Ağ Şəhər Liseyinin şagirdləri "Sevincli dünyaya səyahət" edib
Yazıçı-tərcüməçi Sevinc Nuruqızı Liseydə şagirdlərlə görüşüb
Kaspi Liseyinin Ağ Şəhər filialında “Sevincli dünyaya səyahət” adlı tədbir keçirilib. Liseyin kitabxanası tərəfindən 5-ci sinif şagirdləri üçün təşkil edilən tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı, şair, tərcüməçi Sevinc Nuruqızı olub. olub.

Tədbirdə Sevinc Nuruqızının həyat və yaradıcılığı ilə bağlı video nümayiş etdirilib. Qeyd edilib ki, S.Nuruqızı şagirdlərə ədəbiyyatı sevdirən, onlarda mütaliəyə maraq oyadan yazıçıdır: “Sevinc Nuruqızı Azərbaycan uşaq ədəbiyyatında yaratdığı obrazlarla seçilir. Qəhrəmanları ilə təkcə uşaqların deyil, həmçinin böyüklərin də diqqətinə, marağına səbəb olan Sevinc Nuruqızının qələmə aldığı əsərləri ruhən təzə və həyatidir. Sevinc Nuruqızının yaradıcılığı zamanın tələblərinə cavab verir. O öz əsərləri ilə heç kəsi təqlid eləmir, heç kəsə bənzəmir, özünəməxsusluğu, səmimiyyəti, uşaq qəlbinə yaxınlığı ilə fərqlənir”- deyə qeyd edilib.

Liseyin direktoru Səbinə Əliyeva qonağı salamlayaraq Sevinc Nuruqızını əsərləri ilə kiçik oxucularının ürəyinə yol tapan yazıçı və şair kimi dəyərləndirib: “Uşaqlar üçün yazmaq, onların dili ilə danışmaq o qədər asan deyil. Bu, xüsusi istedad tələb edir. Siz uşaqlara ünvanlanan və onlar tərəfindən sevilən çoxlu kitabların müəllifisiniz. Bu gün uşaqların sizinlə canlı ünsiyyətdə olmasının onlar üçün böyük əhəmiyyəti var”.
Liseyin kitabxanasının direktoru Şahnaz Quliyeva: “Sevinc Nuruqızı Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və bütün bunların mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibidir”- deyə qeyd edib.

S.Nuruqızı əsərləri, ayrı-ayrı obrazları haqqında şagirdlərə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Yazıçı yaradıcılığına şagirdlərin yaxından bələd olmasından məmnunluğunu bildirib: “Uşaqlar mənim üçün həmişə maraqlıdır. Auditoriyalar zaman-zaman dəyişir. Bu auditoriya ilə asanlıqla ünsiyyət tapdım. Şagirdlərin yaradıcılığımla bu qədər yaxından tanış olmaları məni bir müəllif kimi çox sevindirdi. Mənim yaradıcılığıma maraq göstərməyiniz sizin ədəbiyyatı, mütaliəni sevməyinizdən irəli gəlir. Yeni yazacağım əsərlərlə də görüşünüzə gələcəyəm”.

Tədbirdə şagirdlər Sevinc Nuruqızının şeirlərini səsləndiriblər. Həmçinin musiqisi Oktay Rəcəbova, sözləri Sevinc Nuruqızıya məxsus musiqi nömrəsi dinlənilib.





