XƏBƏRLƏR

Tarix yaradan insan

Kaspi Bakıxanov filialında ulu öndər anıldı

“Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir”. Kaspi Liseyinin Bakıxanov filialında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Tarix yaradan insan” adlı tədbir içtirakçılara ulu öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmağa bələdçilik etdi. 

Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi. “Dünyanın bir sıra dövlət başçıları “Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib”- həqiqətini dəfələrlə səsləndiriblər. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi”-deyə tədbirin aparıcıları qeyd etdilər.

“Təhsil millətin gələcəyidir”

“Ümummilli lider titulunu qazanmaq, millətin sevimlisi olaraq o səviyyəyə yüksəlmək hər adama nəsib olmur. Bu, ilahi qismətdir”- deyə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva qeyd etdi: “Bu adı qazanmaq üçün insanlar xüsusi missiya ilə doğulurlar. Ulu öndər də belə bir şəxsiyyət idi. O xalqın taleyüklü məslələrində öz canından keçməyə hazır idi. Biz bunun da şahidi olduq: Azərbaycanın parcalanmaq təhlükəsi ilə üz-üzə olduğu bir dövrdə yenidən xalqın təkidi ilə hakimiyyətə gəlməsi ölkəni xilas etdi. Ulu öndər Azərbaycan xalqına taleyin elə bir qisməti idi ki, ölkəmizə iki dəfə rəhbərlik etdi. Tarixin iki kəsimində də o xalqın ümummillli lideri olduğunu sözün həqiqi mənasında təsdiq etdi”. S.Vəliyeva ulu öndərin Azərbaycanın müstəqillik qazanması uğrunda mübarizəsində öndə getdiyini, ölkəmizin inkişaf istiqamətlərini müəyyənləşdirdiyini vurğuladı: “Təhsil millətin gələcəyidir”- deyən ulu öndər 70-ci illərin sonlarından 90-cı illərə qədərki dövrdə SSRİ-nin ən yaxşı universitetlərində gənclərin təhsil alması məsələsini irəli çəkdi. Ölkənin gələcək inkişafı üçün kadr potensialının formalaşması üçün təhsilin əhəmiyyətinə xüsusi önəm verdi. Təhsilə önəm verməklə dövlətin gələcək inkişafını müəyyən etdi. Bu baxımdan dövlətin inkişaf istiqamətlərinin yenidən bərpasında ulu öndərin xidmətləri əvəzsizdir”. S.Vəliyeva qeyd etdi ki, bu gün Azərbaycan dövləti ulu öndərin arzularını həyata keçirərək gün-gündən inkişaf edir: “Bu gün xoşbəxtik ki, ulu öndərin yaratdığı Azərbaycan  dövlətinin inkişaf sükanı çox bacarıqlı əldədir. Ulu öndərin həm siyasi, həm mənəvi varisi olan Prezident İlham Əliyev Azərbaycanı bütün sahələrdə irəli aparır. Ulu öndərin arzusunda olduğu əsir torpaqlarımızın geri qayıtması daxili və xarici siyasətimizin, gənclərə verdiyimiz vətənpərvərlik tərbiyəsinin sayəsində mümkün oldu. Ali Baş Komandanın qətiyyəti,  şəhidlərimizin canı və qanı, qazilərimizin igidliyi, xalqımızın birliyi sayəsində işğalda olan torpaqlarımız azad edildi.  İndi o rayonların hər birində Azərbaycan bayrağı dalağalanır. Bu, ulu öndərin qoyub getdiyi siyasətin uğurla həyata keçməsi deməkdir. Biz bununla qürur duyuruq!”

Ulu öndərlə 10 il birlikdə

Ulu öndər Heydər Əliyevlə 10 il çalışan tanınmış fotoqraf Rafiq Bağırov da zalda əyləşən və anım gecəsini onlayn izləyən tədbir iştirakçılarına xatirələrini bölüşdü: “Ulu öndərlə çalışdığım 10 il ərzində onu hər gün görmüşəm. Onunla işləmək böyük məsuliyyət tələb edirdi. Özünün də fotoqrafiyaya böyük marağı vardı və hər bir şəkli yüksək zövqlə qiymətləndirməyi bacarırdı. Məni peşəkar fotoqraf edən də ulu öndər olub”.  R.Bağırov ulu öndərin xaricə səfərləri zamanı onunla birlikdə 100-dən artıq ölkədə olduğunu dedi: “Heydər Əliyevin sayəsində dünyanı gəzmişəm. Onunla 100-ə yaxın ölkədə səfərdə olmuşam. Yaponiyada Kral sarayında, Vaşinqtonda “Ağ evdə”, Klivlenddə və başqa ölkə rəhbərlərinin iqamətgahlarında, iş kabinetlərində olmuşam. Onunla Kəbəyə daxil olmuşam.Onun arxivində olan fotoların 90 faizini mən çəkmişəm.”.

R.Bağırov Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə çalışdığına görə özünü xoşbəxt saydığını dedi: “Elə bir dahi şəxsiyyətlə təmasda olmaq, səfərlərində onun fotolarını çəkmək hər fotoqrafa nəsib olmur. Bunlar tarixi sənədlərdir. Sevinirəm ki, bu iş mənə etibar olunub. Buna görə çox xoşbəxtəm”.

Liseyin direktoru Sahil Əliyev ulu öndərin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi xidmətlərdən, onun siyasi fəaliyyətindən, müasir Azərbaycanın qurucusu omasından danışdı: “Ulu öndər elə bir həyat yaşayıb ki, biz saatlarla və ya günlərlə də danışsaq onun xidmətlərini əhatə edə bilmərik”.

Tərdbirdə Liseyin şagirdlərinin “Tarix yaradan insan”ın həyat yolu ilə bağlı çıxışlarından hazırlanmış videçarx, səhnəciklər və liseyin xor kollektivinin ifası təqdim olundu.

Sonda xatirə şəkli çəkildi.

 

13.12.2021