XƏBƏRLƏR

Kaspi Liseyinin şagirdləri igid qazilərimizlə görüşdü

Təhsil müəssisəsi xeyriyyəçilik aksiyasını davam etdirir

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının birliyi, qəhrəman əsgərlərimizin şücaəti ilə şanlı tariximizə çevrildi. 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad edildi. Bu günlər ərzində arxa cəbhədə olan vətəndaşlarımız da ordumuza dəstək olmaqla  “Dəmir yumruq” kimi birləşdi, vətənimiz üçün canından keçən şəhidlərimizin, qəhrəman qazilərimizin ailəsinə dəstək üçün səfərbər oldu.

Fəaliyyətə başladığı gündən xeyriyyəçilik tədbirlərini, sosial layihələrini uğurla həyata keçirən Kaspi Liseyləri yenə də ənənələrinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə yardımlarını həyata keçirirlər.

Kaspi Ağ Şəhər Liseyinin 11-ci sinif şagirdlərinin bu günlərdə sinif rəhbərləri ilə birlikdə 4 qazi ailəsinə baş çəkməsi xeyriyyəçilik aksiyasının davamı oldu. Onlar layihəni dövlətin və Heydər Əliyev Fondunun imkansız və şəhid ailələrinə, müharibə iştirakçılarına yardım kampaniyalarından  örnək götürərək həyata keçirdiklərini bildirirlər: “Biz də öz yardımlarımızla qazilərimizə və şəhid ailələrinə dəstək göstərmək, onların yanında olmaq istəyimizi bildirmək istədik. Dövlət onsuz da bu təbəqədən olan insanları və şəhid ailələrini diqqətdə saxlayır. Biz də onlara az da olsa maddi və mənəvi yardım göstərməyi öz vətəndaşlıq borcumuz hesab edirik. Vətən uğrunda vuruşduqlarına görə bizim onlara həmişə minnətdarlıq borcumuz var”- deyə sinif rəhbəri Günel Əliyeva qeyd edir.

Xatırladaq ki, Liseyin ayrı-ayrı sinifləri bundan əvvəl də qazi və şəhid ailələrinə yardım kampaniyaları təşkil ediblər: “Bu cür aksiyalar şagirdlərin vətənpərvər ruhda böyüməsinə, Vətəni, torpağı sevmələrinə, qəhrəmanlarımızı yaxından tanımalarına dəstək olur.Onlara dəstək olmaq, maddi və mənəvi yardım etməkdən qürur duyduq”- deyə sinif rəhbəri Elxan Sultanov bildirir.

Qeyd edək ki, Kaspi liseylərinin digər sinifləri də bu xeyirxah təşəbbüsə qoşularaq aksiyanı davam etdirmək niyyətindədirlər.

 

 

13.10.2021