"Müəllim doğulmaq lazımdır"
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Şərqdə “MÜƏLLİM” sözünü böyük hərflərlə yazaraq peşəyə dərin hörməti ifadə edirlər. Həqiqətən əsil müəllim - bilik verən adi insan deyil, özünü bütünlüklə dərs dediyi şagirdlərə həsr edəndir, gecə-gündüz rahatlığın nə demək olduğunu bilməyəndir. Buna görə də müəllimlər fədakar əməklərinə görə ən səmimi hörmətə və təşəkkürə layiqdirlər.
Kaspi Liseyinin Ağ Şəhər filialının İbtidai siniflər üzrə direktor müavini Mahirə Hüseynovanın fikrincə, müəllim olmaq üçün müəllim doğulmaq lazımdır.
-Mahirə xanım, bəzən deyirlər ki, müəllimlik peşədən çox həvəsdir, istedad və qabiliyyətdir. Siz necə düşünürsünüz?
-Həqiqətən də belədir. Bir insanda doğulandan həyati bacarıqlar, bu sənətə sevgi varsa, o yaxşı müəllim olur. Öyrənməklə, hansısa kitabları oxumaqla yaxşı bir müəllim olmaq olur, ancaq öyrənməyi öyrətmək gərək daxildən gəlsin. İdarəetməni bilmək və qarşısındakı şagirdin səviyyəsinə enib onun kimi düşünməyi bacarmaq bir az fərqli istedaddır. Yəqin ki bunun üçün anadan müəllim doğulmaq lazımdır.
-Bu peşənin ən böyük çətinliyi nədir?
-Peşədə ən böyük çətinlik yəqin ki, fərqli ailələrdən gələn, müxtəlif tərbiyəli və səviyyəli şagirdlərə doğru yanaşmağı bacarmaqdır. Müəllimliyə gələnlər peşənin sirlərini müəllim ola-ola, kitabın, biliyin öyrətmədiyini təcrübəsində görə-görə, şagirdlərdən öyrənə-öyrənə qazanır. Metodika şagirdə nəsə öyrədir. 3-5 və ya 10 şagirddə bu alınır, bir neçə şagirddə isə alınmır. Nəticə əldə etmək üçün o şagirdin necə başa düşdüyü yolu seçib metodika olaraq artıq o yolla gedirik. Şagirdin anlaya, qavraya biləcəyi tərzdə düşünmək, sadə mexanizmi uşağın anlaya biləcəyi, rahat dildə onlara çatdırmağı bacarmaq peşədə olan çətinlikdir. Bu yalnız yaşla, təcrübə ilə gəlir. Bəs biz nə üçün deyirik ki, bir neçə il işləyib, bir neçə sinif buraxdıqdan sonra artıq müəllimliyin gizli sirlərini öyrənmiş oluruq...
-Müəllim-şagird-valideyn üçbucağını necə formalaşdırmaq lazımdır ki, uğurlu nəticələr əldə etmək mümkün olsun?
- Müəllim və məktəb birlikdə çalışanda bu, şagirdin xeyrinə olur. Valideynin qurduğu xəyalların nəticəsini görmək adətən ailənin birinci uşaqlarının məktəbə gəldiyi ilk illərdə bir az çətin alınır. Çünki valideyn beynində bir mexanizm qurur və ona uyğun öz övladını görmək istəyir. Bu həqiqətlə üst-üstə düşməyəndə valideyn bir az ruhdan düşür və reallıqla çətin barışır. Allahın, təbiətin analara verdiyi bir şəfqət hissi var ki, onlar övladlarında olan əsklikləri görür, hiss edir, sadəcə qəbul etmələri çətin olur. Məsələn, məktəbə gələn hər bir şagiridi valideyn birinci sinfə gətirəndə onu əlaçı görmək istəyir. Həqiqətlə qarşılaşanda bununla bir az barışmır. Müəllim-şagird-valideyn üçbucağının uğurlu alınması üçün müəllimin təcrübəsi onda olmalıdır ki, uşağının necə olduğunu belə valideynləri incitmədən, qırmadan çatdıra bilsin. Ailədə olan uşaqların hamısı eyni deyil. Əgər müəllim bunu ustalıqla valideynə çatdıra bilirsə, o da bunu ziyalılığın dərəcəsindən, dünyagörüşün səviyyəsindən asılı olaraq qəbul etməyi bacarırsa, o şagird müvəffəqiyyət qazanır. Valideyn övladının istedadının hansı istiqamətdə daha çox olduğunu biləndə və bunu qəbul etməyi bacaranda onda uşaq üçün hər şey rahat olur. Müəllimin qoyduğu tələb başqa, valideynin övladından görmək istədiyi tələb başqa olanda və bu bir prizmada üzləşməyəndə şagirdin işi çətin olur.
