XƏBƏRLƏR

Şəhidlər heç zaman ölmür

 

Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” kimi həkk olunub 20 Yanvar faciəsi. O müdhiş gecədən bizi 31 illik bir tarix ayırır. Ancaq nə o gecə baş verən qanlı hadisələr unudulur, nə də həmin gecə qəhrəmanlıqla şəhid olan insanların şücaəti...

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutdular. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və itkin düşdü. O gecə müstəqillik uğrunda mübarizəmizin əsası qoyuldu. Müstəqilliyimiz insanlarımızın canı və qanı ilə qazanıldı.

Hər il qədirbilən xalqımız 20 Yanvar faciəsinin ildönümünü geniş şəkildə qeyd edir. Sovet ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikamızda və ölkəmizdən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bu tədbirlər Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqları dərk etmək və onlardan doğru nəticə çıxarılmaq baxımından böyük önəm kəsb edir.

Kaspi Təhsil Şirkətinin Bakıxanov Liseyi də amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsini hər il şagirdlərimizin iştirakı ilə hazırladığı anım tədbirləri ilə yad edir. Liseyin faciənin 31-ci ildönümünə həsr olunan “Qan yaddaşımız” adlı onlayn tədbiri təkcə şəhidlərimizin xatirəsini yad etmək baxımından deyil, həm də  böyüyən nəslin həmin hadisələrdən xəbərdar olması, o tarixi bilməsi, təhlil etməsi baxımından əhəmiyyətli oldu.

Qanları ilə tarix yazan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Himni səslənəndən sonra aparıcının “Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və yaşayacaq”- sözləri faciənin miqyasını da, nəticədə qazanılan müstəqilliyimizin dəyərini də anlatdı.

Liseyin sosial fəaliyyətlər üzrə mütəxəssisi Gülnarə Allahverdiyevanın ssenari müəllifliyi ilə hazırlanan tədbir məktəbin “Rəqs” və “Teatr” dərnəyinin keçən il  birgə hazırladığı “Ağla qərənfil” kompozisiyasından fraqment  nümayişi,  şagirdlərin 20 yanvar faciəsinin qurbanlarına, azadlıq mücadiləmizə, şəhidlərimizə həsr olunan şeirləri, rəqs nömrələri və bədii kompozisiyaları ilə yadda qaldı.

“Xalqımızın 70 illik əsarət zəncirlərini qırmaq onlarla başladı”, “Onlarla oyandı  ruhumuzda çırpınan azadlıq atəşi”, “Xalqımızın müstəqillik tarixi sizin adınızla bağlıdır”, “Şəhidlər vətən daşı, yurdun vətəndaşıdır...” kimi səslənən fikirləri Vətənimizin bütövlüyü, xalqımızın azadlığı uğrunda canından keçənlərin heç vaxt unudulmayacağını bir daha xatırlatdı.

Liseyin direktoru Sahil Əliyev 20 Yanvar hadisələri zamanı xalqın silahlı orduya qarşı əliyalın meydana çıxdığını söylədi: “O gecə silahsız insanların  tanklara, toplara və silahlı əsgərlərə qarşı necə vuruşduğunu gördük. Belə hadisələrə tarixdə nadir halda rast gəlinir. Nəticədə Azərbaycan təkcə öz müstəqilliyini əldə etmədi, həmçinin başqa ölkələrin də azadlıqlarını qazanmasına yol göstərdi. Sovet hakimiyyəti daha başqa xalqlara qarşı bu cür addımlar atmağa cəsarət etmədi. O dövrdə xalqımızın göstərdiyi şücaət başqa xalqlar üçün də nümunə oldu”.

Liseyin direktor müavini Məhəmməd Tağıyev 20 Yanvar hadisələrinin Azərbaycanın oyanışında böyük əhəmiyyəti olduğunu qeyd etdi: “Biz 70 il Sovet İttifaqının əsarəti altında olmuşuq. Millətimiz artıq belə yaşamaq istəmirdi, ona görə meydanlara çıxdı. Biz 90-cı ildə müstəqilliyimizi əldə etmək istədik. Amma sovet rəhbərliyi müstəqilliyimizi istəmirdi, ona görə qoşunla insanlarımızın üstünə yeridi. Həm 20 Yanvar hadisələri zamanı, həm də ondan sonra - 1-ci Qarabağ Müharibəsində çoxlu şəhidlər verdik. Bu gün bütöv olan Azərbaycan üçün şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Allah müstəqilliyimizi əbədi etsin!”

20 Yanvar faciəsinin qurbanlarının – o müdhiş gecədə  dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulur. Hər il insanlar kütləvi şəkildə Şəhidlər Xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad edirlər. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürü, dövlətimizin düzgün siyasətinin nəticəsidir.

20.01.2021