XƏBƏRLƏR

Kaspi Hazırlıq kursları yenidən qapılarını açdı

Bu gündən başlayaraq ölkəmizdə bir sıra təhsil müəssisələrində əyani təhsilin bərpasına start verilib. Məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrislə yanaşı hazırlıq kursları da şagirdlərini qarşılayır.

Dərslər üçün yenidən qapılarını açan müəssisələr arasında Kaspi Təhsil Şirkətinin Abituriyent Hazırlıq Mərkəzləri də yer alıb.

Mərkəzin “Elmlər” filialının rəhbəri Ramin Mövsümov əyani təhsilə yenidən qayıtmağın sevincini bölüşür:

 

-Kaspi Elmlər filialı yenidən şagirdlərini qarşılamaq üçün necə hazırlaşıb? Şagirdlərin sağlamlığı və təhlükəsizliyi baxımından filialda hansı işlər görülüb?  

-Kaspi Elmlər filialında əyani dərslərin başlaması ilə əlaqədar olaraq artıq keçən həfətədən etibarən hazırlıq işlərinə start verildi. Belə ki, Operativ Qərargahın tələblərinə uyğun olaraq mərkəzdə sanitar-gigiyenik qaydalara riayət etməklə təmizlik və dezinfeksiya işləri həyata keçirildi. Mərkəzin girişində və daxilində dezinfeksiyaedici məhlullar və eləcə də tibbi maska təşkil edilib. Filialda gigiyenik qaydaların təşkili ilə yanaşı, dərs cədvəllərinin yenidən tərtib olunması, dərs vəsaitlərinin təşkil olunması, digər maddi və texniki şəraitin qaydaya salınması işləri də uğurla həyata keçirilir.

Filialımızda pandemiya ilə əlaqədar olaraq əyani tədris müddətində şagirdlər, müəllimlər və digər şəxslər mütləq şəkildə mərkəzə tibbi maska ilə daxil olurlar, əməkdaşlarımız tərəfindən xüsusi elektron termometrlə hərarətləri ölçülür, əgər yüksək hərarət olarsa o zaman, evə göndərilir, hərarət normal olduğu halda dərsə buraxılır, daha sonra xüsusi məhlulla əllərini dezinfeksiya edirlər. Mərkəzdə şagirdlərin ara məsafəsinə əməl etmələrinə nəzarətçilər tərəfindən xüsusi nəzarət edilir. Tənəffüs zamanı otaqlar havalandırılır. Dərs zamanı hər hansı şagird və ya müəllim özünü narahat hiss etdikdə dərhal digər insanlardan təcrid olunur, xüsusi bir otaqda yerləşdirilir və daha sonra isə evə göndərilir. Otaqlarda məsafə gözlənilir və şagirdlər  partalarda tək-tək əyləşirlər. Siniflərdə maksimal say 10 nəfərdən ibarətdir.

Şagirdlərin davamiyyəti inzibati əməkdaşlarımız tərəfindən hər dərs yoxlanılır. Hər hansı şagird dərsə gecikdikdə və ya dərsdə iştirak etmədikdə dərhal bu barədə valideyinə məlumat verilir və şagirdlər dərsin bitməsindən öncə yalnız valideyinlərin xüsusi icazəsi ilə evə buraxılır. Ümumi olaraq qeyd edim ki, bütün otaqlar və dəhlizlər kameralarla təchiz olunub və müvafiq əməkdaşlar tərəfindən mütəmadi olaraq izlənilir. Bu nəzarət həm təhlükəsizlik baxımdan, həm də dərslərin keyfiyyətli tədrisinin təmin edilməsi məqsədilə aparılır.

-Əyani dərslərin yenidən başlaması valideynlər tərəfindən necə qarşılanır? Onlar hamısı övladlarını kursa göndərməyə hazırdırlarmı?

-Əyani dərslərin yenidən bərpa olunması həm şagirdlər, həm də valideyinlər tərəfindən yüksək sevinclə qarşılanır. Artıq şagirdlərimizin demək olar ki, hamısı bu dərslərdə öz təhsillərini davam etdirəcəklərini bildiriblər. Hətta kənar şagirdlər tərəfindən mərkəzimizdə təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olub və bu şagirdlərin də təhsil almaları üçün tərəfimizdən şərait yaradılacaq.

-Kursda onlayn dərslər də parallel olaraq davam edəcəkmi?

- Qeyd edim ki, 14 Dekabr 2020-ci il tarixindən etibarən digər hazırlıq mərkəzlərində olduğu kimi Kaspi Təhsil Mərkəzlərində də əyani dərslər dayandırlıb və dərslər distant qaydada ZOOM platforması üzərindən keyfiyyətli şəkildə davam etdirilib. Online dərslərin keyfiyyətinin artırılması məqsədi ilə filial kuratorları, filial direktoru və eləcə də Baş ofis tərəfindən təyin olunmuş müşahidəçilər tərəfindən izlənilmiş və nöqsanlar müəyyən edilərək aradan qaldırılıb.

Əyani dərslərdə olduğu kimi distant təhsil də mərkəzlərimizdə yüksək keyfiyyətlə davam etdirilib. Əyani tədris başladıqdan sonra, yəni 1 fevral tarixindən etibarən online dərslər filiallarımızda dayandırılacaq. Online dərslər yalnız fərdi şəkildə hazırlaşan bəzi tələbələr üçün davam etdirilə bilər.

-Distant təhsil dövründə şagirdlərin sınaq imtahanlarına şərait yaradıldımı?

- Distant dövrdə təxminən 1 ay yarım ərzində 2 dəfə online formada KASPİTEST.COM platforması üzərindən sınaq imtahanı - Mövzu Sınaq İmtahanı və DİM-in yeni qaydaları ilə Buraxılış Sınaq İmtahanı təşkil olunub və bu imtahanlarda da şagirdlərimiz əyani imtahanlarda olduğu kimi yüksək nəticələr əldə ediblər. Onu da xüsusi olaraq vurğulamaq istərdim ki, Kaspi Təhsil Şirkəti Online Sınaq İmtahanında öz daxili tələbələri ilə yanaşı kənar tələbələrin də pulsuz iştirakını təmin edib. Bu da valideyinlər və şagirdlər tərəfindən yüksək rəğbətlə qarşılanıb.

Bütün bunlarla yanaşı, Kaspi Təhsil Şirkətinin komandası tərəfindən bütün fənnlər və mövzular üzrə videodərslər də hazırlanıb. Bu da şagirdlər tərəfindən çox bəyənilib. Bu video materiallar şagirdlərin hər hansı mövzunu unutduqları zaman, onlar tərəfindən dəfələrlə izlənilərək həmin mövzuların daha da yaxşı öyrənməsinə şərait yaradır. Şagirdlərə online tədris dövründə plan üzrə bütün proqram peşəkar müəllimlərimiz tərəfindən tam olaraq əhatə edilib və bu dövrdə heç bir geriləmə hiss olunmayıb.

Əyani dərslərin başlaması münasibəti ilə bütün təhsil verənləri və təhsil alanları təbrik edir və onlara uğurlar arzu edirəm!

-Ramin müəllim, fürsətdən istifadə edib, “Kaspi” ailəsi adından doğum gününüzü təbrik edirik!

 

01.02.2021