“Bu gün məktəbdən hökmən mənə 5 gətirməlisən”- tələbi ilə üzləşən şagird bir gün məktəbdən evə getməmək istəyə bilər. “Mən valideynimin istəyini yerinə yetirə bilmədim” deyə uşaqda ev qorxusu yaranır. Ancaq o prizmanın düzlüyünü qazananda şagirdin xeyrinə olur.
- Hazırda “müasir məktəb” modeli nümunəvi model kimi qabardılır. Sizcə ənənəvi məktəblə yeni modelin harmoniyası labüddürmi? Yoxsa yalnız yeni texnologiyalara əsaslanan müasir məktəbə doğru irəliləməliyik?
-Elə terminlər var ki, həm ənənəvi, həm də müasir məktəbdə var. Əgər bu indiyə qədər şagirdlərin xeyrinə olubsa, niyə onu davam etdirməyək? Təbii ki, bugünkü uşaqlar 10 və ya 20 il bundan əvvəlki uşaqlar deyil. İndi texnologiyanı dərindən bilən uşağa ağ-qara lövhədə tabaşirlə nələrisə izah eləməkdənsə, onların xeyrinə ola biləcək texnologiyalardan istifadə etmək daha məqsədəuyğundur. Bu heç də robotlaşma demək deyil. Texnologiya lazımdır, ancaq hər şeyi də texnologiyaya uyğunlaşdıraraq içdən gələn gözəl duyğuları, dədə-babadan gələn milli-mənəvi dəyərləri məhv etməyək, müasirliyi bu dəyərlərin üzərində quraq. Yəni yeniliyi quraq, amma köhnəliyi dağıtmadan quraq: köhnənin ən yaxşılarını götürək, bu günün tələblərinə uyğunlaşdırıb uşaqlara verək.
- Bu gün “onlayn təhsil” də tədrisimizdə yeni formatdır. Bu təhsilin avantajları nədir?
-Liseyimizdə keçirilən təhsil qarşıya qoyulan tələblərə uyğundur. Distant (məsafəli) təhsilə keçid pandemiya şəraitinə uyğun olaraq həyata keçirilir. Fikrimcə, bu qarşıda təhsilimizi irəlilədə biləcək metodlardan biri olacaq. Şagird hansısa tapşırıqları məktəbdə alıb, hansısa bilikləri, texnologiyaları bilərəkdən sərbəst qazana bilər. Düşünürəm ki, bu, məktəbin valideynlər qarşısında götürdüyü öhdəliyi daha da artırmağa imkan verəcək. Biz şagirdləri məktəbin rejiminə uyğun 6-7 saat parta arxasında otuzdururuq, bu, onların sağlamlığına da təsir edə bilir. Nə üçün şagird evə gedib dincələndən sonra hansısa dərslərə distant şəkildə qoşulmaslın? Bu, təhsilin xeyrinə ola biləcək bir metoddur. Əgər texnologiyalarla ayaqlaşırıqsa, onun yaratdığı bütün şəraitlərə uyğunlaşmağımız lazımdır.
-Liseydə çoxlu gənc müəllimlər çalışır. Yaxşı müəllim olmaq üçün onlara tövsiyələriniz nədir?
