XƏBƏRLƏR

Qəbul İmtahanında uğur qazanmaq üçün Kaspi Təhsil Şirkəti ekspertlərindən faydalı tövsiyələr

İmtahan – abituriyentlərin bilik səviyyəsini müəyyən etmək üçün həyata keçirilən ölçmə-qiymətləndirmə vasitəsidir və bəlli bir vaxt müddəti ərzində abituriyentlərdən öz bilik və bacarıqlarını reallaşdırmalarını tələb edir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən Qəbul imtahanlarında iştirak etdikləri zaman abituriyentlərin aşağıdakı məsləhətlərə əməl etmələri faydalı olacaqdır:

  1. İmtahandan öncə özünüzə ilk növbədə güvənin və müsbət fikirlərin və mühitin, həmçinin müsbət insanların əhatəsində olun. Səhhətinizə və sağlamlığınıza ziyan və zərər yetirəcək fəaliyyətlərdən uzaq olun. Bu eyni zamanda valideynlərin də diqqət verməli və övladları ilə bağlı yerinə yetirməli olduğu zəruri şərtdir.
  2. İmtahan səhəri nisbətən daha tez yuxudan qalxıb, təlaşa, qayğıya və stresə düşmədən rahat səhər yeməyinizi yeyib, imtahan məkanına vaxtından tez getməyiniz tövsiyə olunur.
  3. İmtahan binasına daxil olduqdan və imtahan otağında yerinizdə oturduqdan sonra, imtahan nəzarətçisinin təlimatlarına diqqətlə qulaq asın, cavab kartının üzərində sizin barənizdə olan məlumatları dəqiqləşdirin, uyğunsuzluq olduğu zaman nəzarətçiyə məlumat verin.
  4. Testləri yerinə yetirərkən 3 məqam vacib rol oynayır: bilik, sualı anlamaq və sürət. Lakin yadda saxlayın ki, hər sualın öz məntiqi vardır və testə məhz sualın həmin məntiqi ilə yanaşmalısınız.
  5. Öncə, sizə daha yaxın olan fənn üzrə testlərin həllinə başlayın və fənnin testlərinin əvvəldən axıra qədər ardıcıllıqla yerinə yetirin. Daha sonra digər fənləri də eyni qaydada ardıcıllıqla yerinə yetirin. İmtahanı 2 mərhələdə keçin: I mərhələdə bütün sualları nəzərdən keçirib, əmin olduğunuz testləri həll edin və əmin olmadığınız testləri qeyd edin; II mərhələdə isə artıq çətinlik çəkdiyiniz və əmin olmadığınız testlərə qayıdın və onları həll edin.
  6. Çətinlik çəkdiyiniz və əmin olmadığınız sualların üzərində çox vaxt itirməyin, onları qeyd edib, işarələyib, ardınca davam edin. Yadda saxlayın ki, ən çətin suala doğru cavab verməyiniz deyil, ən çox suala doğru cavab verməyiniz sizə yüksək nəticə qazandıracaqdır. Ona görə vaxtdan səmərəli istifadə etməyiniz böyük əhəmiyyət kəsb edir.
  7. Sualı əvvəlindən axırına kimi tam şəkildə oxuyun. Sual kökünü anlamağa çalışın, sizdən soruşulanı dəqiq müəyyən edin və sonra sualı cavablandırın.
  8. Sualları oxuyarkən diqqətli olun, çünki yanlış oxuduğunuz bir fikir sizi yanlış cavaba aparıb çıxaracaqdır. Ona görə də sualdakı tünd rəngli, altından xətt çəkilən sözlər, “aiddir, aid deyil, uyğundur, uyğun deyil, oxşar cəhətdir, fərqli cəhətdir, doğrudur, yanlışdır və s.” kimi sözlərə diqqət yetirin. Onu da bilin ki, insan psixologiyası adətən fikirləri müsbət, təsdiq yönümlü anlayır və ona görə də bəzən xırda bir diqqətsizlik yekunda uğursuzluğa səbəb ola bilir.
  9. Eyni zamanda, sualın içərisində daim ipucları mövcud olur. Ona görə də sualı oxuyarkən, vacib sözləri, verilənlər və soruşulanı qələmlə qeyd edib, dairəyə alın və ya altından xətt çəkin. Sonra həll yolunu tapın.
  10. Bəzi suallar sizə çox asan görünə bilər. Burada heç bir problem yoxdur. Çünki imtahan suallarını asan, orta və çətin tipli suallar kimi təsnifatlaşdırmaq mümkündür. Yadda saxlayın ki, hər bir sualın bəlli bir cavabı vardır və həmin cavab da sizə bəndlər üzrə təqdim olunub.
  11. Mətn və dinləmə üzrə sualları yerinə yetirərkən, öncə sizə sual kitabçasında təqdim olunan suallarla tanış olun. Sualların sizdən nəyi soruşduğunu və cavabların nələr olduğunu nəzərdən keçirin. Daha sonra mətni oxuyun və ya dinləməyə qulaq asın. Suallarla qabaqcadan tanış olmağınız sizə mətni oxuyarkən, dinləmə edərkən diqqətinizi doğru istiqamətə, dəqiq məlumata yönəltməyinizə kömək edəcəkdir.
  12. Testləri həll edərkən vacib məqamlardan biri cavabların içərisində, ümumiyyətlə, tamamilə yalnış olan cavabları ələmək və sıradan çıxarmaqdır. Bununla siz doğru cavaba daha yaxınlaşmış olursunuz.
  13. Uzun görünən, şərti böyük olan bir sual sizi qorxutmasın. Əslində həmin şərtdə siz faydalı, sualın cavabını tapmağa kömək edəcək, məlumatlar vardır və siz bununla cavabı daha asan tapa bilərsiniz.
  14. Sualların cavabı doğru tapmaqla yanaşı, həmin cavabları cavab kartına köçürmək və kodlaşdırmaq mühüm məsələdir. Kodlaşdırma hər sualdan sonra yerinə yetirilməlidir. Əmin olduğunuz cavabları vaxtında cavab kartına qeyd edin, çünki bu müddət (sualı cavab kartına yazmaq üçün sərf etdiyiniz qısa müddət) həm də növbəti sualdan əvvəl sizin üçün fasilə, istirahət müddəti deməkdir. Bundan əlavə imtahan irəlilədikcə, cavab kartında çoxlu cavabların olması sizdə daha da əminlik yaradacaqdır. Vaxt qazanacam deyib, kodlaşdırmanı imtahan sonuna saxlamayın, çünki yorğunluq və diqqət dağınıqlığı səhv kodlaşdırma, cavabları sürüşdürmə kimi risklər yaradır. Kodlaşdırarkən sualın nömrəsinə və cavaba diqqətli olun!
  15. Cavabının yazılması tələb olunan açıq tipli sualları cavablandırarkən, sualın cavabı üçün ayrılan sahədən kənara çıxmayın, səliqəli və oxunaqlı şəkildə cavabınızı qeyd edin. Əgər sualların həlli bir neçə mərhələdən keçirsə, həmin mərhələləri aydın izah etməyiniz və yazmağınız vacibdir. Eləcə də, cavab olaraq yalnız sizdən soruşulan məsələyə fokuslanın və onu dəqiq qeyd edin.

