XƏBƏRLƏR

Kaspi Liseyinin şagirdlərinin "RoboFest2022" turnirində uğuru

Stemart STEAM Akademiyasının təşkil etdiyi festivaldan 30 medal

Bu günlərdə məktəblilər arasında keçirilən “RoboFest 2022” festivalı uğurlu nəticələrlə başa çatıb. Ölkəmizdə ikinci dəfə keçirilən Robot festivalında 20 dövlət və özəl məktəbdən ümumilikdə 122 şagird iştirak edib. Turnirin əsas məqsədi STEAM təhsil formasının ölkədə inkişafına dəstək olmaq, şagirdlər arasında bu sahəyə marağı artırmaq və rəqabət apara biləcəkləri əlverişli öyrənmə mühiti yaratmaq,  onlarda bir çox bacarıqları formalaşdırmaq, yarış təcrübəsi yaşatmaq, il ərzində hazırlaşdıqları mövzuları təkmilləşdirmək və beynəlxalq arenalara hazırlamaqdır.

Türkiyənin “Maker Center STEAM” mərkəzinin təsisçisi və təcrübəli robotika təlimçisi Seçkin Aksoyun baş hakimliyi ilə keçirilən müsabiqədə Kaspi Liseyinin –Ağ Şəhər, Bakıxanov filialları və Beynəlxalq Məktəbın şagirdləri uğurlu nəticələr qazanıblar.

Qeyd edək ki, “RoboFest” 2021-ci ildən etibarən Stemart STEAM Akademiyası robotika və proqramlaşdırma mərkəzi tərəfindən təşkil edilməyə başlayıb.

“RoboFest 2022” turnirinin koordinatoru Kamran Əsgərovun kaspi.edu.az-a verdiyi məlumata görə, robot festivalında yarış kateqoriyaları və şagird sayında ciddi artım müşahidə olunub: “Bu tip fəaliyyətlərə hazırlıq şagirdlərə bir çox bacarıq və bilik qazandırır. Onların analiz etmə, araşdırma, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafı ön plandadır”.

Növbəti il festivalın beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilməsi və beynəlxalq müsabiqə statusu alması gözlənilir.

Kaspi Liseyinin uğuru

Kaspi Liseyi şagirdləri “RoboFest 2022” turnirində fəal iştirak edərək uğurlu nəticələr əldə ediblər. Ümumilikdə 5 kateqoriyadan 3-ü üzrə 30 medal qazanan lisey şagirdləri yarışa iki aya yaxın hazırlaşıblar.

Ağ Şəhər Liseyinin İnformatika və Robotiks müəllimi Şəfəq İbrahimova turnirdəki şagirdlərin uğurunu yüksək dəyərləndirir: Uşaqlar festivala böyük həvəs və zəhmətlə hazırlaşdılar. Nəticə də uğurlu oldu. Hər uğurun arxasında böyük əmək dayanır”. Ş.İbrahimova bu cür turnirlərin şagirdlərin həyatında böyük rol oynadığını bildirir: “Şagirdlər hər yarışda inkişaf edir, komanda şəklində işləməyi bacarır, daha yüksək yerlər uğrunda mübarizə aparırlar. Yarışlar həmçinin şagirdlərin sosiallaşmasına, biliklərini təkmillşdirmələrinə və bir-birlərinə dəstək olmağı öyrədir”.

