XƏBƏRLƏR

Kaspi Təhsil Şirkəti Türkiyənin tanınmış universitetləri ilə əməkdaşlıq müqaviləsi imzaladı

Başkent və Medipol Universitetlərinin nümayəndələri Kaspi Liseyində

Türkiyənin dünyaca məşhur universitetləri -Ankaranın Başkent Universitetininİstanbulun Medipol Universitetinin nümayəndələri Kaspi Liseyində olublar. Kaspi Təhsil Şirkətinin Xaricdə Təhsil Departamentinin təşkil etdiyi görüşdə liseyin şagird, müəllim və rəhbər heyətinin iştirakı ilə hər iki universitetin təqdimatı keçirilib. Universitetlərin fəaliyyəti, tələbələrə yaratdığı imkan, qəbul şərtləri və s. haqqında iştirakçılara geniş məlumat verilib. Nümayəndələr qeyd ediblər ki, təqdimatın əsas məqsədi Türkiyənin təhsil sistemi və mühiti ilə şagirdləri tanış etməkdir. “Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri azərbaycanlı gənclərə Türkiyədə təhsil almağa, eyni zamanda bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb”- deyə qeyd edilib.
Təqdimatdan sonra tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallara cavab verilib.

Qonaqlar Kaspi Təhsil Şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər. Hər iki universitetlə Kaspi Təhsil Şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Qeyd edək ki, 3 aprel tarixində Bakıda Türkiyənin 20 tanınmış dövlət və özəl universitetlərinin iştirakı ilə təhsil sərgisi keçirilib. Hilton Hotelində baş tutan sərgidə iştirakçılara yüksək keyfiyyətli təhsil imkanı, kampuslar və s. məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin Türkiyə universitetlərində pulsuz təhsil imkanları haqqında təqdimatlar keçirilib.

04.04.2022