XƏBƏRLƏR

Ölməz lider

Dahi şəxsiyyətlərin zəkası, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, qurucusu olduğu dövlətin həyatında əvəzedilməz rol oynayır. Belə şəxsiyyətlər arasında müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Dahi şəxsiyyətin hər anı mənalı və şərəfli keçən həyat yoluna nəzər salanda bu illərin arxasında xalqını irəli aparmaq üçün gecə-gündüz çalışan yorulmaz rəhbər, qəlbi ölkəsinin çiçəklənməsi, inkişafı eşqi ilə çırpınan ışıqlı insan, rəhbərlik etdiyi ölkənin adını dünya ölkələri sırasında görmək üçün mücadilələrdən yorulmayan siyasi lider, nəhayət, xalqının xoşbəxt gələcəyinə inanan əsil vətəndaş görürük.

Bu gün müstəqilliyimizin memarı, milli liderimiz Heydər Əliyevin anım günüdür. 17 ildir ki, o cismani olaraq aramızda yoxdur. Ölkəmizin bütün rayon və şəhərlərində, kənd və qəsəbələrində, eləcə də xarici ölkələrdə ümummilli liderimizin anım günü ehtiramla yad edilir. Tək 12 dekabrda deyil, adi günlərdə də insanlar Fəxri xiyabana gedərək ulu öndərin məzarını ziyarət edir, ruhu qarşısında hörmətlə baş əyirlər. Xalq öz xilaskarını unutmur. Bu tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusunun xalq və dövlət üçün gördüyü əvəzsiz xidmətlər bir daha faktlar və sənədlərlə qeyd olunur, dahi şəxsiyyətlə bağlı xatirələr səsləndirilir, ruhuna dualar oxunur...

Kaspi Liseyi mütəmadi olaraq ulu öndər Heydər Əliyevin ideyaları, fəaliyyəti və Azərbaycanın müstəqilliyi uğrunda ömrünün sonuna qədər apardığı mübarizə ilə bağlı müxtəlif səpkili tədbirlər keçirir.

Dahi liderin anım günü ilə bağlı Kaspi Liseyinin Bakıxanov filialının şagird və müəllim kollektivi tərəfindən “Ölməz lider” mövzusunda hazırlanan onlayn tədbir də bu yöndə ənənəvi tədbirlərin davamı oldu.  

Tədbirin rejissoru və ssenari müəllifi, liseyin sosial fəaliyyətlər üzrə mütəxəssisi Gülnarə Allahverdiyeva ulu öndərin doğum və anım günlərinə həsr olunan proqramların vaxtaşırı təşkil olunduğunu bildirdi: “Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Böyüyən nəsil belə liderləri tanımalı, onların ideyalarından güc almalıdır”.

Azərbaycan Himninin səslənməsindən sonra açıq elan edilən tədbirin aparıcısı, 8A sinif şagirdi  Cavid Əlizadə ulu öndər haqqında fikirlərini:  “O heç bir çərçivəyə sığmayan, xalqının, vətəninin xoşbəxtliyi və azadlığı uğrunda canından keçməyə hazır olan fədakar vətən oğlu idi. O sanki Azərbaycana ikinci nəfəsi verdi, vətənimiz çiçəkləndi”- deyə məhəbbətlə ifadə etdi.

Liseyin şagirdlərinin “Heydər Əliyev quruculuğu”, “O bu gün cismən yoxdur, lakin ruhən hər zaman bizimlədir”, “Əzəmətli Azərbaycanımız Heydər Əliyevin əməlləri ilə çiçəklənib”, “Məzarında rahat uyu, xalqımızın atası” və s. mövzularda çıxışları ulu öndərin zəngin və mənalı həyat yoluna sevgi və hörmətin, ruhu qarşısında əbədi borclarının təcəssümünə çevrildi.   

