Zəfərin mübarək, ey Vətən!
Kaspi Liseylərində Zəfər Günü və Dövlət Bayrağı günü qeyd edilir
“Bu gün Zəfər tarixini yazdığımız gündən bir il ötür. Bir il öncə Ali Baş Komandan İlham Əliyevin düşmənə qarşı əks-hücum əmri ilə igid Vətən oğulları “ya Qarabağ, ya ölüm “ deyərək silaha sarıldılar. 30 illik həsrətə 44 günlük dastana dönən bir döyüşlə son verdi igidlərimiz. Şanlı Qələbəni, Zəfər bayramını bizə yaşadan igidlərimizə eşq olsun!” Kaspi Liseyinin Bakıxanov filialında keçirilən “Zəfərimi alqışlayan bayrağım” adlı tədbirdə Zəfər Günümüz və Dövlət Bayrağı Günümüz bu qürur və şərəf doğuran cümlələrlə başladı. Kaspi Təhsil Şirkəti və Lisey rəhbərliyinin, şagird və müəllim kollektivinin, şəhid ailələrinin, qazilərin iştirak etdiyi tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.
Bu gün Vətən Günüdür...
.jpg)
Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva “Bu gün Vətən Günüdür. Qələbəmizin təməlində milli yaddaş dayanır. Vətən müharibəsində canından keçən oğullar Qarabağı görməyən oğullar idi. Amma onların milli yaddaşlarında Qarabağ yaşayırdı. Onları Qarabağ uğrunda döyüşə aparan, şəhidlik zirvəsinə ucaldan bu dəyər idi”. S.Vəliyeva tədbirdə iştirak edən şəhid analarına üz tutdu: “Siz Vətən sevgisi ilə yoğrulan, milli yaddaşa köklənən övladlar böyütdünüz. Onlar şəhidliyi qazanmaq, Vətən torpağını qorumaq üçün həvəslə döyüşə yollandılar. Bu, ölümün üzərinə gedib ölümü öldürmək idi. Bu, əsir torpaqları azad edib şərəfli tarix yazmaq idi. O əsgərlərin hər biri Vətəndir. Vətəni Vətən edən onun oğullarıdır. Başımızı uca edən oğullar cənnətlikdir. Əziz analar, siz o oğulları böyütmüsünüz. Qarşınızda baş əyirik! Vətən sağ olsun!”
.jpg)
S.Vəliyeva qeyd etdi ki, düşmənə qarşı əks-hücum əmri verən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində qazanılan qələbəmiz Azərbaycan tarixinin ən şərəfli səhifəsidir.
Biz zəfər çaldıq
Liseyin direktoru Sahil Əliyev “Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan oğulları həmişə öz torpağını qorumağa, Azərbaycan gəncləri bayrağımızı uca tutmağa hazırdır”-deyə qeyd etdi: “ Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə əldə olunan torpaqlarımızı həmişə qorumalıyıq. Bu zəfər yolunda, torpaqlarımızın bütövlüyü uğrunda qanlar axdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz zəfər çaldıq. Bizim borcumuz bu qələbə hissini şagirdlərə aşılamaq, onlara Vətəni sevməyi öyrətmək, qəhrəmanlarımızı tanıtmaqdır”.
30 illik arzu
.jpg)
“Birinci və ikinci Qarabağ müharibəsində döyüşən, xüsusi təyinatlı kəşfiyyatçı Vidadi Ağagülov çıxış edərək: “Uzun illər boyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Azərbaycan xalqının 30 illik arzusu, 30 illik duası həyata keçdi”- deyə bildirdi: “İllər keçsə də xalqımız bu günləri unutmayacaq. Böyüyən nəsil bu qəhrəmanlıq yoluna bələd olmalı, Vətənə məhəbbət ruhunda, şəhidlərimizə hörmət ruhunda böyüməlidir. Azərbaycanımızı irəli aparan şəhidlərimizin ruhudur”. Müharibə veteranı bütün məktəblərdə şagird stollarının üstündə bir şəhidin şəklinin olması təklifini irəli sürdü: “Bununla bağlı Təhsil Nazirliyinə də müraciət etmişəm. Bu şəkli görən şagirdlər heç vaxt dərslərini pis oxumaz. Onlara baxıb Vətəni sevərlər, vətənpərvər böyüyərlər”.
Vətən üçün böyüyən oğullar

Tədbirə dəvət olunan şəhid ana və atalarının çıxış edərək “Biz o övladları Vətən üçün böyütdük. Xalqımıza, millətimizə layiqli övlad yetişdirdik” deməsi isə görüşün ən qürur doğuran və təsirli anları oldu. Qəhrəman şəhidlərimizin valideynlərinə xatirə hədiyyələri təqdim edildi.
Tədbirdə şagirdlərin ifasında, Vətənə, şəhidlərə həsr olunan şeirlər, mahnılar səsləndi, “Qarabağ Azərbaycandır” kompozisiyası nümayiş olundu. Liseyin tarix müəllimi Kənan Məmmədovun müharibənin döyüş xronikası haqqında hazırlanmış videosu şagirdlərin milli yaddaş tərbiyəsi istiqamətində çağırış oldu.
Şagirdlərin xorla səsləndirdiyi “Qoy bütün dünya bilsin ki, Zəfər Azərbaycanındır” fikirləri ilə tədbirə yekun vuruldu.
.jpg)
.jpg)


Zəfər Günümüz Mübarək!
Dövlət Bayrağı Günümüz mübarək!