XƏBƏRLƏR

"Xocalı soyqırımını unutmayaq"

Kaspi Beynəlxalq Məktəbdə (Kaspi İnternational School) Xocalı qurbanlarının xatirəsi yad edildi

“Xocalı-sağalmayan yaramız”, “Xocalı-yaddaşlarda qalan dərin izlər”, “Xocalını unutmayaq”, “Xocalı-tarixin özüsən”, “Xocalını unutmayaq” şüarları 30 il bundan əvvəl törədilən soyqırımın Azərbaycan xalqının qan yaddaşı olduğunu yada salır. Bu şüarlar Kaspi Beynəlxalq Məktəbin (Kaspi İnternational School) foyesində Xocalı qətliamı iə bağlı lisey şagirdlərinin təxəyyülü ilə ərsəyə gələn rəsm əsərlərinin mövzu və məzmununu bütün gerçəkliyi ilə əks etdirir.

Liseydə keçirilən “Xocalı soyqırımını unutmayaq” adlı tədbirdə şagird və müəllimlərin dilindən səslənən fikirlər də Xocalı qətliamının təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün dəhşətli soyqırımı olduğunu bir daha xatırlatdı.

Tədbirdə Vətənin müdafiəsi uğrunda şəhid olan insanların və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.

Liseyin direktoru Renata Novruzova Xocalı faciəsinin tarixi haqqında şagirdlərə məlumat verdi, Xocalıda vəhşicəsinə qətlə yetirilən uşaqların acı taleyindən danışdı: “O uşaqlar heç zaman böyüməyəcək. Məktəbə gedib əylənə bilməyəcəklər. Oxumayacaqlar, heç bir layihədə iştirak edə bilməyəcəklər. Bizim ümidimiz sizədir. Siz böyüyüb Azərbaycanı uzaq ölkələrdə təmsil edəcəksiniz, ölkəmizin inkişafına töhfə verəcəksiniz. Güclü Azərbaycanı daha da inkişaf etdirəcəksiniz”.

Tədbirdə Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş etdirildi. Lisey şagirdləri Xocalıya həsr olunan şeirlər və kompozisiyalar səsləndirdilər.

Kaspi.edu.az

25.02.2022