XƏBƏRLƏR

20 Yanvar- Qan yaddaşımız

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazıldı.

Düz 31 ildir ki, Azərbaycan xalqı faciəni unutmur. müstəqilliyimiz yolunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini əziz tutur.

Kaspi Təhsil Şirkətinin Kaspi liseyləri də hər il keçirdikləri müxtəlif tədbirlərlə, anım günləri ilə  20 Yanvar faciəsinin qurbanlarını böyük hörmətlə yad edirlər.

Kaspi Ağ Şəhər Liseyində faciənin 31-ci ildönümünə həsr olunan  ”Azadlıqdır mənə dərman, sənə məlhəm Azərbaycan” adlı onlayn tədbir faciə qurbanlarının anılması, müstəqilliyimizə doğru gedən şərəfli yola bir daha nəzər salmağa, şagirdləri çox da uzaq olmayan qəhrəmanlıq  tariximiz haqqında məlumatlandırmağa imkan yaratdı.

20 Yanvar faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla  yad edildikdən və Azərbaycanın Dövlət Himni səsləndikdən sonra onlayn tədbir açıq elan olundu.

“5-ci sinifdən və yuxarı sinif tarix dərslərindən məlumatınız var ki, 88-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq üçün ilk addımını atır və ölkəmizdə müstəqillik hərəkatı başlayır. Azərbaycan Xalq Cəbhəsi hərəkatının başlaması bu azadlıq mücadiləsinin kulminasiya nöqtəsi olur. Bu hərəkatı Əbülfəz Elçibəy və onun tərəfdarları yaratmışdı”- deyə Liseyin tarix müəllimi Sitarə Cəfərova faciəni doğuran səbəblərdən danışdı: “1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən qoşun yeridildi və dinc əhaliyə divan tutuldu. Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Nəticədə yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

S.Cəfərova qeyd etdi ki, o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlir və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək  bəyanatla çıxış edir: “Azərbaycan rəhbərliyinə qayıdışdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi”. S.Cəfərova liseyin şagirdlərini tarix fənnini dərindən öyrənməyə səslədi: “Tarix fənnini öyrənək ki, tariximizi bilək. Bununla dostumuzu-düşmənimizdən ayırmağı bacaraq”.

Liseyin direktoru Səbinə Əliyeva 20 Yanvar faciəsinin baş verdiyi tarixin uşaqlıq illərinə təsadüf etdiyini xatırladı: “ O zaman bizim yaşadığımız küçə “Suvorov” küçəsi adlanırdı.  O faciədən sonra həmin küçəyə “20 Yanvar küçəsi” adı verildi. Yadımdadır, o gecə səhərə qədər tanklar bizim küçədən keçdi. Biz pəncərədən boylanıb baxır, ancaq nələrin baş verdiyini başa düşmürdük. Yalnız bir neçə gündən sonra faciənin səbəbini anladıq”. S.Əliyeva qeyd etdi ki, Azərbaycan müstəqilliyini həmişə qanla əldə edib: “Bu yaxınlarda zəfər qazandığımız Vətən Müharibəsi də buna sübutdur. Azərbaycan hərb meydanında öz sözünü dedi, qəhrəmanlığını sübut etdi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək və rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etdi. Torpaqlarımızın azadlığı uğrunda nə qədər oğullarımız şəhid oldu. Biz onların hamısının qarşısında baş əyirik. Şəhidlər heç vaxt unudulmur!” S.Əliyeva məktəbin şagirdlərinə Vətəni sevməyi, layiqli vətəndaşlar olmağı arzuladı: “Vətən yalnız onu sevən, uğrunda döyüşən, mübarizə aparan övladları ilə güclü olur. Sizə də daim Vətəni sevməyi arzulayıram!”

Onlayn tədbirdə lisey şagirdlərinin hazırladığı “Azadlıq naləsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. Şagirdlərin ifasında müstəqilliyimizə, şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər və musiqi nömrələri səsləndi. Anım tədbirinə  Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində 44 günlük zəfərimizin tərənnümünə çevrilən “Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir  - Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!” fikirləri ilə yekun vuruldu.

 

 

 

 

19.01.2021