Həm əylənmək, həm öyrənmək
Kaspi Liseyində Beynəlxalq Pi Günü qeyd edildi
Hər il 14 martda dünyada qeyri-adi bayramlardan biri olan Beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlk dəfə bu tarix 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Pi gününün Mart ayında keçirilməsi təsadüfi deyil. Mart təqvimdə 3-cü aydır. Beləliklə, 3-cü ayın 14-cü günü - 3.14 -lə uzlaşdığı üçün bu tarix Beynəlxalq Pi günü kimi qeyd edilir. Qeyd edək ki, Pi ədədi riyaziyyat aləmində olduqca geniş istifadə olunan və sirrlərlə dolu məşhur sabitdir. Bu ədədin simvolu yunan əlifbasının 16-cı hərfidir. Pi, eyni zamanda, yunanca “çevrə” mənasını verən “perimetr” sözünün də ilk hərfidir. Beynəlxalq “Pi” gününün görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf etməsi də bu tarixin önəminin artırır.
60 şagirddən 55 layihə
Kaspi Liseyi də artıq 4-cü ildir ki, Beynəlxalq Pi gününü qeyd edir. Liseyin Ağ Şəhər Filialında Riyaziyyat fənn birləşməsinin təşkil etdiyi “Pi Günü” sərgisi də liseydə təhsil alan V-VIII sinif şagirdlərinin riyazi təfəkkürlərini üzə çıxarmaq üçün yaxşı fürsət oldu.
Sərgidə ümumilikdə Ağ Şəhər Liseyi və Bakıxanov filialndan 60 şagird 55 layihə ilə iştirak edirlər. Layihələrdən 15-i riyazi oyunlardır. Liseyin foyesində sərgilənən layihələr məktəbin müəllim və şagirdləri tərəfindən hazırlanıb.
“Pi sərgisi”ndə iştirak edən Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva qeyd etdi ki, bu tip layihələrin təşkili və şagirdlərin iştirakı çox əhəmiyyətlidir: “Layihələrin keçirilməsində əsas məqsəd tələbələrin riyaziyyat fənninə olan maraqlarının daha da artırılması, gənc istedadların üzə çıxarılmasıdır. İstəyirik ki, şagirdlərin riyaziyyat fənninə maraqları daha çox olsun və onlar müxtəlif bilik yarışlarının təkcə iştirakçısına yox, həm də qalibinə çevrilsinlər”
Maraqlı və öyrədici
Ağ Şəhər Liseyinin baş müəllimi, layihənin təşkilatçılarından olan Səbinə Nüsrətzadə məlumat verdi ki, Pi günü sərgisinin əsas məqsədi şagirdlərdə riyaziyyata olan marağı artırmaqdır: “Məqsəd çətin görünən teoremlərin isbatını yadda qalan üsullarla təqdim etmək, mürəkkəb məsələləri maraqlı üsullarla həll etmək, mücərrəd hesab edilən riyaziyyatı əyaniləşdirməkdir”. S.Nüsrətzadə qeyd etdi ki, təqdim edilən riyazi oyunlar isə şagirdlərə planlı şəkildə hərəkət etməyi öyrədir, onlarda analiz, sistemli düşünə bilmək bacarığı aşılayır, yaddaşı artırır, əzbərçilikdən uzaqlaşıb bacarıqları inkişaf etdirməyə kömək edir: “Sərgidə iştirakçı olmaq şagirdlər üçün maraqlı və öyrədicidir. Bəzi modellər var ki, dərs prosesində istifadə edə bilirik. Bəzi layihələr dərs materialı kimi istifadə oluna bilir”.
Liseyin 8b sinif şagirdi Nərgiz Hüseynlinin riyazi oyunlara daxil olan “Şahmat taxtası” layihəsi maraq doğurur: “Şahmata böyük marağım var. Özüm də şahmatda 2-ci dərəcə qazanmışam. Şahmat taxtasını qurmaqla bliklərimi daha da təkmilləşdiririəm. Bu, başqa şagirdlərə də bilgi verə bilər. Hesab edirəm ki, şahmatı bilmək riyazi bilikləri inkişaf etdirməyin yollarından biridir”.
Ailə ortamında oyunlar
“Pi günü” sərgisində Liseyin Bakıxanov filialının 10 şagirdi iştirak edir. Filialın baş müəllimi, layihənin təşkilatçılarından biri Rövşən Dünyamalıyevin fikrincə, “Pi günü” sərgisi və ümumilikdə bu tarixin qeyd edilməsi riyaziyyata “sıxıcı fənn” yanaşmasını aradan qaldırır: “Bu baxışı aradan qaldırmaq üçün bu cür oyunlar genişləndirilməli və təbliğ olunmalıdır”. Təşkilatçı qeyd etdi ki, sərgidə ailə ortamında oynana biləcək çoxlu oyunlar yer alıb: “Həmin oyunlar uşaqları mobil cihazlara aludəlikdən uzaqlaşdıra bilər. Bu, həm onları intellektual baxımdan inkişaf etdirır, həm də riyaziyyat fənninə maraqlarını artırır. Onlar riyaziyyatı əylənərək və toxunaraq öyrənirlər”.
Bakıxanov filialının 8 b sinif şagirdi Əminə Əliyeva “Reversi” layihəsi – taxta üzərində oyunun məntiqi haqqında məlumat verdi: “Bu, damalı taxta üzərində oynanan oyundur. Ağ və qara tərəflərdən ibarət iki oyunçunun iştirakı ilə keçirilir. Ağ oyunçu qara oyunçunu iki daşın arasına salaraq rəngini çevirir. Ən çox sahəni tutan oyunu qazanır”. Ə.Əliyeva sərgiyə marağını izah edərək qeyd etdi ki, riyaziyyat məntiqi təfəkkürünün formalaşmasına kömək edir: “Riyaziyyat bizi həyatımızın hər anında əhatə edir. Riyazi biliklərə yiyələndikdə ətraf aləm haqqında daha düzgün məlumat əldə edə bilir və digər elmlərin sirlərini də öyrənirik”.
8 b sinifinin digər şagirdi Aylin Məmmədovanın “Koşi bərabərsizliyi” layihəsi də maraq doğurur: “Təqdim olunan bütün layihələr elmin əyləncəli formada təqdimatıdır. Mən isbat etməyi sevirəm. Bu, biliyimi inkişaf etdirir. Biz həm öyrənir, həm də əylənirik”- deyə iştirakçı cavab verdi.
Liseyin şagirdlərindən Nərmin Cəfərzadənin “Modul tənlik”, Nərmina Vəlizadənin “Üçbucaqda bucaqlar” teoremi, Yusif Əliyevin “Sehrli kartlar”, Leyla Rəhimlinin “Fəza fiqurları”, eləcə də şagirdlərin “Yuvarlaqlaşdırma”, “П ədədi”, “Quyu qapaqları”, “Pifaqor teoremi”, ”Toplama əməli”, “Sehirli kitab”, “Sadə ədədlər” və s. layihələri onlara ünvanlanan “Riyaziyyatı niyə sevirsiniz?” sualına “Riyaziyyat bütün elmlərin açarıdır” məntiqli cavablarıdır.
Qeyd edək ki, sərgidə iştirak edən şagirdlər həmçinin robotiks yarışmalarında, beynəlxalq və yerli olimpiadalarda, fənn müsabiqələrində uğurla iştirak edirlər.
“Pi günü” sərgisində iştirak edən şagirdlərə uğurlu layihələrinə görə Riyaziyyat fənn birləşməsinin sertifikatları təqdim olundu.
Kaspi.edu.az