Kaspi məzunu Avropa çempionu oldu
Kaspi Tədris Mərkəzinin Əhmədli filialının məzunu Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük yarışlarında Avropa Çempionatının qızıl medalıni qazanıb. “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanan idmançı 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub. Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasına orada başlayıb.

Vəli İsrafilovun uğuru gəncin təhsilində mühüm rol oynayan Kaspi Təhsil Mərkəzinin, ümumilikdə Kaspi Təhsil Şirkətinin kollektivinin böyük sevincinə səbəb olub.
V.İsrafilov 2016-2019-cu illərdə Kaspi Təhsil Mərkəzinin Əhmədli filialında təhsil alıb. Filialın rəhbəri Rövşən Abbasov məzunun uğurunu yarışlara və qəbul imtahanlarına ciddi hazırlaşması, gərgin çalışmaları ilə əlaqələndirir: “Bu səbəbdən də Vəli həm idman, həm də təhsil sahəsində kifayət qədər yüksək nəticələr əldə edib. Vəli bir neçə dəfə üzgüçülük üzrə respublika çempionu olub. 2019-cu ildə Londonda keçirilən dünya çempionatının bürünc medalını qazanıb, bununla da 2020 Tokio Yay Olimpiya oyunlarina lisenziya əldə edib. Eyni zamanda, 2021-ci ilin may ayinda Portuqaliyada təşkil olunan Avropa Çempionatında birincilik qazanaraq “Avropa çempionu” tituluna sahib olub. Onun bu uğurlarına ürəkdən sevinir, Tokio Yay Olimpiya oyunlarında da yüksək nəticə əldə edəcəyinə inanırıq”.
Vəlinin atası Rəşadət İsrafilov sevincini bölüşür: “Vəli bu yarışa uzun müddət idi hazırlaşırdı. Biz onun qalib gələcəyinə inanırdıq. Çünki o çalışqan və zəhmətkeş idmançıdır. Sevindirici haldır ki, Vəli bu yarışlarda keçən dəfə uduzduğu rəqibləri - Belarus və Ukrayna idmançılarına qalib gələrək birinciliyi qazandı. Sevincimizin həddi-hüdudu yoxdur. Bu, ölkəmiz üçün böyük idman qələbəsidir”. B.İsrafilov oğlunun həmçinin təhsilə böyük həvəs göstərdiyini deyir: “Vəli Kaspi Təhsil Mərkəzinin Əhmədli filialında təhsil alırdı. Kollektivdən və müəllimlərdən, tədris prosesindən çox razı idi. Qəbul imtahanlarında 600 bal topladı. İdmana vaxt ayırmasaydı, daha çox bal toplayardı. Vəli hazırda Azərbaycan Neft və Sənaye Universitetinin elektronika və elektroenergetika fakültəsinin 2-ci kursunda təhsil alır. Bir valideyn kimi onun uğurları ilə qürur duyuruq”.
Kaspi Təhsil Şirkəti olaraq Vəli İsrafilova həm tələbəlik, həm də idman həyatında uğurlar arzulayırıq!
