Kaspi Liseyləri "İllik İngilis Dili həftəsi"ni təqdim etdi
Yarmarkadan əldə olunan gəlir Yaşat Fonduna köçürüləcək
Kaspi Liseylərinin hər ilin sonunda təqdimatını keçirdiyi «İllik İngilis Dili həftəsi” (Annual English Week) adlı tədbir təhsil müəssisəsində İngilis dilinin tədrisinin hesabatı kimi də xarakterizə olunur. Liseyin İngilis dili Departamentinin hazırladığı tədbir Ağ Şəhər Liseyinin və Bakıxanov filialının bütün siniflərini əhatə edir. Belə ki, III-VIII sinif şagirdləri hekayələrini (bookstory), V-VI siniflər hekayələr əsasında teatr səhnəciklərini (Drama Presentation), IX-XI siniflər debat yarışmalarını təqdim etdilər.

Şagirdlərin həyat hekayələri
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva liseyin şagird və müəlimlərini, eləcə də tədbirə onlayn qoşulan valideynləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. S.Vəliyeva qeyd etdi ki, şagirdlərin təqdim etdiyi hekayələr və teatrlaşdırılmış təqdimatları onların özlərini sərbəst ifadə etməsinə kömək edir: “Şagirdlər bu tip tədbirlərlə öz cəsarətlərini ortaya qoyur, arzularını ifadə edir, bölüşməyi öyrənir və sosiallaşırlar”.

Liseyin İngilis dili Departamentinin rəhbəri Elnurə İnci tədbiri fəaliyyətlərinin göstəricisi kimi dəyərləndirdi: “Biz tədbirdə dərslərdəki nümunələri təqdim etdik. “Kitab yaradıcıları” bölməsində şagirdlər mütaliəyə önəm vermələrini, “Dram səhnəcikləri” bölümündə incəsənətə sevgilərini, ümumilikdə isə bacarıqlarını nümayiş etdirdilər. Bu həm də şagirdlərin həyati bacarıqlarının göstəricisidir”.

Qeyd edək ki, liseyin “Kitab yarmarkası” layihəsi bir ay bundan əvvəl elan olunub. Şagirdlərin bu müddətdə hazırladıqları müxtəlif mövzulu hekayələr lisey tərəfindən kitab şəklində dərc edilib.
.jpg)
Liseylərin foyelərində sərgilənən kitablar müxtəlif həyat hekayələri ilə maraq doğurur. Hər bir hekayə şagirdlərin fantaziyası, həyata baxışı, zehni və məntiqi ilə ərsəyə gəlib.
Şagirdlərin hekayələrindən ibarət ümumilikdə 200 kitab dərc olunub. Bu kitablarda şagirdlərin gündəlik yaşam tərzləri, düşüncələri, valideynlərinə, müəllimlərinə və dostlarına münasibətləri, mütaliəyə, elmə və təhsilə həvəsləri, o cümlədən ətraf aləmə, təbiət və heyvanlara qayğıları öz əksini tapıb.
Yaşat fonduna yardım
.jpg)
Ağ Şəhər Liseyində təşkil olunan tədbirdə 6B sinif şagirdi Amin Əsgərlinin “Böyük Aleksandr”, 6C sinif şagirdi Ayan İsmayılzadənin “Planetlər”, 6A sinif şagirdi Saleh Əhmədzadənin “Sehrli oğlanlar”, D1 sinfində oxuyan Fidan Pirmalıyevanın ”Mənim albomum”, 7C sinif şagirdi Yağmur Quliyevanın “Özünə inan”, Şövkət İsmyılzadənin “Messi” və s. hekayələri maraqla qarşılandı. V-VI sinif şagirdlərinin ingilis dilində təqdim etdiyi səhnəciklər tədbiri izləyənlərə xoş ovqat bəxş etdi.
.jpg)
Qeyd edək ki, 3 gün davam edəcək sərgi yarmarka xeyriyyə məqsədi daşıyır. Kitabların satışından əldə olunan gəlir “Yaşat” fonduna köçürüləcək.

.jpg)





