"TEKNOFEST Azərbaycan" festivalından möhtəşəm təəssüratlar
Kaspi Təhsil Şirkəti məhsullarını sərgidə nümayiş etdirdi
Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı böyük maraq və coşqu ilə qarşılandı. Mayın 26-29-da baş tutan “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” - T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” - T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən ilk “TEKNOFEST Azərbaycan” Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirildi. 4 gün ərzində ümumilikdə 300 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirak etdiyi festival bir sıra komponentlər üzrə təşkil olundu. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər, məktəblilərin müsabiqələri və əyləncə atraksionları daxil idi.
Kaspi Şirkətinin 15 illiyinə layiqli hədiyyə
Kaspi Təhsil Şirkəti də öz məhsullarının yer aldığı sərgi ilə festivalda iştirak etdi. Həmçinin, Kaspi Liseylərinin iki komandası – “AST” (Ağ Şəhər Liseyi) və “EkoGang” (Bakıxanov filialı) da festival çərçivəsində təşkil olunan “Yaşıl Texnologiya” (Green Tech) müsabiqəsində yarışdı.
Kaspi Şirkətinin stendində sərgilənən Kaspi Liseylərinin və KTŞ-nin Kaspi Abituriyent, Kaspi Kids və Kaspi Uşaq bağçası, Kaspi Qlobal, STEMART və s. xidmətləri ilə bağlı elanlar, broşürlər ziyarətçilərin böyük marağına səbəb oldu. Ziyarətçilər Kaspi Liseylərində təhsilalmanın 10 özəlliyi ilə yerində tanış oldular. Həmçinin sərgidə VEX Robotiks məhsulları, onlardan istifadə, proqramlaşdırması nümayiş etdirildi, 8-13 yaşlı uşaqlara ustad dərsləri (master-klass) keçirildi.
Sərgidə təmsil olunan Kaspi Şirkətinin əməkdaşları ziyarətçiləri təhsil müəssisəsinin məhsulları ilə bağlı ətraflı məlumatlandırdılar.
Festivalda 2 komanda ilə təmsil olunduqlarını bildirən Kaspi Liseyinin “TEKNOFEST Azərbaycan”dakı nümayəndə heyətinin sədri Sahil Əliyev Təşkilat Komitəsinin bu möhtəşəm tədbirə 2 aydan artıq bir müddətdə hazırlaşdığını qeyd etdi:
“Şagird və tələbələrin bu festivalda böyük maraq hissi ilə iştirakı sevindirici haldır. Festivalın gənclərimizin rəqəmsal texnologiyaların inkişafı ilə bağlı nailiyyətlərinə dəstək olacağına əminəm. Bu gün bu festivalda iştirak edən gənclər sabahın mühəndisləri, alimləri olacaq”
.
Kaspi Təhsil Şirkətinin “Texnofest Azərbaycan” layihəsində ümumi hazırlıq işləri üzrə rəhbəri Aydın Əliyev bu mötəbər tədbirə göstərdiyi dəstəyə görə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevaya, təşkilatçılara, “Kaspi”nin robotexnika sahəsində böyük tərəfdaşı olan Stemart - STEAM Akademiyasının kollektivinə öz təşəkkürünü bildirdi: “Bu festival Şirkətimizin may ayında qeyd etdiyi 15 iilik yubileyinə əsl bayram hədiyyəsi oldu”.
Kaspi stendinə axın
Kaspi Şirkətinin filiallar üzrə akademik koordinatoru Rəsul Ağayev qeyd etdi ki, festival çərçivəsində ziyarətçilərə Kaspi Liseylərinin və ümumilikdə təhsil müəssisələrinin uğurları və fəaliyyəti haqqında bilgilər verilib: “Festival imkan verdi ki, iştirakçılara Kaspi müəssisələrinin fəaliyyəti haqqında daha dolğun məlumat verək. Sərgiyə baş çəkənlərin məhsullarla bağlı çoxsaylı sualları cavablandırıldı. İştirakçılarda təhsil müəssisiəsinin fəaliyyətinə böyük marağın şahidi olduq”.
Kaspi Təhsil Şirkətinin təmsilçisi Könül Əliyeva ziyarətçilərin “Kaspi” stendinə böyük maraq göstərdiklərini qeyd etdi: “Festivalın ilk günündən stendimizə axın çoxdur. İnsanlara “Kaspi”nin xidmətləri haqqında ətraflı məlumat verildi. Həm onlayn qeydiyyatdan keçən, həm də stendimizi ziyarət edən ziyarətçilər xoş təəssüratlarla ayrıldılar. Uşaqlar üçün keçirilən ustad dərsləri böyük maraqla qarşılandı. İnsanların məmnunluğunu hiss etdik”.
