XƏBƏRLƏR

Kaspi Liseyi valideynlərin gözü ilə

Kaspi Liseylərində sərt karantin rejiminin yumşaldılmasından sonra yenidən şagirdlərin gülüşü eşidilir. Koronavirus infeksiyasından qorunmaq üçün bütün qaydalara ciddi riayət edən lisey yenidən həftədə üç dəfə olmaqla əyani, iki dəfə distant təhsilə yer ayırıb. Təkcə şagirdlər deyil, valıideynlər də dərslərin başlamasını böyük fərəhlə qarşılayırlar.

Valideynlərlə söhbətimizdə Kaspi Liseyində dərslərin keyfiyyəti, onlayn tədrisin təşkili, təlim-tərbiyə prosesi kimi vacib nüanslara nəzər saldıq. Onlar milli təhsili amalına çevirən liseyin tədrisi ilə müasir dünyaya çıxışını təhsil ocağının uğurunun göstəricisi kimi dəyərləndirirlər.

 “Niyə məhz Kaspi Liseyini seçdiniz?-  sualına cavabları da bu uğurların təsdiqidir.

Valideyn Xatirə Hüseynovanın iki övladı Kaspi Liseyini bitirib, bir qızı isə hazırda liseyin 4-cü sinfində təhsil alır: “İki övladım  artıq universitet tələbəsidir. Biri Vyanada, digəri isə Varşavada təhsillərini davam etdirirlər. Ən razı qaldığım məqam da elə onların universitetə hazırlıq mərhələsi ilə bağlı oldu. Uşaqlar əlavə repetitorla məşğul olmağa ehtiyac duymadılar. Məktəbdə keçilən dərslərin keyfiyyəti, məşğələlərin intensivliyi uşaqlarımın yüksək nəticələr göstərməsinə səbəb oldu. Məncə, bunun sirri həm də Kaspi Liseyində müəllim-şagird münasibətlərinin düzgün qurulmasındadır. Hər bir şagirdə fərdi yanaşılır, onun potensialı, istiqaməti dəqiq müəyyənləşdirilir, ona görə də nəticə effektiv olur. İbtidai siniflərdə şagirdlərin sağlam təməli qoyulur”. Kiçik qızı Banunun 4-cü sinifdə təhsil aldığını deyən X.Hüseynova liseyin onlayn dərslərini də diqqətlə izləyir: “Müəllimin şagirdin şəxsiyyətinə hörmətlə yanaşması, yüksək səviyyəli ünsiyyət mühitinin qurulması uşaqların psixologiyasına müsbət təsir göstərir. Bu da tədrisin keyfiyyətində özünü göstərməyə bilməz. Təkcə D2 sinfinin müəllimi Nərmin xanımın uşaqlara münasibəti, son dərəcə maraqlı tədris metodikası, pedaqoji qabiliyyəti bir valideyn kimi mənim üçün həm də övladımın uğuru, perspektivi deməkdir. Liseydə müəllim heyəti təkcə dərs proqramı ilə kifayətlənmir, şagirdlərin dünyagörüşünün zənginləşməsi üçün müxtəlif tədbirlər, görüşlər keçirirlər”.

Valideyn Namiq Vəliyevin iki övladı - qızı Nərmin Vəlizadə (6-cı sinif), oğlu RəhmanVəlizadə (4-cü sinif ) Kaspi Ağ Şəhər Liseyində təhsil alırlar. Hər ikisi Kaspi Kids-dən başlayaraq bu təhsil ocağının yolunu tanıyıblar. “Kaspi Liseyini ona görə seçdik ki, burada milli ruhda dərs keçilir”- deyə valideyn məmnunluğunu ifadə edir: “Liseydə ölkəmiz, xalqımız üçün önəmli sayılan günlərdə xüsusi tədbirlər keçirilir. Uşaqların dünyagörüşünü formalaşdırmaq üçün ekskursiyalara, səyahətlərə aparırlar, onların sosiallaşmasına böyük önəm verilir”.

