XƏBƏRLƏR

"Siz şəhid oldunuz ki, biz azad olaq..."

Kaspi Liseyinin Bakıxanov filialında 20 Yanvara həsr olunan tədbir keçirildi

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun terroruna məruz qalan xalqımız azadlıq əzmini itirmədi, haqq səsini daha ucadan bəyan etməyi bacardı. Düz 32 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Kaspi Təhsil Şirkətinin Bakıxanov Liseyində keçirilən “Siz şəhid oldunuz ki, biz azad olaq...” adlı tədbir də 32 il əvvəl – 20 Yanvarda azadlıq uğrunda mücadiləmizə, şəhidlərimizin xatirəsinə həsr olundu.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndi. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Qeyd edildi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. “20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün sovet hərbçilərinin vəhşi terroruna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı”.

Kaspi Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək qeyd etdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazılıb: “Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi”. S.Vəliyeva qeyd etdi ki, 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin azərbaycanlılar və tələbələrlə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və imperiya rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu: “Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu qələbəni heç vaxt əlindən verməyəcək”. S.Vəliyeva diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi: “Ulu öndərin həmin bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Cinayəti törədənlərin adları bütün dünyaya çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. Məhz həmin hadisələr nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə malikdir”.

Bakıxanov Liseyinin direktoru Sahil Əliyev qeyd etdi ki, 20 Yanvar azadlıq salnaməsi, azadlığın açarı oldu: “ Sonra bu millətin ruhu Dəmir yumruğa döndü və 30 ilə yaxın işğalda qalan torpaqlarımızı azad etdi. Bu ruhu qoruyub saxladıqca qələbə bizim olacaq!” Tədbirdə Liseyin şagirdlərinin ifasında 20 Yanvara həsr olunan səhnəciklər təqdim olundu, xor kollektivinin ifasında azadlıq mücadiləmizə həsr olunan mahnılar səsləndi.

Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlrimizə Tanrıdan rəhmət diləyirik!

20.01.2022