XƏBƏRLƏR

Gəlin, birgə öyrənək!

Əhmədli KİDS-in uşaqların məktəbəhazırlığına töhfəsi

Uşaqların təhsilə atılan ilk addımı məktəbəhazırlıq dövründə baş verir. Təhsilin bu dövründə əsas məqsəd azyaşlı uşaqları məktəb təliminə hazırlamaqla əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, psixoloji dayanıqlığını artırmaqdan ibarətdir.

Kaspi Təhsil Şirkətinin məktəbəhazırlıq bölməsi (Kaspi KİDS) də fəaliyyəti ilə bu yaş dövrünü əhatə edən uşaqların məktəbə hazırlanmasında, intellektual, fiziki, psixoloji və sosial-emosional inkişaflarının formalaşmasında, potensial imkanlarının üzə çıxarılmasında öz töhfəsini verməkdədir.

2011-ci ildən fəaliyyətə başlayan Kaspi KİDS fəaliyyət göstərdiyi müddətdə minlərlə məzunu ölkəmizin və xarici ölkələrin nüfuzlu orta məktəblərinə, lisey və gimnaziyalarına müvəffəqiyyətlə qəbul olub. Həmin şagirdlər hal-hazırda da Kaspi Kids məktəbəhazırlıq proqramının güclü bazası əsasında təhsillərini yüksək səviyyədə davam etdirirlər.

Kaspi KİDS məktəbəhazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Bu proqram Azərbaycan və rus bölmələri üzrə 4-6 yaşlı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafının əldə edilməsində, əmək vərdişlərinə yiyələnməsində, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Kaspi-nin ilk qaranquşu

Kaspi KİDS-in Əhmədli qəsəbəsində (Əhmədli qəs. Əhmədli küç. 9) yerləşən filialını təhsil müəssisəsinin məktəbəhazırlıqla bağlı ilk qaranquşu hesab etmək olar. 2011-ci ildə yaranan filialda təhsil alan uşaqlar məktəbə ilk addımlarını atırlar. Filialda 4-5 və 5-6 yaşlı uşaqlar Azərbaycan və rus bölmələri üzrə təhsil alırlar. Hər qrupda 16 uşaq oxuyur. Onların təlim-tərbiyəsi ilə hər qrupda iki müəllim məşğul olur. Belə ki, 4-5 yaşlılara ikiillik proqram tədris olunur. Kaspi Təhsil Şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan “Əlifba”, “Təbiət və biz” “Riyaziyyat” dərslikləri proqramda yer tutur və “İş dəftəri”ndə məntiqi tapşırıqların möhkəmləndirilməsinə vaxt ayrılır. 5-6 yaşlılara tədris olunan proqram (birillik) isə onları artıq məktəb proqramını keçməyə tam hazırlayır. 

Birinci sinfə ilk addım

Əhmədli KİDS-in direktoru Nigar Aşurova bildirdi ki, proqram uşaqların ilk riyazi anlayışları, hərfləri öyrənmələrinə, nitq inkişaflarına, sosiallaşmalarına, oyunlar vasitəsilə dünyaya baxışlarının formalaşmasına yol açır: “Tədris proqramları uşaqların sadə əmək vərdişlərinə yiyələnməsində, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, dünyagörüşlərinin inkişafında  mühüm rol oynayır. Məktəbəhazırlıq təlimləri uşaqlarda həmçinin müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasına təsir edir. Özlərinə xidmət vərdişləri aşılayır. Onlar sosial vərdişlərə yiyələnirlər, məntiqi təfəkkürləri inkişaf edir. Bu proqram birinci sinfə ilk addımdır. Uşaqlar buradan məktəbə yollanırlar”.