 

Bütün abituriyentlərə və Kaspi Abituriyent hazırlıq kurslarının məzunlarına uğurlar diləyirik! İnanırıq ki, təhsil mərkəzlərimizdə qayğıkeş heyətimiz, pəşəkar müəllimlərimiz, mükəmməl təhsil proqramımız, təkrarlama fəaliyyətimiz və faydalı tövsiyələrimizlə abituriyentlərimiz imtahanda uğur qazanacaqlar. Hər bir abituriyent bilməlidir ki, tədris ili ərzində dərslərdə, dərs çalışmalarında və dərsə hazırlığında çəkdikləri zəhmət, göstərdiyi əzm və iradə onların imtahan nəticəsində də öz əksini tapacaqdır, onların hər biri göstərdikləri səylərə uyğun olaraq imtahanda müvəffəqiyyət qazanacaqlar. İmtahan həyat nərdivanımızın bir pilləsidir, lakin sonuncu pilləsi deyildir. Ona görə də həm müəllim, həm valideyn, həm də abituriyent olaraq, bu pilləni də bacarıqla keçəcəyimizə inanırıq.

 

 

 

9 və 11-ci sinif buraxılış imtahanı modelində hansı dəyişiklik var?

9-cu siniflərə aid olan jurnalda ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib.

Mərkəzdən verilən məlumata görə, 11-ci sinif buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) modelində hər hansı bir dəyişiklik nəzərdə tutulmur.

Bildirilib ki, 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9-cu, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları sadələşdirilib.

“2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq”.

9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

 

 

 

13.04.2021