XƏBƏRLƏR

Məktəb kitabxanası – dünyaya açılan qapı

Uşaqlar kitabla daha çox məktəbdə - məktəb kitabxanasında tanış olurlar. Onları maraqlandıran sualların çoxu ilə bağlı materiallar uşaqların dünyanı tanımalarına, daha geniş məlumat əldə etmələrinə yol açır. 1999-cu ildə UNESKO-nun oktyabr ayının 22-ini Beynəlxalq Məktəb Kitabxanaları Günü kimi qeyd etmək təşəbbüsü də məhz bu məqsədə xidmət edib. 2005-ci ilin oktyabr ayından isə Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Piter Qenko bu tarixi rəsmiləşdirib.

Müasir məktəb kitabxanası sadəcə kitab kolleksiyası deyil, dünyanı şagirdlərə uyğunlaşdıran, əlçatan edən bir dünyadır. Bu baxımdan, oxucusunu yönəltmək, məlumat vermək, eyni zamanda onun şəxsi inkişafı və özünü dərk etməsi üçün ən yaxşı şərait yaratmaqdan ötrü kitabxana bütün fondlarından, elektron informasiya ehtiyatlarından istifadə etməlidir.

Kaspi Liseyinin filiallarında fəaliyyət göstərən kitabxanalar  bu istiqamətdə işini Kaspi Təhsil Şirkətinin ümumi iş prinsiplərinə uyğunlaşdırıb.

Liseyin Ağ Şəhər filialının kitabxanası ilə tanışlıq zamanı fondun daha çox dərs vəsaitlərindən ibarət olduğunu öyrəndik. Eyni zamanda,  şagirdlərin mütaliəsi üçün Azərbaycan, rus və ingilis ədəbiyyatı nümunələri və digər xarici ölkə yazıçılarının əsərləri ilə zəngindir. Kitabxananın rəhbəri Şahnaz Quliyeva məlumat verdi ki, dərsliklər hər yeni tədris ilinin əvvəlində geri alınmamaq şərti ilə şagirdlərə paylanır. Şagirdlərin dərslərə və imtahanlara hazırlaşmasında kitabxana böyük rol oynayır: “Onlar əsasən dərs kitablarına daxil edilən ədəbiyyatla maraqlanırlar. Kitabxanadan dərsliklər, əlavə ədəbiyyat əldə edir, məlumat toplayırlar. Şagirdlər dərs və imtahana hazırlıq müddətində Oxu zalından istifadə edirlər”.

Liseyin kitabxanasında bədii ədəbiyyat, uşaq ədəbiyyatı, xarici ədəbiyyat, şifahi xalq ədəbiyyatı, dünya ədəbiyyatı, nağıllar, mətbuat bölmələri var: “Şagirdlər asudə vaxtlarında mütaliə etmək üçün müxtəlif janrlarda ədəbiyyatla bağlı müraciət edirlər. Hər kəs öz yaşına və zövqünə uyğun əsərlə maraqlanır. İbtidailər nağıllara, yuxarı sinif şagirdləri Azərbaycan klassik ədəbiyyatına , fantastik və dedektiv janrlara üstünlük verir. İngilis və rus dilində dərsliklər və bədii ədəbiyyat nümunələri də şagirdlərin istifadəsindədir. Bədii ədəbiyyat şagirdlərə müddətlə verilir. Onlar oxumaq istədikləri kitabı həm zalda mütaliə edir, həm də 15 gün müddətinə evə aparmaqlarına icazə verilir. Lazım gəldikdə bu müddət uzadıla da bilir”.

Ş.Quliyeva bildirdi ki, kitabxananın xidmətlərindən liseyin bütün şagirdləri istifadə edirlər. Kitabxanada “Oxucular dərnəyi” fəaliyyət göstərir ki, burada oxu saatları və ibtidailər üçün nağıl saatları təşkil olunur: “Şagirdlərlə birlikdə bir kitabı seçir və onu mütaliə etdikdən sonra müzakirəsini aparırıq. Bəzi əsərlərdən hissələri səhnələşdiririk. Əgər həmin əsər əsasında film çəkilibsə onu birlikdə izləyirik. Qrup şəklində həm Azərbaycan, həm də rus dili bölmələri ilə işləyirik”.

Kitabxananın “Oxuyaq paylaşaq” bölümündə şagirdlərin oxuyub bitirdikləri və kitabxanaya hədiyyə etdikləri kitablar yer alıb. Belə ki, onlar oxuduqları kitabları digər yoldaşları arasında paylaşmaq üçün kitabxanaya bağışlayırlar. 14 fevral Kitab Bağışlama Günü isə bu addımı atmaq üçün onlara stimul verir.

Şagirdləri kitabxanaya cəlb etmək üçün kitabxana rəhbərliyi tərəfindən keçirilən tapmaca yarışmaları, inşa müsabiqəsi, “Öz qəhrəmanını canlandır” adlı illustrasiya yarışı və s. tədbirlər onların marağını əhatə edir.

Liseyin kitabxanasında müxtəlif əlamətdar günlər, bayramlarla bağlı tədbirlər, tanınmış yazıçı və şairlərlə görüşlər təşkil olunur.

Kitabxanada “Ən fəal oxucu” adlı mükafatlandırma keçirilməsi də nəzərdə tutulur: “Tədris ilinin sonunda kitabxana ilə fəal işləyən şagirdimizi mükafatlandırmağı nəzərdə tuturuq. Məqsədimiz şagirdlərin kitabxana ilə ünsiyyətini genişləndirmək, mütaliəyə maraqlarını artırmaqdır”- deyə direktor bildirdi.

Hal-hazırda liseyin kitabxanası informasiya texnologiyalarının inkişafını şagirdləri kitabxanaya cəlb etməyə kömək edən bir vasitə hesab edir. Bu baxımdan, kitabxana fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq istiqamətində qurmağa çalışır. Hazırkı koronavirus pandemiyası şəraitində şagirdlər daha çox kitabxananın elektron xidmətlərindən istifadə edirlər: “Bəzi uşaqlar canlı ünsiyyəti xoşlayırlarsa, bəziləri elektron vəsaitlərdən istifadə etməyə üstünlük verir. Onlara kitabların Pdf variantını göndəririk və müzakirələri də onlayn aparırıq”.

Liseyin kitabxanasının oxucuları ilə ünsiyyətinı möhkəmləndirmək üçün planları çoxdur. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qadağalar hazırda kitabxananın oxucuları ilə fəaliyyətini məhdudlaşdırıb. Ş.Quliyeva isə vəziyyətə optimist yanaşır: “İnanıram ki, tezliklə koronavirus infeksiyası ilə mübarizə öz bəhrəsini verəcək. Yenə də bütün sahələrlə bərabər təhsil müəssisələri də əvvəlki qaynar həyatına qayıdacaq. O zaman biz də öz oxucularımızla ünsiyyətdən zövq alacaq, fəaliyyət sferamızı genişləndirəcək və yeni istiqamətlər müəyyənləşdirəcəyik”.

 

22.10.2020