Kaspi-nin 10 özəlliyi

STEMART Robotika və Proqramlaşdırma üzrə akademik direktoru Kamran Əsgərov festival günlərində ziyarətçilərə STEMART Robotika Mərkəzinin stendini də təqdim etdiklərini qeyd etdi: “Müxtəlif yaş qrupları üzrə şagirdlərin hazırladıqları robot nümunələrini sərgilədik. Robotlara böyük maraq müşahidə etdik. Hesab edirəm ki, bu tip festivallar uşaqların robotexnika sahəsinə, rəqəmsal texnologiya bacarıqlarına maraqlarını artıracaq, əhəmiyyətini anladacaq və gələcəkdə bu sahəni seçmələrinə istiqamətləndirəcək”.
Kaspi Ağ Şəhər Liseyinin V-VIII sinif rus bölməsi üzrə direktor müavini Gülnar Abbasova qeyd etdi ki, “Kaspi” stendinə baş çəkən ziyarətçilər maraqlı təssüratlarla ayrılıblar. Belə ki, azyaşlılar, 5-8-ci siniflər üçün robotika üzrə ustad dərsləri keçirilib. 1-4-cü sinif şairdləri üçün elmi təcrübələr aparılıb və 1-6-cı sinif şagirdləri üçün əyləncəli riyaziyyat ustad dərsləri təşkil olunub. “Kaspi” sosial məsuliyyəti ilə bağlı öhdələklərinə əməl edərək ustad dərslərini pulsuz təşkil etdi. Azyaşlı uşaqlar stenddəki robotları böyük sevinclə idarə edirdilər”. “Kaspi” stendində “Rəqəmsal bacarıqlar” dərslikləri də nümayiş olunub. “Stendin özəlliyi ondadır ki, danışan divarlarımız var. Burada Kaspi-nin xidmətləri və tədrisinin özəlliyi haqda məlumatlar yer alıb. Ziyarətçilər bununla daha geniş məlumat əldə etmiş oldular”. G.Abbasova məlumat verdi ki, növbəti tədris ilindən Kaspi-də “Xaricdə Təhsil Foundation” proqramı fəaliyyətə başlayacaq: “Bu proqramla şagirdlər ilkin 1-ci kursu adladaraq universiteti 3 ilə bitirmək şansı qazanacaqlar. Həmçinin onların dünyanın 95-dək universitetinə qəbul imkanları olacaq. Bu proqramla bağlı məlumatlar da stenddə yer alıb və ziyarətçilərin böyük marağına səbəb oldu. Demək olar ki, festivala qatılan ziyarətçilərin əksəriyyəti stendimizə baş çəkdi və məhsullarımızla maraqlandı”.
Kaspi-nin nüfuzu
Kaspi sərgisini ziyarət edən çoxsaylı valideynlərin məmnunluğu üzlərindən oxunurdu. Valideyn Tural İsmayılov Kaspi Liseylərində Robotiks-in tədrisi ilə maraqlandığını bildirdi: “Məni cəlb edən Kaspi Liseylərinin nüfuzudur. Uşağım hazırda bağçaya gedir. Onun Kaspi Liseyində təhsil alması üçün müraciət edəcəm”.
Valideyn Aydan Muradova Sumqayıt şəhərindən gələrək festivala qatılıb. Kaspi-nin fəaliyyəti haqqında məlumatlıdır: “Bu təhsil müəssisəsinin fəaliyyəti haqqında bilgilərim var. Sumqayıt şəhərində yaşayıram və orada Kaspi filial fəaliyyət göstərir. Haqqında müsbət rəylər var. Mən də gələcəkdə övladımı Kaspi Liseylərində oxutdurmaq arzusundayam. Bu sərgidə Kaspi-nin fəaliyyəti ilə daha yaxından tanış oldum”.
Valideyn Arzu Əhmədova isə övladının Kaspi Abituriyentdə hazırlıq keçməsi ilə bağlı müraciət edəcəyini dedi: “Kaspi Abituriyentin yüksək nəticələri var. Bu kurslarda hazırlaşan şagird və abituriyentlər mütləq tələbə adını qazanırlar. Onların peşəkarlığına etibar edərək mən də övladımın Kaspi-nin hazırlıq kurslarında oxumasını istəyirəm”.
Qeyd edək ki, 4 gün ərzində müxtəlif yaş qrupları üzrə ustad dərslərinə qatılan 400-ə yaxın uşağa Kaspi-nin hədiyyələri təqdim olunub.
“TEKNOFEST Azərbaycan” bütün iştirakçılar üçün xoş təəssüratlarla və təcrübə ilə yadda qaldı. Mövcud layihələri analiz etməyə, inkişaf yolunu axtarmağa, yeni layihələr və ideyalar üzərində düşünməyə fürsət verdi.
.jpg)
Kaspi Təhsil Şirkəti olaraq “TEKNOFEST Azərbaycan” kimi möhtəşəm festivalın ölkəmizdə keçirilməsindən qürur duyur, festivalın müsabiqə mərhələsində qalib gələnləri təbrik edir, digər iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!
Kaspi.edu.az