- Müəllimlik üçün tələb olunan xüsusiyyətlərin ən vacibi sevgidir. Əgər şagirdə, sənətə sevgi varsa, biliyini öyrətməkdə və paylaşmaqda çətinlik yoxdursa, onda müəllim olmağa dəyər. Türk dilində oxuduğum bir kitabda xoşuma gələn bir fikir vardı: Əgər cibindən dəsmalını çıxarıb qarşındakı şagirdin burnunu silə biləcək qədər özündə qabiliyyət bilirsənsə, onda müəllim olmağa dəyər. Əgər gənc müəllimlər də sevərək bu peşəyə gəliblərsə, onda peşənin bütün dərinliklərini öyrənməyə içəridən bir həvəs olacaq. Amma keçid balı toplayaraq təsadüfən gəlib bu sahəyə düşüblərsə, belə müəllimlərin işində bir qədər çətinlik yaranacaq. Ona görə ən əsası sevgidir- şagirdi, peşəni, Vətəni, milləti, milli adət-ənənləri sevmək lazımdır ki, qarşındakına ötürə biləsən. Biliklərini paylaşmada səndə paxıllıq hissi olmamalıdır. Hər şeyi öyrədib axırıncını da saxlamamağı bacarmaq, öyrətdiklərinlə, həyata buraxdıqlarınla qürur hissi duymaq lazımdır. Mən şagirdlərimi hər yerdə görəndə böyük qürur hissi keçirirəm. Sevinirəm ki, onların o səviyyəyə çatmasında az da olsa mənim də əməyim var. Yəqin müəllimlik bu deməkdir.
-Hazırda Azərbaycanla Ermənistan arasında şiddətli müharibə gedir. Böyüyən nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün müəllimlərin üzərinə hansı vəzifələr düşür?
-Əlbəttə, müəllim olaraq üzərimizə böyük vəzifə düşür. Torpaqlarımızın 20 faizi işğal altında olan bir ölkə üçün vətəndaşlıq tərbiyəsi çox vacibdir. Hazırda torpaqlarımız uğrunda gedən şiddətli döyüşlərdə ordumuz rəşadət göstərir, ərazilərimiz düşmən işğalından azad edilir. Suqovuşan, Cəbrayıl şəhəri və rayonunun bir neçə kəndi, o cümlədən yüksəkliklər, kəndlər düşməndən azad olunub. Biz indi hamılıqla bu sevinci yaşayırıq. Gənclər könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edirlər. Bu onlarda vətənpərvərlik hissinin yüksək olmasından xəbər verir. Hamı yekdilliklə “Qarabağ Azərbaycandır” deyir. Bəli, milli şüur ən birinci yerdə olmalıdır. Məktəb olaraq proqramımızın verdiyi icazədən əlavə, təhsilalanlarını milli ruhda böyütmək üçün məktəbin üzərinə ikiqat vəzifə düşür. Məktəbin məsuliyyəti bu dövrdə ikiqat artıqdır. Biz hər vasitə ilə bunu uşaqlara çatdırmalıyıq. Azərbaycan dili, Oxu, Ədəbiyyat dərslərində bu birbaşa məzmun xətti olaraq keçirsə, riyaziyyat, musiqi və ya əmək dərslərində də mövzundan tutub vətənpərvərlik, milli şüurun tərbiyəsinə doğru getməliyik ki, təhsilalanlar milli ruhda böyüsün.
- Məşhur bir deyim var: müharibədə atılan hər güllə bir ana qəlbindən keçir. Bir Qadın, bir ana olaraq gənclərimizə ürək sözləriniz nədir?
-Allah bütün övladları, əsgərlərimizi qorusun. Anaların elə bir duası olsun ki, övladlarını əmanət olaraq Vətənin müdafiəsinə göndərsinlər və o əmanətləri geri qayıtsın. Tezliklə hamımız birlikdə torpaqlarımızın düşmən işğalınadan azad olmasını qeyd edək, böyük QƏLƏBƏ sevincini yaşayaq!