XƏBƏRLƏR

Xocalı - xalqımızın heç zaman unutmayacağı faciə

Xocalı soyqırımından 29 il keçir. 

“1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni işğalçıları SSRİ adlı imperiyanın şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun 23-cü diviziyasının 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər. Şəhər yerlə-yeksan edildi. Xocalının yüzlərlə sakini güllələndi. Əsir götürülən qız-gəlinlər, azyaşlı uşaqlar, qocalar, düşmənə qarşı son anadək qəhrəmanlıqla döyüşən oğullar amansız işgəncələrə məruz qaldılar. Faciədə 613 nəfər şəhid oldu. Onlardan 106 nəfəri qadın, 59 nəfəri 1 yaşından 18 yaşına qədər olan uşaqlar və yeniyetmələr, 70 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürüldü. İtkin düşmüş 150 nəfərin taleyindən isə indiyədək heç bir xəbər yoxdur”.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə, strateji əhəmiyyətə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib.

Qəlbini Xocalı yarası göynədən insanlar 29 ildir ki, bu suala cavab axtarırlar: “Yer üzündə misli görünməmiş bu faciənin qarşısını almaq mümkün idimi?”

Bu soyqırımın iştirakçısı olub-olmamağımızdan asılı olmayaraq hamımızın ürəyində Xocalı yarası var. Xocalı dünya xalqlarının tarixində baş verən Xatın, Moabit, Buhenvald, Sonqmi faciəsi qədər dəhşətlidir.

Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib.

Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

26.02.2021