XƏBƏRLƏR

Qadınlar – Qoruyucu mələklərimiz

“Oğuzlarda, Turanlarda, Qafqazda, bütün Türk dünyasında şərəflə yazılan şanlı tarixin qadınıdır Azərbaycan qadını”. Kaspi Təhsil Şirkətinin Bakıxanov filialının 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr etdiyi “Qoruyucu mələklərimiz” adlı tədbir bütün fədakarlıqları və qəhrəmanlıqları zərif çiyinlərində daşıyan qadınlarımızın bayramına gözəl töhfə olub.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd edib: “Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz qadınlarımızın, analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir”. S.Vəliyeva ölkəmizdə qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib: “Ölkəmizdə qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün  əhəmiyyətli tədbirlər həyata keçirilir”.

Liseyin şagirdlərinin ifasında qadınlara həsr olunan şeirlər səslənib, kliplər, kompozisiyalar nümayiş olunub. Analara həsr olunan “Mənim qəhrəmanım” adlı esse müsabiqəsinin qalibləri, liseyin teatr dərnəyinin üzvləri çıxış edərək qadınlara ünvanlanan təbriklər səsləndiriblər.

10.03.2021