XƏBƏRLƏR

Kaspi Liseyinin "Elm sərgisi" – "Science Day"

“Bütün elmlərin bünövrəsi təhsillə qoyulur”. Dahilərin müdriklik və uzaqgörənliklə söylədiyi bu fikir Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin təlim-tədris prosesində illərdir ki, öz əyani təsdiqini tapıb. Kaspi Ağ Şəhər Liseyində 28 May Respublika Gününə həsr olunun “Elm sərgisi” (“Science Day”) bu həqiqəti bir daha sübut etdi. Fizika-Kimya-Biologiya fənlərini əhatə edən sərgidə liseyin VI-VIII sinif şagidlərinin təcrübələri təkcə hazır cihazlarla deyil, həmçinin özlərinin hazırladıqları maketlərlə təqdim olundu. Sərgidə nümayiş etdirilən 30 təcrübə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Sərgidə şagirdlərin “Elektriklənmə”, “Enerji çevrilmələri”, “Elektrik ölçü cihazları”, “Möcüzəvi elektrik şarı”, “Sadə elektrik dövrəsi”, “Təbiət mənzərələri”, “Diffuziya hadisəsi”, “Optik set”, “İşıq hadisəsi ilə bağlı təcrübə”, “Müxtəlif kimyəvi hadisələr” və s. təcrübələri elm sahəsinə böyük həvəs və maraqlarının ifadəsinə çevrildi.

Liseyin Fizika fənn rəhbəri Kəmalə Ağasiyeva “Elm sərgisi”ni şagirdlərin bilik və bacarıqlarının nümayişi kimi dəyərləndirdi:  “Liseyin şagirdləri dəqiq fənlərə böyük maraq göstərir, olimpiadalarda, fənn yarışmalarında fəal iştirak edirlər. Onlar “Elm sərgisi”nə də  böyük həvəslə qatılıblar”. Fənn rəhbəri şagirdlərin tədris prosesində bacarıqların qiymətləndirilməsini təcrübələrlə göstərdiklərini də qeyd etdi: “Sərgini  şagirdlərin dəqiq fənlərə nə qədər əhəmiyyət verdiklərinin və sonsuz sevgilərinin göstəricisi də hesab etmək olar. İnanırıq ki, onlar elm yolları ilə irəliləyəcəklər”.

Şagirdlərlə söhbət zamanı onların elmə olan maraqlarını və həvəslərini aydın müşahidə etmək mümkündür. 8-ci sinif şagirdləri – Nərgiz Valehli “Yanma enerjisini elektrik enerjisinə çevirmə”, Nəsrin Həsənli “Süni ildırım yaranması”, Aqil Əlizadə “Optik set- İşığın şüada əks olunması”,  Cahangir Əlizadə və Ömər Aydəmirli “Sürtünmə nəticəsində elektrikləşmənin yaranması”, Fidan Hacıyeva “Mədə şirəsinin tərkibi”, 7-ci sinif şagirdi Saleh Abbasov “Enerjinin saxlanma qanunu”, Şahzadə Mirzəlinin “Süni qan yaranması” təcrübələri dəqiq elmlər yolunda kövrək addımlarını atan şagirdlərin gələcək uğurlarından xəbər verir.

Kaspi Liseyinin şagirdlərinə elm yolunda böyük nailiyyətlər əldə etmələrini arzulayırıq!

İnanırıq ki, bu, hələ başlanğıcdır!

 

 

27.05.2021