Qızıl, gümüş, bürünc

Kaspi Liseyinin şagirdlərinin müxtəlif kateqoriyalar üzrə nəticələri aşağıdakı kimidir:

Lego Line Following:

Kaspi Liseyi Ağ Şəhər - 2 qızıl, 1 gümüş və 1 bürünc medal;

VEX Go Challenge:

Kaspi Liseyi Ağ Şəhər – 2 qızıl, 2 gümüş medal

Kaspi Liseyi Bakıxanov filialı -  2 qızıl, 4 bürünc medal;

Kaspi Beynəlxalq məktəbi – 3 gümüş medal;

VEX IQ Challenge:

Kaspi Liseyi Ağ Şəhər – 2 qızıl medal;

Kaspi Liseyi Bakıxanov - 4 gümüş, 7 bürünc medal;

Ağ Şəhər Liseyinin V sinif şagirdi Hüseyn Hüseynli festivalda qazandığı Qızıl medalın sevincini bölüşür: “Zəhmət çəkəndə qarşılığı mütləq olur. Yarışda qalib gəlmək üçün gecə-gündüz çalışdım, nəticəsini də qazandım. Robotiks dərslərində həmişə həvəslə iştirak edirəm. Bu mənim digər fənləri öyrənməyimə də kömək edir. Lisey müəllimlərinin əməyi isə bizim uğurumuzda çox böyükdür”.

V sinif şagirdi Ayşən Vəliyeva da qazandığı uğura görə böyük qürur hissi keçirir: “Robotiks dərsləri gələcəkdə seçəcəyim ixtisas, quracağım iş üçün çox önəmlidir. Bu gün robotiksin sirlərini öyrənməsəm, gələcəkdə uğur qazana bilmərəm. Liseyin müəllimləri isə robotiks dərslərini daha yaxşı öyrənməyə, robotları proqramlaşdırmağa böyük dəstək göstərirlər. Qızıl medal qazanmağıma görə liseyin müəllimlərinə minnətdaram!”

IV sinif şağirdi Oruc Hacalı deyir ki, robotiks dərslərindən əlavə, liseydəki dərnəkdə də həvəslə çalışır: “Bu çalışqanlıq həyatımda rol oynadı. Komanda olaraq bir-birimizə kömək edir və öyrənirik. Robotların proqramlarını qurmaq bizə digər fənləri örənməyə də yaxından kömək edir. Gələcək turnirlərə qoşulmaq üçün daha çox çalışacağam. Uğuruma görə Kaspi Liseyinin müəllimlərinə təşəkkür edirəm!”

“Qızıl medala layiq görüldüyümü biləndə özümü çox xoşbəxt hiss elədim”- deyə liseydə oxuyan türkiyəli III sinif şagirdi Murad Bekat valideynlərinin də sevindiyini bildirir: “Çox xoşbəxtəm. Robotiks dərslərini çox sevirəm. Bundan sonra daha çox çalşacam. Bu uğur məni daha da həvəsləndirdi”.

Bakıxanov filialının IV sinif şagirdi Hüseyn Nəsibov gələcək peşə seçimində robotiks dərslərinın rolunun olacağına əmindir: “RoboFest” turnirində birincilik qazanmağım mənə əsil motivasiya oldu. Bundan sonra dərslərdən əlavə məşqlərdə daha həvəslə iştirak edəcəm. Liseyin müəllimləri də şagirdlərin robotiks proqramlaşmalarını öyrənmələrinə böyük zəhmət sərf edirlər. Uğurumuzda müəllimlərimizin böyük rolu var”.

III sinif şagirdi Hüseyn Mehdizadə robotiks dərslərinə və məşqlərinə böyük həvəslə qoşulduğunu deyir: “Bu dərslərdə fəal iştirak etməsəydim Qızıl medal qazanmazdım. Dərslərdən əlavə məşğələlər bizim inkişafımızda böyük rol oynayır”.

Qeyd edək ki, turnirdə hər kateqoriya üzrə 1-ci, 2-ci, 3-cü yeri tutan komandalar medal, diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.

“RoboFest 2022” turnirinin təşkilinə Kaspi Təhsil Şirkəti, STAREX Logistics, GemZa Group, Deirvlon Technologies və İnnovative Business Product şirkətləri sponsorluq edib.

Liseyimizin bütün şagirdlərinə gələcək yarışlarda uğurlar arzulayırıq!

Kaspi.edu.az

13.04.2022