XƏBƏRLƏR

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Demokratik inkişafa təminat yaradan sənəd

Bu gün Azərbaycan Respublikası Konstitusiyası Günü kimi qeyd edilir. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Ulu öndər deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

 

12.11.2021