XƏBƏRLƏR

Novruz gəlir, yaz gəlir…

Kaspi Liseyinin Bakıxanov filialında Novruz şənliyi keçirildi

Novruz “yeni il” deməkdir, baharın ilk günüdür. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb rahatlığı ilə qarşılasın. Kaspi Liseyinin Bakıxanov filialında Novruz bayramına həsr olunan “Novruz şənliyi” adlı tədbirə qatılan liseyin şagird və müəllim kollektivi, həmçinin valideynlər bayram sevincini bölüşdülər. Məktəbin hər mərtəbəsində müxtəlif siniflərin şagirdləri tərəfindən hazırlanan Novruz bayramına həsr olunan guşələr qədim bayramımızın bütün atributlarını, adət-ənənəmizin qədimliyini, milli dəyərlərimizi nümayiş etdirmək baxımından yaddaqalan oldu.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva tədbir iştirakçılarını təbrik edərək məktəbdə düzənlənən bayram tədbirini məktəb-şagird-valideyn üçbucağının təzahürü kimi dəyərləndirdi: “Məktəbin hər mərtəbəsində şagirdlərin hazırladıqları xonçalar, atributlar, uşaqların bayrama həsr olunan nəğmələri, səhnəcikləri Novruz tədbirini daha zənginləşdirdi”. S.Vəliyeva builki Novruz bayramını qalib ölkənin vətəndaşı olaraq qeyd etməyimizi qürurla qeyd etdi: “Bu il çərşənbə bayramlarını da, Novruz bayramını da qalib ölkənin vətəndaşı olaraq qeyd edirik. Bu, çox qürurvericidir. Bu gün Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin də ruhu rahatlıq tapıb”.

Liseyin direktoru Sahil Əliyev liseydə düzənlənən “Novruz şənliyi”nin qədim bayramımızın bütün gözəlliyini nümayiş etdirmək baxımından əhəmiyyətli olduğunu qeyd etdi: “Məktəbin teatr dərnəyinin hazırladığı səhnəciklər, uşaqların ifa etdikləri mahnılar, hazırladıqları xonçalar adət-ənənəmizin unudulmaması baxımından çox əhəmiyyətlidir”.

Liseyin 5-8-ci sinif şagirdləri məktəbin zalında Novruz şənliyini bədii çıxışlarla davam etdirdilər. Şagirdlərin söylədikləri şeirlər, oxuduqları mahnılar, Novruz mərasimlərinə aid səhnəcikləri Baharın gəlişini hiss etdirdi.

Kaspi Təhsil Şirkəri olaraq xalqımızın Novruz bayramını təbrik edir, hər kəsə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq!

18.03.2022