görə bilik əsaslı məlumatlar veririk. Amma görünür şagirdlər özlərini inkişaf istiqamətində əlavə materiallar öyrəndiklərindən yarışda dünyagörüşü və məntiqi əhatə edən sualların cavabına hazırlıqlı idilər. Bu da onların ali məktəb həyatlarında özgüvənlərini artırmaq istiqamətində atılan addımdır. Hər bir dünyagörüş istiqamətində məntiq yürütmə, qərarvermə, kollektivlə işləmək kimi bacarıqlar vacib olduğundan biz də bu kimi keyfiyyətləri şagirdlərimizə bu tip yarışlar vasitəsilə verməyə çalışırıq”. A.Əliyev qeyd etdi ki, “Breyn-Rinq” yarışının keçirilməsi artıq Kaspi Şirkətində ənənə halını alıb: “Şagirdlərin biliklərini nümayiş etdirmək, sosiallaşmaları, komanda şəklində işləmələri və dünyagörüşlərini artırmaq üçün mütəmadi belə yarışlar təşkil edirik. Uşaqlar bilik yarışlarında böyük maraqla iştirak edirlər. Bu, onların məntiqlərinin formalaşması baxımından da çox əhəmiyyətlidir”.
Yarışın təşkilatçısı və aparıcısı, Kaspi Abituriyentin akademik koordinatoru Rəsul Ağayev qeyd etdi ki, bilik yarışmasının keçirilməsində məqsəd lisey şagirdlərinin asudə vaxtını səmərəli təşkil etmək, onları oxumağa və öyrənməyə həvəsləndirmək, şagirdlərə yeni məlumatlar qazandırmaq, istedadlarını üzə çıxarmaq və inkişaf etdirməkdir: “Breyn Rinq yarışmamızda şagirdlərimizin bilik və bacarıqları Buraxılış imtahanı fənləri – Azərbaycan dili, Riyaziyyat və İngilis dili, Zəfər tarixi, Dünyagörüşü və Məntiq fənləri üzərindən yoxlandı. Bütün komandalar öz aktivliyi, əzmkarlığı və qrup çalışmaları ilə yadda qaldı. Əlbəttə, hər bir komanda qalib olmağa layiq idi. Lakin daha məsuliyyətli və çalışqan şagirdlərimiz yarışmanın qalibi oldu. Növbəti tədris illərində də bu cür yarışmaların təşkili nəzərdə tutulur. Bütün şagirdlərimizi fəal olmağa, daim yeni biliklər əldə etməyə və nəailiyyətlər qazanmağa çağırırıq. Biz də Kaspi Təhsil Şirkəti olaraq, şagirdlərimizə bu yolda daim dəstək olmağı qarşımıza məqsəd qoymuşuq və bütün səyləriizi də məhz bu istiqamətə yönəltmişik”.
Yarışmanın finalında qalib komandalara serifikatlar və hədiyyələr təqdim olundu.
Kaspi Təhsil Şirkəti olaraq qalib komandaları təbrik edir və daha böyük yarışlarda uğur qazanmalarını arzulayırıq!
Kaspi.edu.az