Kaspi Liseyləri də "TEKNOFEST"-də yarışacaq
Komandalarımız müsabiqədə 16 şagirdlə təmsil olunacaq
Türkiyənin hüdudlarını aşaraq beynəlxalq ölçüyə yüksələn dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST” bu il Azərbaycanda keçiriləcək. Mayın 26-29-da Bakıda təşkil olunacaq festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.

İlk dəfə 2018-ci ildə qardaş ölkədə start götürən festivalın bu il Vətənimizdə texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qalması gözlənilir. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, pilotsuz uçuş aparatlarından model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər layihələrini yarışdıracaqlar. Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.

Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Ağ Şəhər Liseyi və Bakıxanov filialının iki komandası da müsabiqələrdə iştirak etmək hüququ qazanıb. Komandalarımız müsabiqədə 16 iştirakçı ilə təmsil olunacaqlar
“TEKNOFEST-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı “www.teknofest.az” saytından əldə etmək olar.
Kaspi Liseyinin komandalarına “Texnofest”də uğurlar arzulayırıq!