XƏBƏRLƏR

Kaspi KİDS-in "Qarabağ Azərbaycandır!" töhfəsi

Doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan yurd yerlərimizə sonsuz sevginin, 30 illik həsrət və nisgilimizin, Vətən Müharibəsində şanlı qələbəmizin qüruru, şəhidlərimizin ölməz ruhu, qəhrəmanlarımızın şücaəti köçüb bu əsərlərə. Kaspi Hazırlıq Mərkəzinin Nərimanov filialında sərgilənən əl işləri və rəsm əsərlərindən ibarət bu nümunələr şirkətin Kaspi KİDS məktəbəqədər hazırlıq bölmələrinin müəllim və uşaqlarının fantaziyaları, ürəklərinin istisi, qəlblərinin duyğusu və sevgisi ilə ərsəyə gəlib. Hər bir əsər seyrçini qarşısında ayaq saxlamağa və düşünməyə sövq edir... 

Kaspi Hazırlıq Mərkəzinin hər il ənənəvi olaraq Kaspi KİDS qrupları arasında keçirdiyi “Payız” müsabiqəsinə bu il “Qarabağ Azərbaycandır!” adı ilə yekun vuruldu. Müsabiqənin final mərhələsinə həsr olunan tədbir torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Kaspi Hazırlıq Mərkəzinin Nərimanov filialının müəllimi Aysel Aslanova builki müsabiqənin Qarabağ mövzusuna, Vətən Müharibəsində şanlı qələbəmizə, görkəmli şəxsiyyətlərimizə, qəhrəmanlarımıza və şəhidlərimizə həsr olunduğunu diqqətə çatdırdı.

Kaspi Hazırlıq Mərkəzlərinin Baş direktoru Aydın Əliyev Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyevanın tədbir iştirakçılarına salamını və arzularını çatdırdı. A. Əliyev hər il  ənənəvi keçirilən müsabiqənin məqsədindən danışaraq əsasən uşaqların istedadını üzə çıxarmaq, onları vətənpərvərlik ruhunda böyütmək, ətraf aləmə, atributlarımıza sevgi aşılamaq, tariximizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərimizi və Milli Qəhrəmanlarımızı tanıtmaqdan ibarət olduğunu qeyd etdi: “Builki müsabiqəni “Qarabağ Azərbaycandır!” adı ilə təşkil etməyimiz təsadüfi deyil. Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və ordumuzun şücaəti ilə qazanılan şanlı qələbə hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Biz də təhsil müəssisəsi olaraq bu ilki müsabiqəni düşmən üzərində şanlı qələbəmizə həsr etməyi özümüzə borc bildik. Mövzuya uyğun əl işlərindən və rəsm əsərlərindən ibarət uğurlu layihə alındı.” A.Əliyev çıxışının sonunda bu tədbirin təşkilində əməyi olan hər kəsə, o cümlədən filial rəhbərlərinə - Abdulla Ömərov, Seymur Kazımov, Orxan İbrahimov, Rəşad İsmayılzadə və tədbirin ideya müəllifi olan “Kaspi” İnkişaf Layihələri və Bağçalar İdarəsinin rəhbəri Əli İsgəndərova da öz minnətdarlığını bildirdi.

Sərgidə nümayiş etdirilən rəsm əsərləri və əl işləri haqqında məlumat verən təşkilatçılar əsərlərin müxtəlif dənli bitkilərdən və materiallardan hazırlandığını diqqətə çatdırdılar. Belə ki, müəllim və şagirdlər qrup şəklində görkəmli şəxsiyyətlərinin portretini,  Qarabağın tarixi və mədəni abidələrini həm rəsm əsərləri üzərində, həm də əl işləri olaraq hazırlayıblar.

Tədbirdə iştirak edən Qarabağ qaziləri- Əhliyyət Mehdiyev və Ülvi Qədir sərgidə nümayiş etdirilən əsərlərdən məmnunluqlarını ifadə etdilər.

Qazi Ülvi Qədir çıxışında Vətən Müharibəsində Azərbaycan ordusunun tarix yazdığını vurğuladı: “Müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaət tarixə yazıldı. Bu qəhrəmanlıq böyüyən nəsil üçün əsil nümunədir. Onlar Vətəni sevməyi, onun uğrunda mübarizə aparmağı məktəbdə öyrənməlidirlər. Sevinirik ki, uşaqlara bu sevgi aşılanır. Onlar kiçik yaşlarından vətənpərvər ruhda böyüyür, qəhrəmanlarımızı tanıyırlar. Qarabağın müxtəlif guşələrinin, tarixi abidələrinin təsvir olunduğu, qəhrəmanlarımıza, dahi şəxsiyyətlərimizə həsr olunan əsərlər də bunu təsdiqləyir”.

Qazi Əhliyyət Mehdiyev 44 günlük müharibədə qazanılan qələbədə həyatından keçən igid əsgər və zabitlərin rəşadətini xatırladı: “Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçənlərin hər birinə borcluyuq. Şəhidlərimizin ruhu qarşısında hamımız baş əyirik. Onlar heç zaman unudulmayacaq”. Qazi Vətən mövzusunda keçirilən bu kimi tədbirlərin əhəmiyyətini də vurğuladı: “Hər birimiz gördüyümüz işlərlə şəhidlərimizin ruhuna, Qarabağımızın azadlığına öz töhfəmizi verməliyik. “Qarabağ Azərbaycandır!” müsabiqəsi də şanlı qələbəmizə layiqli töhfədir”.     

Tədbirdə nümayiş etdirilən rəsm əsərləri, o cümlədən müxtəlif materiallardan hazırlanan “Qarabağın qələbə açarı”, “Azərbaycanın gerbi”, “Azərbaycan xəritəsi”, “Bayrağımız” və s. əsərlər qonaqlara xoş təəssüratlar bəxş etdi.

Uşaqların ifasında rəqs nümunələri, Vətənə, Qarabağa, şəhidlərə həsr olunan şeirlər də maraqla qarşılandı.

Tədbirdə müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olundu.

Sonda xatirə fotosu çəkildi.

 

 

 

 

 

11.12.2020