XƏBƏRLƏR

1 İyun Uşaqların Müdafiəsi Gününə həsr edilmiş maraqlı layihə

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Kaspi Təhsil Şirkəti də ənənəsinə sadiq qalaraq bu bayrama maraqlı bir aksiya ilə öz töhfəsini verdi. “Bir kitab - bir dost” adlı layihə çərçivəsində Kaspi Təhsil Şirkətinin “Kaspi Kids” və “Kaspi” Uşaq Bağçalarında təhsil alan 4-6 yaşlı şagirdləri “Ümid yeri” Uşaq Sığınacağına və Mingəçevirdə yerləşən xüsusi qayğıya ehtiyacı olan “Uşaq və ailələr” Sağlamlıq Mərkəzinə kitablar və dərs ləvazimatları hədiyyə etdilər.

Şirkətin əməkdaşları Xəzər rayonunun Binə qəsəbəsində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən “Ümid yeri” Uşaq Sığınacağına baş çəkərək təhsil müəssisəsinin və şagirdlərinin hədiyyə etdikləri  müxtəlif dərs ləvazimatlarını “Ümid yeri”nin uşaqlarına payladılar, sığınacağın kitabxanasına çox sayda kitablar hədiyyə etdilər. Sığnacağın direktoru Nigar Mənsimova “Kaspi” nin “Ümid yeri”nə hədiyyəsinə görə təşəkkürünü bildirdi. Layihəni keçirməkdə məqsəd şagirdlərdə erkən yaşlardan bölüşmə hissini, xeyriyyəçilik duyğularını aşılamaq, həmyaşıdlarına qarşı dostluq və qayğıkeşlik hisslərini tərbiyə etməkdir.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edilməsi ilə bağlı qərar 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qəbul olunub. Azərbaycanda uşaq siyasətinin əsası ümummillli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür.

Kaspi Təhsil Şirkəti təhsil müəssisəsi olaraq təkcə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə deyil, mütəmadi olaraq kimsəsiz, ata-ana qayğısından uzaq düşən uşaqlara, şəhid və qazi övladlarına diqqət və qayğısını əsirgəmir, bu istiqamətdə sosial layihələr həyata keçirir. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Kaspi Təhsil Şirkətinin diqqət mərkəzindədir.

01.06.2021