XƏBƏRLƏR

Ümummilli Lider Heydər Əliyevin doğum günüdür

Ulu öndərin 99-cu ildönümü ehtiramla qeyd edilir

10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin doğum günüdür.

Müasir Azərbaycan tarixindən söhbət düşəndə öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Bu böyük şəxsiyyət həyatının çoxunu ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr edib.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, “dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir”.

Ulu öndər SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin “Dövlət dili” kimi təsbit olunmasına nail oldu. Bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq nümunəsi idi.

Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz fəaliyyəti ilə təsdiqlədi. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir.
Ulu öndərin işğalda olan torpalarımızla bağlı arzuları da reallaşdı - Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində torpaqlarımızı  düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, böyük Zəfər tarixini qeyd etdi.

28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Nə qədər ki qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var, ulu öndər daima qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla anılacaqdır.

Kaspi.edu.az

10.05.2022