Valideyn liseydə müəllimlərin şagirdlərə yanaşmasını da yüksək qiymətləndirir: “Müəllimlər şagirdlərə fərdi və həssaslıqla yanaşır, uşaqların hərtərəfli inkişafı üçün çalışırlar. Valideynlər hər hansı iradı bildirəndə onu dərhal aradan qaldırırlar. İnsanların fikirlərinə önəm verir, təklifləri normal qiymətləndirirlər. Uşaqların təhlükəsizliyi baxımından liseydə qaydalara ciddi riayət olunur”. N.Vəliyev sərt karantin dövründə liseyin distant dərsləri də yüksək səviyyədə təşkil etməsindən razılıq edir: “Onlayn təhsil zamanı həm uşağın, həm də müəllimin bilik səviyyəsini aydın şəkildə müşahidə etmək olur. Distant-onlayn təhsil də liseydə yüksək səviyyədə - operativ, dəqiq təşkil olunub. Bu, həmçinin uşaqların texnoloji alətlərlə davranmalarına, kommunikasiyalarını inkişaf etdirməyə kömək edir. Uşaqların kompyuter avadanlıqlarından istifadəsi xeyli təkmilləşib”. N.Vəliyev liseydə uşaqların müxtəlif fənlər üzrə bilik səviyyəsinə görə qruplara bölünməsini də yüksək dəyərləndirir: “Bu, çox rahatdır. Uşaqların bilik səviyyəsi müxtəlif ola bilər. Bu seçimi cox bəyənirik”. Valideyn hesab edir ki, ölkədə təhsilin səviyyəsi nə qədər inkişaf edərsə, cəmiyyət də inkişaf edib irəli gedər: “Fikrimcə, hər bir valideyn övladının mükəmməl təhsil alması üçün çalışmalıdır. Əsas məqsəd odur ki, o uşaqlar böyüyəndə cəmiyyətimiz üçün yararlı vətəndaşlar olsunlar. Hər bir valideyn istəyir ki, övladı mükəmməl təhsil verən məktəbdə oxusun. Kaspi  liseyində uşaqlar özlərini evlərindəki kimi hiss edirlər. 7 ildir ki, bu ünvanı tanıyırıq və buradakı təlim-tərbiyə sistemi bizi çox qane edir”.

Valideyn Afaq Arzumanovanın oğlu Ertunç Çelik ilk dəfə Kaspi Kids-in Yasamal filialında təhsil alıb. “Təsadüfən Kaspi Kids-in elanını eşidib uşağı yazdırdım. Oğlum türk və ingilis dilində danışır, Azərbaycan dilində az bilirdi. Birinci yarımilin sonunda oğlum yalnız Azərbaycan dilində danışmağa başladı. Bu müəllimənin metodikası sayəsində mümkün oldu”. Kaspi Kids-i bitirəndən sonra valideyn övladının ibtidai təhsilini hansı məktəbdə davam etdirəcəyi haqqında çox düşünüb. Yenə uşağının “Kaspi-də oxumaq istəyirəm” arzusu qalib gəlib. Beləcə Ertunç Kaspi Liseyinə qəbul olub və artıq 4-cü sinifdə təhsil alır. Afaq Arzumanova oğlunun məktəbi çox sevdiyini deyir: “Uşaq heç zaman məktəbin gözəl binasını, otaqlarını sevmir – o, bunu anlamır. O, müəllimlərini, məktəbini, kitablarını, partasını, sinif yoldaşlarını sevir. Ertunç texnologiya dərsində hazırladığı rəsmlərini evdə divardan asır. Liseydə hər şey qarşlıqlı qurulub. Burada valideynlərin fikirlərinə hörmət edirlər. Müəllimə hər hansı məsələ ilə bağlı zəng edəndə “Araşdırıb cavab verərəm”- deyə bildirirlər. Həqiqətən də araşdırılır və səhəri gün cavab verilir. Liseydə müəllim-valideyn-şagird üçbucağı mövcuddur. Valideynin də, müəllimin də səhvi ola bilər, amma  problemi anlayışla həll edəndə çözülür”. Pandemiya səbəbindən təhsil sahəsində də çətinliklərin olduğunu deyən valideyn distant təhsilin əyani təhsili tam olaraq əvəz etmədiyini bildirir: “Onlayn təhsil nə qədər mükəmməl təşkil olunsa da əyani təhsili əvəz edə bilmir. Bu, bütün dünyanın problemidir. Övladım əyani təhsildən yüksək bilik əldə edib. Əgər oğlumun bilik səviyyəsindən razıyamsa, demək liseydə tədris yüksək səviyyədədir”. Valideyn liseydə ingilis dilinin tədrisinin də yüksək səviyyədə olduğunu deyir: “Liseydə ingilis dili yüksək səviyyədə təşkil olunub. Bununla lisey uşaqların gələcək inkişafı uçun dünyaya qapılar açır. Məktəbin dünyaya çıxışı bizi sevindirir. Müxtəlif fənlər üzrə olimpiadaların, layihələrin həyata keçirilməsi uşaqların biliklərinin, dünyagörüşlərinin inkişafına kömək edir, onların təxəyyülü formalaşır. Milli təhsili amalına çevirən liseyin müasir dünyaya çıxışı təhsil ocağının uğurunun göstəricisidir”.

Valideynlər əmindir ki, Kaspi Liseyi övladlarına təkcə təhsil vermir, həm də onlara milli-mənəvi dəyərlər aşılayaraq ölkəmiz üçün layiqli vətəndaş kimi yetişdirir.

 

 

 

16.02.2021