Hər yarış - bir təcrübə
Şagirdlərimiz olimpiadadan qayıdıb
Kaspi Liseyinin şagirdləri 5-7 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2021” festivalından qayıdıblar. 2001-ci ildən bəri hər il təşkil olunan bu olimpiada Avropada keçirilən ən böyük robotika tədbiri hesab olunur. Bu olimpiadaya 13 yarış növü üzrə 600-dən çox iştirakçı qatılıb. Texnologiya sənayesi liderlərindən ilham almaq üçün minlərlə mühəndisi, idarəçini, tələbəni və ailəni bir araya gətirən robototexnika festivalı olan Robotex-də iştirak etmək hər bir şagirdin arzusudur.
.jpg)
Kaspi Liseyinin şagirdləri Cavid Əlizadə (IX), Ayxan Mehdiyev (IX), Ömər İsgəndər (VIII), Ayhan Hüseynov (VIII), Nicat Hüseynov (VIII), Vüsal Rüstəmli (VIII), Cəmil Zeynallı (VIII), Fuad Əlimirzə (VIII), Aylin Qulubəyova (VII) da bu olimpiadada iştirak etmək şansı qazanıblar. Olimpiadada iştirak edən komanda liseyin Beynəlxalq Layihə Olimpiadaları üzrə koordinatoru Kamran Əsgərovun rəhbərliyi ilə çalışıb.
Hər kəs qalibdir
“Olimpiadada 4 komanda ilə yarışırdıq və bacardığımızı etdik”- deyə K.Əsgərov olimpiada ilə bağlı təssüratlarını Kaspi.edu.az saytına bölüşüb: “Robomiku Lego Sumo” və “Robomiku Lego Line Follower” kateqoriyaları üzrə yarışlara qoşulduq. Birinci komandamız 48 komanda arasında qrup mərhələsini uğurla başa vuraraq 12 komandadan ibarət final mərhələsinə keçdi. İkinci komandamız isə 1 xalla final mərhələsinə yüksələ bilmədi”. K.Əsgərov olimpiadada qazandıqları nəticəni uğurlu hesab edir: “İstənilən olimpiada, yarış və texnoloji sərgilər şagirdlərin gələcək həyatında mühüm rol oynayır. İştirakçılar komanda işinin yüksək formasını bu yarışlarda öyrənir. Digər ölkə, rayon və bölgələr, məktəblər və təhsil ocaqlarındakı həmyaşıdları ilə özünü müqayisə edə bilir. Texniki və nəzəri bilikləri daha dərinləşdirir. Cihaz-proqram əlaqələrini daha yaxşı anlayır. Qoyulmuş məsələnin həllini daim düşünərək, “yenilikçi” düşünmə forması yaradır. Nəticələrinin qeydləri əsasında, özündə analiz-etmə qabiliyyəti formalaşırdırır. Tənqidi təfəkkür bacarığını daha çox üzə çıxarır. Xüsusən xarici ölkələrə səfər edərkən orada gördükləri yeniliklər, onun fikirlərini çox dəyişdirir. Oradan əldə etdiyi iştirak sertifikatları, medallar və diplomlar gələcək kariyerasında çox əhəmiyyətli bir sənəd olur”. K.Əsgərov hesab edir ki, şagirdlər həmçinin məsuliyyət, digər komandalara və yoldaşlarına hörmət, xarici ölkələrdən dostluqlar, dilin inkişafı və s. faydalı bacarıqlar toplayır: “təcrübələrimə əsasən deyə bilərəm ki, bu tip yarışlarda iştirak edən hər kəs qalibdir. Bu bilik və bacarıqların şagirdlərin gələcək həyatında hər zaman köməklərinə çatacağına əminəm!”

Gələcək üçün təcrübə
Olimpiadada 6-cı yerin qalibi olan iki şagirdimiz –Bakıxanov filialının IX sinif şagirdləri Ömər İsgəndər və Ayhan Hüseynov olimpiadada bir komandada iştirak ediblər. Bilik yarışmasında 6-cı yerin sahibi olan hər iki şagirdin təəssüratları da maraqlıdır. Ömər İsgəndərov hələ də olimpiadanın sevinc və həyəcanını yaşayır: “Olimpiadada iştirak mənim üçün yenilik idi. Texnoloji yeniliklərlə tanış oldum. Komandada işləmək bacarığı əldə etdim. Həmçinin bu məni yeni yarışlarda iştirak etməyə həvəsləndirdi. Bundan sonra da robotexnika sahəsində daha geniş biliklər əldə etməyə çalışacam”.
.jpg)
Ayhan Hüseynov olimpiadanı özü üçün təcrübə hesab edir: “Yarış müddətində ingilis dilində danışmaq fürsəti əldə etdim. Texnoliji istiqamətdə biliklərimi genişləndirməyi qarşıma məqsəd qoydum. Bundan sonra da bu tip yarışlarda iştirak etməyə və qalib olmağa çalışacam”.
Ağ Şəhər Liseyinin 8A sinif şagirdi Fuad Əlimirzə olimpiadada ilk dəfə iştirak etməsinə baxmayaraq artıq özünü gələcək yarışlara hazır hiss edir: “Bu, mənim ilk bilik yarışım idi. Olimpiada günlərində yeniliklər öyrəndim. Hesab edirəm ki, bu yarış robotexnika sahəsində biliklərimin daha da artmasına kömək edəcək. Bu da gələcək yarışlarda uğur qazanmağımı təmin edəcək”.
.jpg)


.jpg)
.jpg)
Şagirdlərimizə gələcək bilik yarışlarında daha böyük uğurlar arzulayırıq!