Liseyin direktoru Sahil Əliyev ümummilli liderin 1969-cu ildən Azərbaycana rəhbərliyə gəldiyi dövrdən həyatının sonuna qədər millətimiz və dövlətimiz üçün gördüyü əhəmiyyətli və vacib işlərdən konkret faktlarla danışdı. Ulu öndərin hakimiyyətdə olduğu illəri müxtəlif dövrlərə ayıraraq, hər biri haqqında geniş və əhatəli məlumatlar verdi.  S.Əliyev qeyd etdi ki,  ümummilli liderimiz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycanda dövlət idarəçiliyi sistemi tamamilə yenidən qurulmuş, vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin sürətlənməsi istiqamətində, əhalinin sosial-rifah halının yaxşılaşmasında, ordu quruculuğunda, iqtisadiyyat, təhsil və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirilib. Azərbaycanın dünya xəritəsində yeri və rolu möhkəmlənib, beynəlxalq aləmdə nüfuzlu aparıcı dövlətlərdən birinə çevrilib: “Ümummilli lider yenidən hakimiyyətə gəldikdən sonra xalqın birliyini təmin elədi. Diplomatik bacarığı ilə daxili çaxnaşmalara son qoydu.  İqtisadiyyatın  qaydaya salınması, ordu quruculuğu və s. istiqamətlərdə işlərə başladı. Həmin dövrdə qurduğu uzunmüddətli strateji planların nəticəsidir ki, bu gün şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün müddətində torpaqlarımızı işğaldan azad etdi. Bu, aparılan siyasətin nə qədər uğurlu olmasının göstəricisidir. Bu siyasətin bünövrəsini də ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər  həqiqətən Azərbaycana yeni bir nəfəs verdi, müasir Azərbaycanı yenidən qurdu. Biz müəllim və şagirdlərin vəzifəsi isə ulu öndərin açdığı bu yolla irəliləyərək Azərbaycan bayrağını daha da yüksəklərdə dalğalandırmaq üçün əlimizdən gələni etməkdir”.

 

Təhsil müəssisəsinin birinci direktor müavini Məhəmməd Nağıyev qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan üçün etdiklərini tam dərk etməkdən ötrü sovet hakimiyyəti illərindəki fəaliyyətinə nəzər salmaq lazımdır. M.Nağıyev ulu öndərin  Azərbaycan SSR-yə rəhbərlik etdiyi illərdə (1969-1982) qüdrətli dövlətə çevrilməsindən, Azərbaycan dövlətinin olduqca inkişaf etdiyini görən sovet rəhbərliyinin Heydər Əliyevə yaratdığı maneələrdən, ölkəsinin maraqlarını hər zaman öndə tutan ümummilli liderin 20 Yanvar faciəsi baş verərkən bu hadisəyə kəskin etirazından, faciənin dünyaya duyurulması istiqamətində gördüyü işlərdən danışdı: “Azərbaycan Respublikası müstəqil olandan sonra ölkənin başını qara buludlar aldı və o zamanın idarəçiləri bu qəliz siyasi vəziyyəti idarə etmək iqtidarında deyildilər. Bu  çıxılmaz siyasi vəziyyətdə Heydər Əliyev o zamanın idarəçiləri tərəfindən Bakıya rəsmən dəvət edildi. Bundan sonra Azərbaycanın qüdrətli dövlət kimi formalaşması başladı. Heydər Əliyev Azərbaycan Respublikasının iflic vəziyyətə gətirilmiş sahələrini yenidən quraraq daim inkişaf edən stabil dövlət formalaşdırdı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün mötəbər beynəlxalq qurumlar tərəfindən tanınması təmin edildi. Azərbaycan xalqı liderinin ətrafında tək yumruq tək birləşdi və bu yumruq günümüzdə dəmir yumruğa çevrilərək düşmənin üzərinə zərblə endirdi”. M.Nağıyev qeyd etdi ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyada “yenilməz” ordu kimi tanınan Ermənistan ordusunu bir neçə gündə məhv etdi. 30 il qurulan istehkamları rəşadətli ordumuzla  pərən-pərən saldı: “Buna yalnız iqtisadiyyatı, güclü ordusu olan və milli birliyə malik olan dövlət həyata keçirə bilərdi. Heydər Əliyev siyasi kursu Azərbaycanda mövcud olduğu müddətcə ölkəmiz yenilməz olaraq qalacaq və biz daha gözəl günlərin şahidi olacağıq”.

 

Tədbirdə şagirdlərlə hazırlanan “O, Heydər Əliyev idi...” adlı videoçarx nümayiş etdirildi. Şagirdlərin iştirakı ilə hazırlanan kliplər, ifalarında səslənən şeirlər, mahnı və kompozisiyalar ulu öndərin ruhuna böyük sevginin tərənnümü kimi səsləndi.    

Tədbir çərçivəsində 8-ci siniflər arasında “Rahat uyu, ulu öndər” adlı esse yarışmasının da yekun nəticəsi açıqlandı. Şagirdlərin “Ümummilli liderin arzusu yerinə yetdi”, “Rahat uyu, ulu öndər...”, “Torpaqlarımız azad oldu”, “İndi ulu öndər rahatdır”, “Parçalanmış Vətən torpaqları birləşdi” və s. mövzularda yazdıqları esselər ümummilli liderimizin əziz xatirəsinə hörmət və sevgi ifadə etdi. 8-ci sinif şagirdi Əhməd Quluzadə esse yarışmasının qalibi elan olundu.

Ulu öndərin zəfəri soraqlayan arzusu yerinə yetdi...

Ümummilli liderin siyasi davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız doğma Qarabağa qovuşdu. Ali Baş Komandanın Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı dediyi kimi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Rahat uyu, ulu öndər...

12.12.2020