XƏBƏRLƏR

Biliklərin gizləndiyi xəzinə - məktəb kitabxanası

Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbir keçirilib

Şagirdlərin mütaliəyə diqqətinin artırılması, onlarda oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatlarına daxil edilməsində məktəb kitabxanalarının rolu əvəzsizdir. Kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafındakı mühüm rolu birbaşa cəmiyyətin inkişafına təkan verir. Qədim zamanlardan başlayaraq zəmanəmizə qədər Azərbaycanın təhsil müəssisələrində məktəb kitabxanaları yaradılıb və inkişaf etdirilib.

1999-cu ildə UNESKO - nun təşəbbüsü ilə oktyabrın 22-i “Dünya Məktəb Kitabxanaları Günü”nün təsis edilməsi də təsadüfi deyil. Belə bir günün qeyd olunacağını Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Blanş Vullz bəyan edib. 2005-ci ildə isə həmin assosiasiyanın növbəti prezidenti Piter Çenko bu bayrama rəsmi status verildiyini təsdiqləyib.

Təhsil sisteminin mühüm tərkib hissəsi olan məktəb kitabxanalarının inkişafına xüsusi qayğı ilə yanaşan Kaspi Liseyləri məktəb kitabxanalarının  inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirir.

 

 

Kaspi Ağ Şəhər Liseyinin şagirdlərinin Firudin bəy Köçərli adına Uşaq Kitabxanasına ekskursiyası da bu silsilədən olan tədbirlərdəndir. Beynəlxalq Məktəb Kitabxanaları Gününə təsadüf edən ekskursiyanın təşkilatçısı, Lisey kitabxanasının müdiri Şahnaz Quliyeva bu tip tədbirlərin əhəmiyyətini vürğulayır: “3-cü sinif şagirdləri üçün təşkil edilən ekskursiya onların yaddaşına yazıldı. Kitabxana əməkdaşları şagirdlərə, Firudin bəy Köçərlinin şəxsiyyəti və yaradıcılığı haqqında məlumat verdilər. Uşaqlar kitabxananın şöbələri ilə tanış oldular. Uşaq ədəbiyyatı, nağıl kitabları ilə tanışlıq da onlar üçün yaddaqlan oldu. Bu səfər uşaqları mütaliəyə həvəsləndirmək baxımından böyük əhəmiyyət daşıyır”. Ş.Quliyeva şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması üçün gələcəkdə də bu cür ekskursiyaların təşkil olunacağını bildirdi: “Kitabı sevmək, onu oxumaq zamanın tələbidir. Unutmaq olmaz ki, mütaliə insanı kamilləşdirir, onu öz vətəninə layiq vətəndaş kimi yetişdirir. Biz də şagirdlərimizi bu ruhda tərbiyə etməyə çalışırıq. Bundan sonra da ayrı-ayrı yaş qrupları üzrə şəhər kitabxanalarına ekskursiyalarımızı davam etdirəcəyik”.

 

 

Liseydə həmçinin şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılması, bu istiqamətdə müvafiq təbliğat işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

 

22.10.2021