Xocalı – qan yaddaşım!
Kaspi Liseyinin Bakıxanov filialında Xocalı soyqırımına həsr olunan tədbir keçirildi
.jpg)
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi bəşəriyyət tarixinə yazılmış qanlı faciələrlə müqayisə oluna bilər. Xocalı faciəsini törətməklə ermənilər xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz torpağının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Xocalı faciəsindən 30 il keçir. Azərbaycan xalqı faciəni heç vaxt unutmur.
Ölkənin təhsil müəssisələrində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilən tədbirlər silsiləsinə Kaspi Bakıxanov Filialının “Xocalı – qan yaddaşım” adlı mərasim də qatıldı.
Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.
Xocalı faciəsi haqqında videoçarx nümayiş etdirildi.
Şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verildi: “Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin səyləri, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır”- deyə qeyd edildi.
Tədbirdə Xocalı hadisələri zamanı əsir düşmüş Valeh Hüseynov və Xocalı hadisələrinin iştirakçısı, şəhid oğlu və şəhid qardaşı Ramil Həsənov çıxış edərək yetişən gənc nəsillərə tarixi həqiqətlərin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağın artırılması, Vətənə layiqli şəxsiyyət kimi yetişməsi ilə bağlı tövsiyələrini verdilər: “Xocalı faciəsi azərbaycanlılara, bütünlükdə türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən ermənilərin Xocalıda törətdiyi qətliam yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlidir. Xocalının dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutuldu, şəhəri barbarcasına yerlə-yeksan edən düşmənə layiqli cavabı 44 gün ərzində Prezident İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Azərbaycan Ordusu verdi. Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı”.
Tədbirdə Xocalı faciəsi haqqında məlumatlar dünyaya mesaj kimi şagirdlərin dilindən ingilis dilində də səsləndi.
Liseyin şagirdləri Xocalı faciəsi, soyqırımı qurbanları haqqında flaşmob nümayiş etdirdilər, rəqslərdən ibarət kompozisiyalar təqdim etdilər.
kaspi.edu.az