Vətənin balaca müdafiəçiləri
Vətənpərvərlik - təlim-tərbiyə prosesinin mühüm hissəsi kimi
Kaspi Ağ Şəhər Liseyinin I və II sinif rus bölməsi birgə maraqlı layihəyə imza atıb. “Vətən müdafiəçiləri” adlı layihə şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etməyə, milli qəhrəmanlarımızı, igid qazilərimizi, cəsur şəhidlərimizi tanıtmaq məqsədi daşıyır. Layihədə iştirak edən şagirdlərin ilk tədbiri 27 sentyabr tarixinə - Vətən müharibəsi şəhidlərimizin Anım Gününə həsr olunub. Şagirdlər hərbi geyimdə, əllərində üçrəngli bayrağımızla Vətənə, Qarabağa, orduya, əsgərlərimizə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər.
Layihənin təşkilatçıları olan sinif müəllimləri bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayacağına əmindirlər: “Çalışacağıq ki, təkcə tarixi günlərdə deyil, digər tədris günlərində də belə tədbirlər keçirək. Qoy şagirdlərimiz Azərbaycanımızı sevsinlər, vətəni müdafiə ruhunda böyüsünlər. Bu təlim-tərbiyə tədris prosesinin mühüm bir hissəsidir”.
Tədbir təşkilatçılarına Kaspi Təhsil Şirkəti adından təşəkkür edirik!