STEAM Azərbaycan Festivalına start verilib
Kaspi Liseyinin şagirdləri də yarışlarda iştirak edir
STEAM Azərbaycan Festivalı (SAF- 2021) fəaliyyətə başlayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.
SAF (STEAM Azerbaijan Festival) 2021 – Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə olaraq Baku Expo Mərkəzində keçirilir.
Festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edib.

Təhsil Nazirliyinin məlumatına görə, festival çərçivəsində nəzərdə tutulan yarışlar "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior", "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot, üzrə kateqoriyaları istiqamətində reallaşacaq. Əlavə olaraq iştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olacaq, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar.
Festival iki gün davam edəcək. Dekabrın 10-da həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması nəzərdə tutulur.
Festivala regionlardan 91 komandadan 374, paytaxt üzrə 198 komandadan 518 olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Qeyd edək ki, Kaspi Liseyinin 10 komandası (20 şagirdi) yarışlarda iştirak edir.
STEAM Azərbaycan festivalında iştirak edən şagirdlərimizə uğurlar arzulayırıq!

