XƏBƏRLƏR

Kaspi Təhsil Şirkətindən daha bir qürurverici addım

Kaspi Təhsil Şirkəti torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın haqq savaşında həm ön, həm də arxa cəbhədə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi, xalqımızla birlik nümayiş etdirməyi, rəşadətli ordumuza dəstək göstərməyi bacardı.  Xeyriyyə kampaniyalarına həmişə fəal qoşulan, bu missiyanı özünün vətəndaşlıq borcu hesab edən şirkət kollektivi Vətən Müharibəsi başlayanda ordumuzun müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 30 000 (otuz min manat) vəsait köçürərək həmrəyliyini ifadə etdi. Şirkətin kollektivi könüllü yardımlaşmanın nümunəsi kimi rəşadətli ordumuzun cəsur əsgər və zabitlərinə humanitar yardım aksiyasını davam etdirərək “Əsgərə sovqat” adlı növbəti aksiyasını həyata keçirdi. Aksiya çərçivəsində toplanan 12 000 (on iki min) manat ianə əsgərlər üçün lazımı sovqatların - isti və xüsusi geyimlər, texniki və gigiyenik vasitələr və s. alınmasına sərf olundu. Yardım paketləri şirkət əməkdaşlarının vasitəsilə cəbhə bölgəsinə göndərildi. Müharibə günlərindəki fəaliyyətində “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutan Kaspi Təhsil Şirkətinin Kaspi Liseyinin şagird və valideynlərinin təşəbbüsü ilə də cəbhədə döyüşən hərbçilərimizə dəstək məqsədilə “Məktəbdən səngərə” layihəsi çərçivəsində humanitar aksiya həyata keçirildi. Məktəblilərin təkcə öz yığdıqları pulla döyüşən hərbçilərimiz üçün aldıqları sovqatlar yola salınmadı, həmçinin səngərlər onların saf ürəklərinin  sevgisi ilə dolu məktublar qanadlandı.

Təhsil ocağı xeyriyyəçilik ənənəsini davam etdirərək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ölkə başçısının Sərəncamı ilə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 10 000 (on  min manat) ianə etdi.

Kaspi Təhsil Şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə də dəstəyini göstərdi. Şirkət Prezident İlham Əliyevin Fərmanı ilə yanvarın 4-də yaradılan Qarabağ Dirçəliş Fonduna 10 000 (on min manat) ianə etdi. Təhsil müəssisəsinin kollektivi ölkə başçısının məlum Fərmanında qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin və ya qurumun göstərəcəyi dəstəyi tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə hesab edir.

Kaspi Təhsil Şirkətinin əməkdaşları və məzunları arasında Vətən qarşısında xidmətlərini yerinə yetirmək üçün döyüş bölgəsinə yollananlar,  həmçinin aralarında şəhidlik zirvəsinə ucalanlar da var.

Kaspi Təhsil Şirkəti  paralel olaraq şəhid və qazi ailələrini də daim diqqətdə saxlayır. Şirkətin əməkdaşları tərəfindən şəhid və qazi  ailələrinə ziyarətlər təşkil edilir, onlara maddi yardım göstərilir. Şirkətin hər bir əməkdaşı  işğal altında olan torpaqlarımız uğrunda döyüşən, Vətənin bütövlüyü uğrunda mübarizə aparan hərbçilərimizə və onların ailələrinə bu istiqamətdə dəstək göstərməyi özünün vətəndaşlıq və insanlıq borcu hesab edir.

Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin 2021-22-ci tədris ili üçün elan etdiyi şagird qəbulunda nəzərdə tutduğu ENDİRİM və GÜZƏŞT-lər şəhid ailələri və əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların ailələrindən də yan keçməyib. Belə ki, Kaspi Təhsil Şirkəti “YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanması üçün təşkil edilən Dəstək proqramı ilə əməkdaşlığa imza atıb. Proqram çərçivəsində özəl təhsil müəssisələrində şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində “Kaspi Liseyi” Ümumtəhsil məktəbi, “Kaspi-Kids” Uşaq Bağçası, “Kaspi Abituriyent”, “Kaspi Polyglot” və Kaspi Kids Məktəbəqədər hazırlıq müəssisələrinin hər birində 5 nəfər olmaqla toplam 25 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 25 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların övladları üçün də yuxarıda adları qeyd olunan təhsil müəssisələri tərəfindən göstərilən şərtlər çərçivəsində 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Vətənimizin bütövlüyünə, uğurlarına, dünyada tanınmasına daim dəstək göstərən Kaspi Təhsil Şirkəti bundan sonra da ölkəmizin inkişafı, insanlarının rifahı və təhsili üçün töhfələrini verməkdə davam edəcək.

22.04.2021