Əhmədli KİDS-də uşaqlara Kaspi mütəxəssisləri tərəfindən hazırlanmış Kaspi Kids nəşrləri – “Savad təlimi”, “Riyaziyyat”,  “Ətraf aləmlə tanşlıq”, “İngilis dili”, ”Əmək”, “Rəsm” kitablarından, əlavə “Məntiq” iş dəftəri dərsliyindən tədris olunur. Həmçinin uşaqlar uşaq ədəbiyyatı, nitq inkişafı, fiziki tərbiyə və musiqi dərslərindən faydalanırlar.

Məktəbəhazırlıq şərtdir

Əhmədli KİDS-də xüsusi həssaslıqla seçilmiş müəllimlər və məktəbəqədər təhsil istiqamətində yüksək təcrübəyə malik peşəkarlar çalışır.

Azərbaycan bölməsi üzrə 5-6 yaşlıların qrup müəllimi Raifə Məmmədovanın fikrincə,  məktəbhazırlıq dövrü təkcə uşaqların yazı və oxu qabiliyyətlərinin inkişafı üçün əsas deyil: “ Məktəbəhazırlıqda uşaqların düşüncə və fəaliyyətlərinin inkişafına xüsusi yer ayırırıq. Onlara alqoritm öyrədilir. Məktəbəhazırlıq uşaqların inkişafı üçün əsas şərtdir”.

Rus bölməsinin müəllimi Leyla Zeynalova da həmkarının fikirlərini təsdiqləyir: “Məktəbəhazırlıqda uşaqların biliklərinin bünövrəsi qoyulur. Bu siniflərdə tədrisə üstünlük verilir. Uşaqlar ətraf aləmlə məhz bu siniflərdə tanış olurlar. Yoldaşlarına, böyüklərə hörmət etməyi öyrənir, sosiallaşır, yazmağı, hesablamağı öyrənirlər. Onlar orta məktəbin 1-ci sinfinə artıq hazırlıqlı gedirlər. Həmçinin uşaqların sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında keçirilən məşğələlərin böyük əhəmiyyəti var”.

Məktəbi sevən uşaqlar

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar dərslərə böyük maraq göstərirlər. Onlarla söhbətləşəndə bu həvəsi aydın müşahidə etmək olur. “Gəlin, birgə öyrənək” balacaların şüarıdır!

Məryəm Cəfərova “Məktəbə gəlməklə böyümək istəyirəm”-deyir: “İngilis dili, riyaziyyat və Azərbaycan dili dərslərini maraqla oxuyuram. Məşğələlər xoşuma gəlir”.

Zeynəb Qəmbərli də dərsləri və yoldaşlarını çox sevdiyini deyir: “Qrupda çoxlu dostlarım var. Müəllimlərimi də sevirəm. Yazmağı, oxumağı öyrənirəm”.

Əhmədli Kids-də tədris proqramına əlavə olaraq şahmat, rus dili, rəsm, STEAM dərnəkləri daxildir. Belə ki, bu məşğələlər uşaqlarda ilkin savad, riyazi və həndəsi biliklərin, yaradıcılığın və ilkin mühəndislik bacarıqlarının formalaşmasına və inkişaf etməsinə köməklik göstərir.

Əhmədli KİDS-də həmçinin məktəbəqədər hazırlıq kursu dövründə uşaqların təxəyyülünü, dünyagörüşünü inkişaf etdirən ekskursiyalar, bayram tədbirləri, müsabiqələr, yarışlar, viktorinalar təşkil olunur. Həyata keçirilən  müxtəlif sosial layihələr, xeyriyyə tədbirləri isə uşaqlarda xeyriyyəçilik, yardımsevərlilik kimi xüsusiyyətlərin formalaşmasına hesablanıb. Məktəbəhazırlıq qruplarında oxuyan uşaqların valideynləri də Əhmədli KİDS-dən övladlarını məktəbə yola salacaq kollektivə minnətdarlıq edirlər: “Övladlarımız ilkin biliklərini bu qruplarda qazanırlar. Bu, məktəbə bilik körpüsüdür”.

Kaspi.edu.az

22.02.2022