XƏBƏRLƏR

Kaspi Liseylərinin şagirdlərinin Dünya Alimlər Kubokunda uğuru

Şagirdlərimiz Beynəlxalq turnirə vəsiqə qazanıblar

Kaspi Liseylərinin şagirdləri Dünya Alimlər Kuboku Çempionatının (World Scholar’s Cup) Bakı mərhələsində uğurla iştirak ediblər. Avropa Azərbaycan Məktəbində keçirilən çempionat 3 gün ərzində iştirakçılara həyəcanlı anlar yaşadıb. Turnirdə Bakının 10 məktəbindən 500 şagird iştirak edib. Kaspi Liseylərindən – Kaspi Ağ Şəhər Liseyi və Bakıxanov Filialından 60 şagird çempionatda mübarizə aparıb.

Qeyd edək ki, Dünya Alimlər Kuboku hər il 70-dən çox ölkədən 18 yaşadək iştirakçıları əhatə edən beynəlxalq akademik proqramdır. 2007-ci ildə təsis edilən turnirin məqsədi  inkluziv zənginləşdirmə sayəsində mənşəyindən və mədəniyyətlərdən asılı olmayaraq bütün gəncləri öyrənməyə, əylənməyə, əməkdaşlıq etməyə və böyüməyə ruhlandırmaqdır.

Dünya Alimlər Kubokunun (WSC) növbəti Bakı mərhələsində iştirakçılar incəsənət, musiqi, tarix, ədəbiyyat, media, sosial elmlər, elm, texnologiya və bu il xüsusi sahə olmaqla, altı akademik fənn üzrə fərdi və komanda debatlarında, yazı və bilik testlərində iştirak ediblər.

Kaspi Liseylərinin şagirdləri turnirdə uğurlu nəticələr əldə ediblər. Şagirdlərimiz müxtəlif nominasiyalar üzrə 7 kubok, 58 qızıl, 50 gümüş medal qazanıblar. Komandalarımızın təxminən yarısı beynəlxalq raunda vəsiqə əldə ediblər.

Kaspi Liseylərinin İngilis dili fənn rəhbəri Elnurə İncə kaspi.edu.az-a açıqlamasında  liseyin şagirdlərinin bu yarışmada həvəslə iştirak etdiyini bildirdi: “Şagirdlərimiz bu yarışmaya həvəslə qatılırlar. Onlar bu turnirdə kifayət qədər aktivdirlər. Buna görə də hər il yarışmada nominasiyalar üzrə kubok və medallar qazanırlar. Ümumiyyətlə, liseyin şagirdlərinin biliklərini WSC və digər bu kimi müxtəlif beynəlxalq yarışmalara cəlb etməklə genişləndirməyə çalışırıq”. E.İncə Dünya Alimlər Kuboku turnirinin yenidən keçirilməsini şagirdlərin inkişafı istiqamətində müsbət addım adlandırır: “Bu çempionatda şagirdlər müxtəlif bacarıqlara sahib olur, bir-birləri ilə əməkdaşlıq edir, təhlil etməyi, müzakirələr aparmağı öyrənir və komanda bacarıqları formalaşır. Həm komandalar, həm fərdi iştirakçılar qiymətləndirilir. Bu yarışma şagirdlərdə özlərinə inam yaradır, fərdi təcrübə qazandırır”.

Qeyd edək ki, çempionatda yüksək performans göstərən qalib komandalar 2022-ci ilin iyununda Dubayda keçiriləcək Beynəlxalq Mərhələdə və noyabrda Yale Universitetində hər il keçirilən WSC Çempionlar Turnirində iştirak hüququ qazanıblar. Kaspi Liseylərinin şagirdləri də beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Xatırladaq ki, Dünya Alimlər Kubokunun Bakı mərhələsi Azərbaycanda ilk dəfə 2018-ci ildə Kaspi Liseyində keçirilib. Həmin turnirdə liseylərimizin şagirdləri bir neçə nominasiya üzrə yerlər qazanıblar.

Kaspi Liseylərinin şagirdlərinə beynəlxalq turnirlərdə uğurlar arzulayırıq!

 

27.01.2022