XƏBƏRLƏR

Müəllimlərin təkmilləşdirmə təlimləri yekunlaşdı.

Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin müəllim kollektivi üçün təşkil olunan təkmilləşdirimə təlimləri başa çatıb. Xəbər verdiyimiz kimi, Kaspi Təhsil Şirkətinin İnkişaf proqramları İdarəsi və Peşəkar Təlim və İnkişaf Mərkəzi ilə birgə təşkil olunan təlimlərin məqsədi birinci yarımildə dərs müşahidələri zamanı inkişafa ehtiyac olan sahələr üzrə pedaqoji nəzəriyyələri kollektivə çatdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və müzakirələr aparmaqdan ibarət idi. Qeyd edək ki, 27-29 yanvar tarixlərində “Zoom” proqramı üzərindən keçirilən təlimlər beynəlxalq təcrübəyə və yüksək pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən təşkil edilib.

Təlimlərdə iştirak edən Portuqaliyanın Beynəlxalq Şarinq Məktəbinin riyaziyyat fənni koordinatoru Pərvanə Quliyevanın sözlərinə görə, təhsildə qabaqcıl olan ölkələrin hamısında müəllimlərin peşə bacarıqlarının inkişafı üçün belə təlimlər keçirilir: “Bu təlimlər zamanı təhsildə baş verən yeniliklər bütün müəllimlərə çatdırılır. Hesab edirəm ki, dərs və öyrənmə keyfiyyətinin daha yüksək olması üçün bu cür təlimlərin mütəmadi keçirilmişi mütləqdir. Müəllimlərin pedaqoji fəaliyyətinin inkişafı cəmiyyətdə hər kəs üçün maraqlı olmalıdır. Pedoqoji fəaliyyətin daha səmərəli olması və yeniliklərin öyrənilməsi üçün bu cür təlimlərə ehtiyac var”. Təlimçinin fikrincə, xarici ölkələrdə çalışan peşəkar azərbaycanlı müəllimlərlə əlaqə saxlamaq və təcrübələrini bölüşmək faydalı olar: “Hər bir ölkənin təhsil sistemi özünə məxsusdur. Biz beynəlxalq təcrübədən keçmiş standartları öz məktəblərimizdə tətbiq edə bilərik. Məktəbi ailə olaraq təsvir etsək, burda çalışan hər bir üzvün bu təlimlərdə iştirakı vacibdir. Öyrənilənlər həm şagirdlər, həm də valideynlərə detallı şəkildə izah olunmalıdır”.

 

Kaspi Liseyinin Ağ Şəhər filialının İbtidai siniflər üzrə direktor müavini Mahirə  Hüseynova hesab edir ki, təlimlərdə qazanılan yeni məlumat və biliklər  həm distant həm də ənənəvi dərslərdə müəllimlərin öyrənmənin öyrədilməsində daha fəal çalışmasını təmin edəcək: “Təlimlərdə müəllimlərin dərs prosesində qarşılaşdığı problemlərin həlli yollarının araşdırılması, təlim texnologiyalarından istifadə üsulları, dərslərdə istifadə ediləcək müxtəlif fəaliyyətlər və oyunların keçirilməsi qaydaları, sosial emosional öyrənmə, dərsin mərhələləri, qiymətləndirmə, sinfin idarəedilməsi   mövzularında maraqlı məlumatlar dinlənildi”.

Kaspi Liseyinin Bakıxanov filialının direktor müavini Məhəmməd Nağıyev təlimlərin əhəmiyyətini qeyd edir. Belə ki, Kaspi Liseyində I yarımil ərzində fənn metodistləri və lisey rəhbərləri tərəfindən müəllimlərin dərsləri inkişaf və qiymətləndirmə məqsədi ilə dəfələrlə müşahidə edilub. Müşahidələrin yekununda müəllimlərin inkişafa ehtiyacı olduğu spesifik sahələr aşkarlanıb və bu sahələr üzrə onların peşəkar inkişafının təmin edilməsi məqsədi ilə təlim mövzuları müəyyən olunub: “Bu mövzulara “sinfin idarə olunması, qiymətləndirmə, effektiv əks-əlaqə, dərsin mərhələlər üzrə planlaşdırılması, rəqəmsal təhsil alətləri”  aiddir. Keçirilən təlimlər bir neçə fəaliyyətdən ibarət oldu: təlimçilər nəzəri məlumatları iştirakçılara çatdırdılar; təcrübə mübadiləsi baş verdi, iştirakçılar üçün real situasiyalar yaradıldı və öyrənilmiş mövzular praktika edildi”.

Kaspi Ağ şəhər Liseyinin direktor müavini  Fidan Səfərova təlimlərlə bağlı təəssüratlarını bölüşür: “Təlimlər fənn rəhbərləri və direktor müavinlərinin icraçısı olduğu akademik heyət tərəfindən aparıldı və 3 gün davam etdi. Təlim kurasiyalar üzrə ayrı-ayrılıqda təşkil olundu və “Sosial emosional öyrənmə”, “Sinif idarəsi”, “Qiymətləndirmə”, “Rəqəmsal təhsil alətləri”, “Dərsin mərhələlər üzrə planlaşdırılması” və s. mövzuları əhatə etdi”. F.Səfərova hesab edir ki, pedaqoqlar arasında təcrübə və bilik alış-verişi, eyni zamanda gənc və təcrübəsiz müəllimlərə dəstək olmaq məqsədi daşıyan təlimlər gənc müəllimlərin inkişafında mühüm rol oynayacaq.

 

05.02.2021