XƏBƏRLƏR

Azərbaycan narının Kaspi liseyində bayramı

Nar məhsullarının sərgidə nümayişi

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Nar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Hazırda Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilib. Azərbaycanda yetişən narların dadı və dəyişməz keyfiyyətinə dünyanın heç bir yerində rast gəlinmir. Ölkəmizdə Nar bayramı ənənəsinin olması da bu meyvənin məşhurluğundan qaynaqlanır. Əsasən oktyabrın sonu və noyabr ayında, nar yığımı vaxtı keçirilən bayram şənliyinin sorağı artıq dünyaya yayılıb. Həmçinin ayrı-ayrı məkanlarda narın faydaları, dəyişməz dadı, ölkəmizi dünyada tanıtması, bölgələr üçün əhəmiyyəti və s. ilə bağlı sərgilər, festivallar təşkil olunur.

Kaspi Liseyi Ağ Şəhər filialında 1-ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunan sərgi də hər il ölkəmizdə keçirilən Nar bayramına bir töhfə oldu. Sərgidə birincilərin valideynləri tərəfindən və özlərinin iştirakı ilə hazırlanan şirələr, mürəbbələr, şirniyyatlar, rəsm əsərləri, dekorlar və s. nümayiş olundu. Sərgi təkcə nar meyvəsinin insan sağlamlığı üçün əhəmiyyəti baxımından deyil, həmçinin nar məhsulunun yetişdiyi bölgənin mədəniyyətini tanıtmaq baxımından əhəmiyyətli oldu.

A1 sinif müəllimi Samirə Şıxalızadə bildirdi ki, əsas məqsəd payız fəslinin ən faydalı meyvəsi olan narın sağlamlıq üçün xeyrini şagirdlərə başa salmaq, təbii məhsullara diqqəti yönəltməkdir: “Tədbirdə əl işlərinin nümayişi ilə valideyn və şagirdlərin yaradıcılığının üzə çıxarılması nəzərdə tutulub. Həmçinin nar məhsulu ilə yaradılan nümunələr vətənpərvərliklə, Vətən müharibəsindəki qələbəmizlə əlaqələndirilib”.

A2 sinif müəllimi Laçın Niftəliyeva sərginin təşkilinin valideynlərin məktəbə alışmasında, şagird-müəllim-valideyn birliyinin yaradılmasında böyük rolu olacağını qeyd etdi: “Hesab edirik ki, bu cür tədbirlər şagird-məktəb-valideyn üçlüyünün formalaşamasına, ünsiyyətin daha da yaxşılaşmasına səbəb olacaq”.

Sinif müəllimləri bundan sonra da bu tip tədbirlərin təşkilinə çalışacaqlarını bildirdilər: ”Şagirdlərin sosiallaşmasında, təbiətə sevgilərinin artmasında, bir-biri ilə ünsiyyətlərinin yaranmasında belə tədbirlər böyük əhəmiyyətə malikdir”.

29.10.2021