XƏBƏRLƏR

Kaspi Liseyi qapılarını açdı

Kaspi Liseyi Bilik Gününü qeyd etdi

15 sentyabr ənənəvi Bilik Günüdür. Yeni tədris ilinin sevinci, valideynlərin həyəcanı, məktəbə ilk dəfə qədəm qoyan birincilərin fərəhi bir-birinə qarışıb. Xüsusən çiyinlərində çanta, ata-analarına sığınan birincilərin bir azdan sinif otaqlarına hərarət gətirəcək təbəssümləri diqqət çəkir. Kaspi Liseyləri bu gün həmin sevinci yaşayan və paylaşan təhsil müəssisələri arasında birincilərdən oldu.

Ağ Şəhər Liseyi, Bakıxanov filialı və Beynəlxalq Məktəbi (İnternational School) 15 sentyabrda qapılarını şagirdlərinin üzünə açdı.

Liseylərdə pandemiya və karantin rejiminin şərtləri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları, müvafiq beynəlxalq təcrübələr və Təhsil Nazirliyinin təlimatları nəzərə alınıb. Liseyin müəllimləri bütünlüklə peyvənd olunaraq sertifikat alıblar.

Liseyin tibb işçiləri məktəbin pilləkənlərində şagirdlərin hərarətini yoxlayıb içəri daxil olmalarına icazə verirlər.

Övladını 1-ci sinfə gətirən Şəms Abbasova  həyəcanını gizlətmir: “Oğlum Cəfər Abbaslı bu gün 1-ci sinfə gedir. Sevincim hədsizdir. Övladımın hərtərəfli inkişafı, yaxşı təhsil alması üçün Kaspi Liseyini seçmişik. İnanırıq ki, Kaspi Liseyi  uşaqlarımızın təhsilinə hərtərəfli dəstək göstərəcək”.

Valideyn Aytən Nəsibova oğlu Rəşid Cəfərzadənin təhsili üçün Kaspi Liseyini seçməsini məktəbin qazandığı uğurlarla əlaqələndirir: “Kaspi Liseyi təhsil sahəsində təcrübəsi olan və daim uğurlar qazanan təhsil müəssisəsidir. Bu səbəbdən biz də övladımızı bu məktəbə etibar etdik. İnanırıq ki, nəticə yaxşı olacaq”.

1-ci sinif şagirdi Lanur Niftiyeva məktəbə həvəslə gəldiyini deyir: “Mən dərslərimi yaxşı oxuyacağam. Məktəbi bitirəndə həkim olmaq istəyirəm”. Atası Xəyal Niftiyev də sevincini bölüşür: “Biz Kaspi Liseyini təsadüfən seçmədik. Məktəbin şagirdlərinin qazandıqları uğurlara güvəndik. İnanırıq ki, bizim övladımız da bu liseydə hərtərəfli təhsil alacaq”.

Kaspi Liseyi ənənəsinə sadiq qalaraq şəhid övladlarının təhsil almasına şərait yaradıb. Bu il oxumaq üçün Kaspi Liseyini seçən Ağaseyid Mikayılov (1-ci sinif) və Kənan Mikayılov (3-cü sinif) onların arasındadır. Uşaqların sevinci üzlərindən oxunur: “Biz dərslərimizi yaxşı oxuyacağıq. Vətənimizə layiq övlad olacağıq”-deyə söz verdilər.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyeva şagirdləri salamlayaraq onlara uğur arzuladı: “Bu gün ilk dəfə məktəbə qədəm qoyursunuz. Bu, həyatınızda ən yaddaqalan gündür. Əminəm ki,  sizin yaxşı təhsil almağınız üşün Liseyin müəllimləri əllərindən gələni edəcəklər. İnanıram ki, siz böyüyəndə savadlı mütəxəssis və layiqli vətəndaş olacaqsınız”.

Kaspi Ağ Şəhər Liseyinin İbtidai siniflər üzrə direktor müavini Mahirə  Hüseynova  birinciləriİlk zəng” münasibətilə təbrik etdi: “Bu gün ilk zəngi eşitdiniz. Bundan sonra sizi qarşıda təhsil illəri gözləyir. Təbii ki, çətinliklər də olacaq. Amma inanırıq ki, siz öz ağıl və bacarığınız, biliklərinizlə bu yolda inamla irəliləyəcəksiniz. Kaspi Liseyi olaraq sizə həmişə dəstək göstərməyə hazırıq”.

Birincilər qürurla Azərbaycanın Dövlət Himnini xorla oxuyandan sonra “Vətən”, “Azərbaycan”, “Müəllim” şeirlərini səsləndirdilər.

Liseyin birincilərinin çaldıqlari İLK ZƏNG onları siniflərə səslədi. Bu zəngin sədası onların yaddaşından silinməyəcək. Onları həmişə təhsildə uğur qazanmağa, seçdikləri sənətin sirlərini dərindən öyrənməyə, ən əsası ölkəmizə layiqli vətəndaş olmağa səsləyəcək.

Kaspi Liseyi olaraq bütün şagirdlərimizə yeni – 2021/2022-ci tədris ilində uğurlar arzulayırıq!

 

15.09.2021