İlin axır çərşənbəsi
Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır. Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə ölkəmizin bəzi bölgələrində hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.
Torpaq çərşənbəsinin özünəməxsus inancları, xüsusiyyətləri vardır. Həmin gün insanlar öz qohumlarını yad edir, onlara qonaq gedir, dünyalarını dəyişmiş yaxınlarının qəbirlərini ziyarət edirlər. Həmin gün axşam vaxtı tonqallar qalanar, hamı od ətrafında dövrə vurub şadlanır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır. Xüsusilə, İlaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır.
Kaspi Təhsil Şirkətinin müəssisələri pandemiya ilə bağlı tətbiq edilən qaydaları nəzərə alaraq şagirdlərin iştirakı ilə İlaxır çərşənbəni qeyd edib. O cümlədən, Kaspi Uşaq Bağçasının bütün filiallarında İlaxır çərşənbə qeyd olunub.
Kaspi Uşaq Bağçası Bakıxanov filialının meneceri Nuranə Abbasova İlaxır çərşənbənin bağçalarda qruplar şəklində qeyd edildiyini bildirir: “Əsas məqsəd milli bayramımız olan Novruzun, onun atributları sayılan çərşənbələrin, xüsusən İlaxır çərşənbə ilə bağlı adət-ənənənin unudulmaması, uşaqların yaddaşında yaşamasıdır. Uşaqlar həm əylənir, həm müxtəlif obrazlarda oynayaraq adətlərimizə bələd olurlar. Bu, onların dünyagörüşünün formalaşmasında, bilgilərinin artmasında, emosiyalarını ifadə etmələrində böyük rol oynayır”. N.Abbasova qeyd edir ki, uşaqlar bayrama hazırlaşaraq xonça bəzəmək, yumurta boyamaq, səməni yetişdirmək, papaq atdı və s. kimi adətləri öyrənib yerinə yetirirlər: “Biz bütün bu adətlərlə uşaqları tanış edirik ki, onlar milli bayramlarımız haqqında məlumatlı olsunlar və adət-ənənəmizə bağlı böyüsünlər”.
Bu gün bütün Azərbaycanda İlaxır Çərşənbə tonqalları qalanacaq. İşğaldan azad olunmuş yurd yerlərimizdə də 30 illik fasilədən sonra İlaxır çərşənbə tonqalı yanacaq. Qoy bu tonqalın alovu bütün ölkəmizə işıq saçsın!
İlaxır çərşənbəniz mübarək, Azərbaycan xalqı!