XƏBƏRLƏR

Qalx, qalx, ulu bayraq!

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu ilin 17 noyabrında Prezident İlham Əliyev hər il 9 Noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm tarix kimi qeyd edilir. Bu bayram ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın təcəssümüdür. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Bu gün ən yüksək zirvələrdə, nüfuzlu təşkilatlarda dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin qüdrətini və xalqımızın milli birliyini nümayiş etdirir.

Bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunub. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış edib. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir Əli bəy Hüseynzadənin hələ ötən əsrin əvvəllərində irəli sürdüyü milli yaşam fəlsəfəsi- “Türkləşmək, müasirləşmək, islamlaşmaq” şüarına əsaslanıb.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunub.  

Hər xaman olduğu kimi bayrağımız bu gün də xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Bu gün Azərbaycanın hər bir yerində üçrəngli bayrağımız dalğalanır. Təcavüzkar ermənilərə qarşı apardığımız haqq savaşında işğaldan azad olunan yerlərdə ucaldılan bayrağımız düşmənə göz dağıdır.

Azərbaycan xalqı “Qarabağ Azərbaycandır!”- deyə müqəddəs bayrağımızın işğaldan azad olunan Hadrut, Murov yüksəkliyi, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Suqovuşan, Xudafərin körpüsü kimi tarixi ərazilərlə yanaşı,   Kəlbəcərdə, Xocalıda, Laçında, Xocavənddə və Qarabağın ürəyi olan Şuşada dalğalanmasını, işğaldan azad olunacaq bütün ərazilərin üçrəngli bayrağmıza bürünəcəyi günü həsrətlə gözləyir.

Kaspi Təhsil Şirkəti bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir!

 

06.11.2020