Üç il ardıcıl Qızıl nəticə
Məlumat üçün bildirək ki, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş nişanlarla təltif olunurlar. Ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə qızıl və gümüş medalla təltif olunan məzunları arasında Kaspi Liseylərinin şagirdlərinin də adlarının yer almasını təhsil müəssisəsi hər il böyük qürur və fəxarət hissi ilə qeyd edir. Təbii ki, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar arasında ardıcıl üçüncü ildir ki, liseyimizin məzunlarının da olması Kaspi Təhsil Şirkətinin tədrisinin uğurudur. Şirkətimizin rəhbərliyi də öz növbəsində ənənəsinə sadiq qalaraq liseyin qızıl medalçı məzunlarını mükafatlandırıb.
Görüşdə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva məzunları təbrik edərək gələcək təhsillərində uğur arzulayıb: “Siz Liseyin məzunu kimi Qızıl medala layiq görülməklə yeni bir səhifə açdınız. İnanıram ki, bundan sonrakı hədəfləriniz daha yüksək olacaq. Siz vətənimizə layiqli vətəndaş, savadlı mütəxəssis kimi gərəkli olacaqsınız. Kaspi Liseyi bundan sonrakı fəaliyyətinizdə də öz məzunlarını dəstəkləməyə hazırdır”.
Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədr müavini Elşən Əliyev məzunların qızıl medala layiq görülməsini liseyin uğuru ilə bərabər, onların çalışqanlığı və istedadı ilə əlaqələndirib: “Müəllimlərimiz bütün şagirdlərə həssaslıqla yanaşır, düzgün hədəf seçməyə istiqamətləndirirlər. Siz onların inamını doğrultdunuz. Gecə-gündüz oxumaqla, əziyyətə qatlaşmaqla bu uğuru qazanmısınız. İnanırıq ki, gələcək təhsilinizdə də bu uğurlar davamlı olacaq”.
Kaspi Liseyinin Bakıxanov filialının direktoru Sahil Əliyev rəhbərlik etdiyi liseyin belə uğurlu məzunlarının olmasından qürur duyduğunu qeyd edib: “Liseyin bütün kollektivi bu uğura görə sevinclidir. Məzunlarımız bizə böyük fəxarət hissi yaşatdılar”.
Kaspi Təhsil Şirkətinin marketinq direktoru Aydın Əliyev məzunların uğurunun digər şagirdlər üçün də örnək olacağını bildirib: “Siz təhsilinizdə böyük uğur əldə etmisiniz. Ali məktəbə daxil olmaqla daha bir hədəfinizə çatdınız. İnanırıq ki, daha böyük uğurlarınız irəlidədir. Sizin uğurunuz liseyin digər şagirdlərinə də örnək olacaq”.
Məzun Elanə Heydərova keçən il liseyi qızıl medalla bitirən bacısı Nuranə Heydərovanın uğurunu təkrarladığından sevincini ifadə edib: “Mən də bu il bacımın uğurunu təkrarlayaraq Kaspi Liseyini qızıl medalla bitirdim. Bunun üçün bütün Kaspi ailəsinə minnətdaram!”
.jpg)
Qızıl medalçılar siyahısında yer alan digər məzun Aysu Bayramova bildirib ki, liseydə oxuduğu müddətdə bir çox olimpiadalarda müxtəlif dərəcəli medallar qazanıb: “Bu gün daha da sevincliyəm. Çünki Kaspi liseyini Qızıl medalla bitirmişəm. Başda müəllimlərim olmaqla bütün Kaspi ailəsinə təşəkkür edirəm!”
.jpg)
Qeyd edək ki, 2018/2019-cu tədris ilində Nigar Alıyeva (Bakı Dövlət Universiteti Hüquq fakültəsi) ilə başlayan qızıl medal ənənəsi 2019/2020-ci tədris ilində Kaspi liseylərinin məzunları - Nuranə Heydərova (Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi), Əzizağa Hüseynov (İstanbul Medipol Universitetinin Beynəlxalq Tibb fakültəsinin tələbəsi), bu il isə Elanə Heydərova və Aysu Bayramova ilə davam etmişdir. Məzunlarımıza gələcək həyat və təhsil yollarında uğurlar arzulayırıq!