XƏBƏRLƏR

Xocalım...

Kaspi Ağ Şəhər Liseyində Xocalı faciəsinin 30-cu ildönümü anıldı

“Biz son günə qədər Xocalıdan çıxmadıq. “Erməni kimdir ki, torpağı qoyub qaçaq”- deyə düşündük. Amma atışmalar başlayanda, ermənilər hücuma keçəndə biz meşələrdə gizlənməli olduq. Günlərlə ac-susuz qaldıq. Sonra ermənilər bizi əsir götürdü. Gözümüzün qabağında əsirlərə olmazın işgəncələr verdilər...” Xocalı faciəsində sağ qalan Gülayə Orucovanın çıxışı müdhiş, qanlı-qadalı xatirələrin təkcə xocalılıların deyil, bütün xalqımızın yaddaşından heç zaman silinməyəcəyini və tarixin ibrət dərsi olduğunu deməyə əsas verdi.

Xocalı qətliamından 30 il keçir, amma insanların soyqırımı, əsirlik, qaçqınlıqla dolu ağrılı günlər sağ qalan xocalılıların gözlərinin qarşısından kinolenti kimi keçir...

Kaspi Ağ Şəhər Liseyində Xocalı soyqırımının 30 illik ildönümünə həsr olunan “Xocalım” adlı mərasimdə nümayiş etdirilən kadrlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılıların məruz qaldıqları soyqırımından təfərrüatı ilə söhbət açdı.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.  

Xocalı soyqırımının  başvermə tarixi, yaşanan faciə ilə bağlı videoçarx nümayiş olundu: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən motoatıcı alayının hərbçiləri tərəfindən qədim Xocalı şəhəri yerlə-yeksan edildi. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Qırğın zamanı 487 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Həmçinin 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi”.

Mərasimin rəsmi hissəsində Xocalı faciəsinin 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu qeyd edildi.  

Liseyin tarix müəllimi Fuad Cavadov Xocalının tarixi haqqında məlumat verdi. “1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri - Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı olub. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciəsidir”.

Faciədən keçən 30 il müddətində doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşadılar. Onlar dünya xalqlarına və dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər etdilər. 44 günlük Vətən müharibəsində Zəfərimiz, torpaqlarımızın işğaldan azad edilməsi xocalılıların da təsəlli yeri oldu.

Liseyin direktoru Səbinə Əliyeva “Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xocalıda baş verənlər gələcək nəsillərə çatdırılmalıdır”-deyə qeyd etdi.

Tədbirdə liseyin müəllimləri Sitarə  Cəfərova, Elnur Cəfərov və Kənan Məmmədovun şagirdlərlə birgə hazırladıqları videoçarx nümayiş olundu. Liseyin Musiqi və incəsənət məktəbinin şagirdlərinin, xor kollektivinin və yuxarı sinif şagirdlərinin ifasında kompozisiyalar təqdim olundu.

“Qisas qiyamətə qalmadı. Biz Zəfər yolu ilə gedirik. Bu yol iqtisadiyyatın, mədəniyyətin, azadlığın, müstəqilliyin yoludur”- deyə şagirdlərin ümid və qürur dolu fikirləri ilə  mərasimə yekun vuruldu.

kaspi.edu.az

24.02.2022