XƏBƏRLƏR

"Kaspi"nin 6 məzunu Prezident təqaüdü qazandı

2020-ci il oktyabrın 29-da 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
 
Qeyd edək ki, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi.
 
Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği sonradan bir neçə dəfə artırılıb. Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalanıb. Hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər dövlət tərəfindən diqqətdə saxlanılır. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək rolunu oynayır. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1739 nəfər 600 və daha yuxarı bal toplayaraq tələbə adını qazanıb.
 

Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərdən 59-u Bakıda yerləşən məktəblərin məzunlarıdır.

 
Sevindirici haldır ki, yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülən tələbələr

arasında Kaspi Təhsil Müəssisələrinin 6 məzunu:
1.Məsimov İsmayıl Cahangir oğlu (689),
2.Əmirova Aytac Rakif qızı (686),
3.Yusifzadə Cəvahir Əfəndi qızı (688),
4.Cəfərova Aytən Musa qızı (677,3),
5.Məlikov Anar Şaiq oğlu (670),
6.Miraləm Nərgiz Elşad qızı (662,3)
yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülüb.

 
Bütün Prezident təqaüdçülərini Kaspi Təhsil Şirkəti adından təbrik edirik!
03.11.2020